
Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla təsis edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü, sadəcə bir tarixi hadisə deyil, 30 ildən artıq davam edən həsrətin sona çatmasının, minlərlə igidimizin qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin göstəricisidir.
Bu günün zəfərlə qeyd olunması, Ermənistanın və qondarma rejimin silahlı dəstələrinin məhv edilməsi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması ilə birbaşa bağlıdır. İllərlə düşmən əsarəti altında qalan torpaqlarımız, 2020-ci ilin Vətən müharibəsindən sonra və 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri nəticəsində tamamilə işğalçılardan azad edilərək tarixi ədalətin bərpa olunduğunu bütün dünyaya sübut etdi.
Prezident İlham Əliyevin 2023-cü ilin 15 oktyabrında Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağını ucaltması xalqımız üçün silinməz bir an olaraq gələcəyə yeni bir səhifə açdı. Dövlət başçısının “Bu gün tarixi bir gündür… Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı” cümlələri sadəcə bir nitq yox, bütün millətin ürəyindən qopan fərəh sədası idi. Bu, həm də Prezidentin 20 il əvvəl xalqa verdiyi vədin gerçəkləşməsi idi.
8 noyabr 2023-cü ildə Xankəndidə keçirilən hərbi parad isə tarixə qızıl hərflərlə yazılaraq sözün əsl mənasında elə tarixə keçdi. Zəfərimizin üçüncü ildönümünə həsr olunan bu tədbirdə Azərbaycan ordusunun gücü, xalqımızın birliyi və dövlətimizin əzəməti bütün dünyaya göstərildi. Ali Baş Komandanın çıxışında deyildiyi kimi: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı…” Bu sözlər Azərbaycan tarixində qalibiyyətin rəmzi kimi yaddaşlara həkk olundu.
İşğaldan azad edilmiş ərazilərdə təhsil və elm sahəsində mühüm addımların atılması, Xankəndidə Qarabağ Universitetinin yaradılması, təkcə ali məktəb quruculuğu deyil, həm də bölgənin gələcəyinə qoyulan sarsılmaz bir təməldir. Heç şübhəsiz, gənclərin Qarabağda təhsil alması, regionun sosial və iqtisadi inkişafına güclü töhfə verəcək, Qarabağda həyat bütün sahələrdə tam anlamı ilə bərpa olunacaqdır.
2023-cü ilin dekabrında Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik edilərək Ağdərə rayonunun yaradılması, mühüm qərarlardan biri kimi regionun idarə olunmasını asanlaşdırmaqla yanaşı, strateji əhəmiyyətin artmasına yol açdı. Həmin ilin dekabrında isə Qarabağın mərkəzi Xankəndidə 30 ildən sonra ilk dəfə futbol oyununun keçirilməsi tarixin təkrarlandığını göstərdi. Ağdamın “Qarabağ” komandası ilə Bakının MOİK komandası arasında baş tutan oyun, sadəcə idman yarışı deyil, Qarabağın yeni həyatının simvolu idi.
2024-cu ilin fevral ayın 7-də keçirilən növbədənkənar prezident seçkilerində İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Xankəndidə səs verməsi güclü və qalib xalqın lideri olduğunu bir daha sübut etmiş oldu. Xankəndiyə edilən növbəti səfərlərdə Novruz tonqalını alovlandırması, Qarabağ Universitetində görülən işlərlə tanışlıq, əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı; Xankəndi Konqres Mərkəzinin təməlqoyma mərasimi kimi anlar Xankəndinin hərtərəfli inkişafının gözlə görünən nümunəsidir. Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin açılışının baş tutması, Prezident İlham Əliyevin Xankəndi Dövlət Dram Teatrının binasında görülən işlərlə tanışlığı, həmçinin Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı təhsil və mədəniyyətin paralel olaraq inkişafı istiqamətində mühüm addımlar atıldığını göstərir. 2025-in ilk aylarından isə Xankəndi beynəlxalq ictimaiyyətdə diqqət mərkəzində olan şəhərlərdən biri olmağa başladı. “Bulud” hotelinin açılışı, Azərbaycan-Özbəkistanın birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq böyük maraqla qarşılandı.
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü və III Şuşa Qlobal Media Forumuna Xankəndinin ev sahibliyi etməsi Qarabağın sürətlə inkişafının canlı sübutudur.
Bu mənzərəni Xocavəndin, Xocalının və Ağdərənin timsalında da görmək mümkündür. 2021-ci ilin mart ayında Hadrud qəsəbəsində dövlət bayrağının qaldırılması, oktyabr ayında isə yeni məscidin, Hadrud yarımstansiyasının təməlinin qoyulması və dekabr ayında yeni hərbi hissənin istifadəyə verilməsi Xocavəndin həm mədəni, həm də iqtisadi-müdafiə həyatına yeni bir mərhələ qazandırdı. Quruculuq işləri sürətləndi: 5 may 2023-cü ildə Tuğ kəndində inzibati mərkəz və yaşayış məhəllələrinin təməlinin qoyulması, Hadrutda yeni məktəb layihəsinin təqdim edilməsi və “Hadrut” yarımstansiyasının açılması proseslərin ardıcıl və planlı şəkildə yerinə yetirildiyini göstərir.
26 fevral 2024-cü ildə Xocalı Soyqırımı Memorial abidəsinin təməlinin qoyulması və qurbanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi Xocalının ağır taleyini dünyaya yenidən xatırlatdı. Xocalıda bərpa işləri isə ardı kəsilmədən sürətlənməyə davam etdi: 28 may 2024-cü ildə 15 çoxmənzilli bina yenidən quruldu və ilk sakinlər şəhərə köçürüldü. 5 iyul 2024-cü ildə Prezident Xocalı hava limanı ilə tanış oldu. 2025-ci ilin fevralında Əsgəran qalası konsepsiyası təqdim edildi, Ballıca kəndində evlər bərpa edildi. 9 may 2025-ci ildə isə “Xocalı” yarımstansiyası və heyvandarlıq kompleksi istifadəyə verildi.18 iyul 2025-ci ildə kərpic zavodu və yeni təsərrüfat obyektləri istifadəyə verilməsi dirçəlişin, Cənab Prezident İlham Əliyevin 15 sentyabr 2025-ci ildə Badara və digər kəndlərin sakinləri ilə görüşlərin keçirilməsi isə dövlət başçısının xalqına olan ehtiramının ifadəsidir.
Prezidentin xüsusi diqqətdə saxladığı Ağdərə rayonunda da quruculuq işləri sürətlə davam edir. 18 mart 2025-ci ildə Sərsəng su anbarından Umudlu kəndinə gedən avtomobil yolu istifadəyə verildi, Suqovuşanda yeni yaşayış kompleksi açıldı ve yeni məscid istifadəyə verildi. Nəticədə köçkünlər illər sonra doğma yurdlarına qayıtdılar. 21 avqust 2025-ci ildə Prezident İlham Əliyev Kolatan kəndində evlərin və infrastrukturun bərpası ilə tanış oldu, Vəngli və Kolatağ sakinləri ilə görüşdü.
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə təkcə azad edilmiş şəhərlər deyil, həm də milli qürurun, mübarizənin və qalibiyyətin simvollarıdır. 20 sentyabrın qeyd olunması isə gələcək nəsillərə ötürüləcək böyük bir dərsdir.
Qarabağ artıq əbədi Azərbaycandır!
Ramin Əmrahov – Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı,
Qərbi Azərbaycan İcmasının Bərdə nümayəndəliyində Gənclərlə iş üzrə məsul şəxs.