
LIVEPRESS.MEDIA xarici KİV-ə istinadən xəbər verir ki , qanunsuz ağac kəsməklə məşğul olan Kaluqa vilayətinin sakini üç meşəçini öldürüb, xidməti avtomobili yandırıb, sonra isə intihar edib. Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə yaydığı məlumatda bildirilir .
İdarədən verilən məlumata görə, Kuybışev meşə təsərrüfatı idarəsinin əməkdaşları yanvarın 28-də ağacların qanunsuz kəsilməsi faktını aşkar ediblər. Hadisənin baş verməsinin səbəblərini müəyyən etmək üçün yanvarın 29-da günorta saatlarında “Qazel” markalı avtomobillə Usohi kəndinə gediblər.
Prokurorluğun məlumatına görə, hücum edən şəxs həbs zamanı müqavimət göstərib və tapançadan atəş açıb. Meşə təsərrüfatının 3 əməkdaşı aldığı güllə yaralarından hadisə yerində ölüb. Hücum edən şəxs xidməti avtomobili də yandırıb.
“Ehtimallara görə, qanunsuz ağac kəsməkdə şübhəli bilinən yerli sakin 3 meşə təsərrüfatı əməkdaşını öldürüb və xidməti avtomobili yandırıb”, – idarənin məlumatında deyilir.
Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşanın sözlərinə görə, qanunsuz ağac kəsən şəxs iki nəfəri girov götürüb. Onlar polis əməkdaşları tərəfindən buraxılıblar, onların sağlamlıqları üçün heç bir təhlükə yoxdur.
“Saxlanılan zaman cinayətkar müqavimət göstərib və insanları girov götürüb. Təəssüf ki, üç meşəçi ölüb”, – Şapşa Teleqram kanalında yazıb.
Qubernator əlavə edib ki, hadisədən sonra kişi intihar edib.
İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb. Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir.