
Bir xalqın milli kimliyini təşkil edən əsas atributlardan biri məhz onun suverenliyidir. Suverenlik anlayışının hərfi mənası dövlətin daxili və xarici siyasətində tam müstəqilliyi, öz ərazisi üzərində ali hakimiyyət sahibi olması və başqa dövlətlərdən və beynəlxalq qurumlardan asılı olmadan qərarlar qəbul etməsi deməkdir. Azərbaycan xalqı tarixən suverenlik uğrunda böyük mübarizələr aparmışdır. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi suverenlik prinsiplərini elan etmişdir. 1991-ci il 18 oktyabrda qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” isə xalqımızın əsrlərlə arzuladığı suverenliyi bərpa etdi. Lakin həmin dövrdə ölkəmiz ciddi çətinliklərlə üz-üzə qaldı: siyasi böhran, iqtisadi tənəzzül, torpaqlarımızın işğalı və separatizm təhlükəsi suverenliyimizi sual altına qoymuşdu. Bu çətin illərdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas etdi, suverenliyimizi möhkəmləndirdi və onu dönməz prosesə çevirdi. Onun rəhbərliyi ilə qəbul edilən 1995-ci il Konstitusiyası Azərbaycan Respublikasının suverenliyinin hüquqi əsaslarını təsbit etdi.
Konstitusiyamızın I fəslinin 2-ci maddəsi “Xalqın suverenliyi” adlanır. Maddədə deyilir:
- Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.
- Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 dekabr 2024-cü il tarixli sərəncamında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsini təsdiqləmişdir. Sərəncamda Vətən müharibəsində qazandığımız şanlı qələbənin 5-ci və Konstitusiyamızın qəbulunun 30-cu ildönümü nəzərə alınmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş və cəmi 23 saat davam etmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Ölkə Prezidenti tərəfindən bu tarixi gün – “20 Sentyabr – Dövlət Suverenliyi Günü” kimi təsis edilmişdir.
Cənab İlham Əliyev sərəncamında qeyd edir:
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik və dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimiz xalqımızın milli sərvətidir.”
Bəli, bizim suverenliyimiz bizim nailiyyətimiz və qürurumuzdur. Suverenlik hər bir dövlətin ən böyük dəyəri, xalqın milli kimliyinin təminatıdır. Onu qorumaq və möhkəmləndirmək hər bir vətəndaşın müqəddəs borcudur. Çünki yalnız suveren və güclü dövlət müstəqil qərarlar qəbul edə və gələcəyini azad şəkildə qura bilər.
Fəridə Süleymanova – Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi.