“20 Yanvar gənclərin gözü ilə” adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nəriman Nərimanovun xatirə muzeyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar gənclərin gözü ilə” mövzusunda anım tədbiri keçirilib. Əvvəlcə Şəhidlər xiyabanı ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb. Tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Muzeyin böyük elmi işçisi İradə Əliyeva bu faciənin xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmasından, sovet imperiyasının hərb maşınının həyata keçirdiyi bu vəhşi terror aktının bəşər tarixinə ən ağır cinayətlərdən biri kimi daxil olmasından danışıb.
Tədbir ADPU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun və Gənclər Təşkilatı üzvlərinin çıxışları, təqdimatları ilə davam edib. İştirakçılar 20 Yanvar hadisələrinə dair düşüncələrini bölüşərək, həmin günün Azərbaycan tarixindəki əvəzsiz yerindən bəhs ediblər.
Muzeyin direktoru Ləman Hüseynova çıxış edərək belə tədbirlərin keçirilməsinin gənclər arasında tarixi yaddaşın qorunması və milli-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Tədbir iştirakçıları 20 Yanvar faciəsinin acı tarixini özündə əks etdirən müxtəlif foto, sənəd, qəzet, jurnal materiallarından ibarət sərgi ilə tanış olublar.
“Azərbaycan”