
“Hər şeyi bloklayın”: Fransada kütləvi etirazlar
Fransızların 64 faizi Makronun
istefasını istəyir
Fransada çərşənbə günü səhər tezdən Bloquons Tout
(“Hər şeyi blokla”) hərəkatının təşkil etdiyi etirazlar başlayıb.
Etirazçılar magistral yolları bağlayıb, dəmir yolu nəqliyyatını dayandırıblar.
Səlahiyyətlilərin məlumatına görə, onlarla nümayişçi həbs edilib, ölkə daxilində
təhlükəsizlik qüvvələri yerləşdirilib.
Daxili işlər naziri Bruno Retayyo jurnalistlərə
bildirib ki, 6 minii Parisdə olmaqla, ölkə üzrə 80 min təhlükəsizlik qüvvəsi
yerləşdirilib. Fransa mediası nümayişlərdə 100 minə qədər insanın iştirak edəcəyini
proqnozlaşdırıb.
Nazirin dediyinə görə, artıq 200-ə yaxın adam
həbs edilib. Minlərlə nümayişçi yanğın törətməyə, istehkamlar qurmağa və
Avropanın ən işlək şəhər magistralı olan Paris dairəvi yolunu bağlamağa çalışıb.
Prefektura çərşənbə günü səhər saatlarına qədər Paris bölgəsində 95, ondan kənarda
isə 8 nəfərin həbs edildiyi barədə məlumat yayıb.
Retayyo, təxminən 50 kapüşonlu şəxsin Bordoda
nəqliyyatın qarşısını almağa çalışdığını, Tuluzada isə kabel yanğınının şəhərlə
Fransanın cənub-qərbindəki Oşem arasında
nəqliyyatın hərəkətini dayandırmasına səbəb olduğunu, lakin tez bir zamanda
söndürüldüyünü bildirib.
Etirazçılar Parisdə Place de la Nation
yaxınlığında yanan zibil qutuları barrikadası qurub, nəqliyyatın hərəkətini
dayandırıblar və bir neçə toqquşmadan sonra polis onlara qarı gözyaşardıcı
qazdan istifadə edib.
Gecə saatlarında da paytaxtda ayrı-ayrı
etirazlar olub, lakin nazir təfərrüatları açıqlamayıb. Paris polisi 75 nəfərin
həbs edildiyini bildirsə də, onların harada və nə üçün tutulduqları barədə heç
bir təfərrüat verməyib.
Avtomobil magistralları operatoru Vinci,
Marsel, Monpelye, Nant və Lion da daxil olmaqla, Fransa boyu avtomobil
yollarında etirazlar və pozuntular olduğunu bildirib.
Fransanın dövlət dəmir yolu operatoru SNCF
xüsusilə regional TER və Intercités qatarlarında xidmətlərdə fasilələr gözləyir.
TGV yüksək sürətli qatar şəbəkəsinin etirazlardan təsirlənəcəyi gözlənilmir.
Qurumdan verilən məlumata əsasən, “iki zərərli
hərəkət” gecə ərzində Fransanın cənubunda bəzi qatarların hərəkətini bloklayıb.
SNCF bildirib ki, cənub-qərb Lot-et-Garonne
bölgəsindəki Marmande və Agen arasında iki “kabel nasazlığı” tapılıb,
bu da “Bordo və Tuluza arasında dəmir yolu əlaqələrinin pozulması ilə nəticələnib”.
Tuluza şəhəri yaxınlığındakı Kolomyedəki başqa bir nasazlıq da xidmətləri
dayandırıb.
“Hər
şeyi bloklayın” hərəkatı bu yay sosial mediada populyarlıq qazanıb və artıq
2018-ci ildə yanacağın qiymətlərinin artmasına etiraz etməyə başlayan, lakin
qısa zamanda prezident Emmanuel Makronun iqtisadi islahatlarına qarşı daha
geniş etiraz hərəkatına çevrilən “sarı jiletlilər”lə müqayisə edilib. Fəallar
hesab edirlər ki, Fransa siyasi sistemi artıq öz təyinatına cavab vermir.
Təhlilçilər hərəkatın sağçı qruplar arasında
başladığını, lakin o vaxtdan bəri sol və ifrat solçular tərəfindən əhatə
olunduğunu deyirlər.
Nümayişlər çətin ki, Fransada siyasi gərginliyin
azaldılmasına kömək etsin – parlament cəmi iki gün əvvəl baş nazir Fransua
Bayruya etimadsızlıq səsverməsini qəbul edib və onu istefaya göndərib. Çərşənbə
axşamı Makron 39 yaşlı Sebastien Lecornunu iki ildən az müddətdə beşinci baş
nazir təyin edib.
Lecornu Makronun müttəfiqidir və sələfi
Fransua Bayrunun büdrədiyi problemi həll etməli olacaq: bu ilin əvvəlinə 3,3
trilyon avroya çatan və ölkənin ÜDM-nin 114%-ni təşkil edən Fransanın artan
dövlət borcunu azaltmaq.
Yelisey sarayının bəyanatında deyilir ki,
Lekornuya Fransanın növbəti büdcəsini təsdiqləmək üçün siyasi partiyalarla məsləhətləşmələr
aparmaq tapşırılıb.
Onun təyinatı mərkəzçilər tərəfindən müsbət
qarşılanıb. Marin Le Penin sağçı “Milli Birlik” də hələlik yeni baş nazirlə əməkdaşlığa hazır
olduğunu açıq şəkildə ifadə etdi.
Lakin radikal solçu “Yenilməyən Fransa”
partiyasından Jan-Lük Melanşon Lecornunun təyinatından razı deyil: o, heç nəyin
dəyişmədiyinə və Makronun prezidentlikdən getməsinin vaxtı olduğuna əmindir, və
artıq xəbərdarlıq edib ki, onun partiyası yeni hökumətə etimad məsələsini səsverməyə
çıxaracaq.
The Spectator jurmalı yazır ki, Fransa getdikcə
daha çox siyasi qeyri-sabitliyə qərq olur, ölkənin beynəlxalq nüfuzu isə Makronun
səlahiyyət müddətinin hər keçən günü sürətlə aşağı düşür.
Elab mərkəzinin
keçirdiyi son sorğuya görə, fransızların 64 faizi Makronun istefasını istəyir.
“Le Figaro” yazır ki, yerli vaxtla saat 15:30-a
(Bakı vaxtı ilə 17:30) olan məlumata görə, Fransada 200-dən çox, o cümlədən
Paris və ətraf rayonlarda 159 nəfər həbs edilib.
“Bu, sivil səfərbərlik deyil. Hərəkətləri
“Yenilməyən Fransa” hərəkatının dəstəklədiyi
ekstremist və ifrat sol qruplaşmalarhəyata keçirir. Bu, xüsusilə iş şəraiti və
metodları ilə bağlı çox aydındır”, – istefa verən daxili işlər naziri
Bruno Retayyo bildirib.
Rizvan
CƏFƏROV,
“Azərbaycan”