
Müstəqillik uğrunda mübarizənin rəmzi sonu
Azərbaycan Konstitusiyası qəbul edilərkən dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq altı ali niyyətdən biri kimi müəyyən olunub. Lakin daha öncədən, yəni müstəqillik əldə edildikdən sonra 1993-cü ilə qədərki hakimiyyətlərin səbatsızlığı və xəyanətkar mahiyyəti ucbatından Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin təcavüzə məruz qalması, nəticədə beynəlxalq hüququn normalarını, BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirən Ermənistanın hərbi gücdən istifadə etməklə ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ildən çox işğal altında saxlaması, Qarabağ və Şərqi Zəngəzurun viran qoyulması, işğal altındakı bölgəmizin təbii resurslarının talan edilməsi, tarixi, dini, mədəni abidələrin vandallıqla dağıdılması, 30 ilə yaxın davam edən danışıqların dalana dirənməsi sonrakı dövrlərdə bu ali konstitusion niyyətimizin realizəsi qarşısında əngələ çevrilmişdi.
Nəticədə qeyd olunan qəbuledilməz vəziyyət, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir. Lakin Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin 30 ildən artıq bir dövrdə işğal altında qalması, özünü beynəlxalq ictimaiyyət adlandıran bir sıra beynəlxalq subyektlərin Ermənistanın bu işğal və təcavüz siyasətinə dəstək verməsi də uzun bir dövr ərzində dövlətimizin özünün beynəlxalq hüquqla tanınan bütün ərazilərində suveren haqlarının bərpası üçün maneə kimi çıxış etmişdir. Belə bir situasiya işğalçı Ermənistanı yeni cinayətlərə təşviq etmiş, bu ölkə əvvəlki periodda olduğu kimi, sonrakı dövrlərdə də azərbaycanlılara qarşı etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər törədərək, habelə işğal altında olan ərazilərimizi kütləvi olaraq minalayaraq problemi daha da dərinləşdirmişdi. Əlbəttə, situasiya ölkəmizin lehinə deyildi, lakin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncamında da ifadə edildiyi kimi, tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir.
1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin ölkədə cərəyan edən təhlükəli proseslərin qarşısını alması, ictimai-siyasi sabitliyin təmin edilməsinin müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratması, cənab İlham Əliyevin isə Ulu Öndər siyasi kursunun layiqli varisi kimi siyasi müstəqilliyi gücləndirməsi, iqtisadi müstəqilliyə tam nail olması, güclü ordu və müdafiə sənayesi quruculuğu, azərbaycançılıq ideologiyası ətrafında tam milli birliyə nail olması, vətənə bağlı, milli təfəkkürlü gənc nəslin yetişməsi vəziyyəti köklü surətdə dəyişdi.
Azərbaycanın güc, nüfuz və imkanlarının artdığı bir şəraitdə 7 il öncə Ermənistanda hakimiyyət dəyişikliyi və hazırkı iqtidarın Köçəryan-Sarkisyan cütlüyünü hakimiyyətdən kənarlaşdırması Bakı-İrəvan dialoqunun praqmatik əsasda qurulmasına ümid yaratsa da, 2018-ci ildə dəyişən Ermənistan hökuməti münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində nəinki hər hansı ümidverici addım atdı, əksinə, yeni müharibə və yeni torpaqlar tezisini irəli sürərək Azərbaycanın sülh təkliflərini rədd etdi, danışıqlara sıfırdan başlayacağını bəyan etməklə Serjik-Köçəryan qaniçən rejiminin ənənələrini rəhbər tutaraq müzakirələri uzatmaq taktikasına üstünlük verdi. Daha sonra isə Ermənistanın Baş naziri bir az da irəli gedərək Xankəndidə “Qarabağ Ermənistandır, nöqtə” deməklə danışıqları birdəfəlik sonlandırdı. Təbii ki, Azərbaycan bu status-kvo ilə barışa və İrəvanın artan ambisiyalarına laqeyd qala bilməzdi. Lakin cənab İlham Əliyev yenə də müharibə arzulamır, güclü ordu quruculuğu və artan döyüş ruhuna baxmayaraq, hələ də dinc həll yoluna üstünlük verməyə çalışırdı.
Ermənistan isə Bakının sülh və dialoqa sadiqliyini, o cümlədən münaqişələrin həlli üsulu kimi müharibələri rədd etməsini zəiflik kimi dəyərləndirərək heç bir real əsasa söykənmədən işğal miqyasını genişləndirmək iştahına düşdü və bu ölkənin 2020-ci il sentyabrın 27-də başlatdığı II Qarabağ müharibəsi məhz həmin iddiaların praktik realizəsi idi. Lakin Azərbaycan artıq 1990-cı illərin əvvəllərində başsız, milli iradə tərəfindən idarə olunmayan zəif bənd deyildi və Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına ölkəmizin Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında verdiyi cavab yeni bir dövr başlatdı. 44 gün davam edən müharibədə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunu darmadağın etməsi, tarixi Zəfəri ilə işğal altındakı ərazilərinin böyük bir hissəsinin azad olunması, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələrinin hissələrinin isə strateji yüksəkliklərə nəzarət etmələrinə baxmayaraq, bir güllə atmadan kapitulyasiyanın nəticəsi olaraq 2020-ci ilin sonuna qədər ərazidən çəkilməyə məcbur edilməsi qələbəmizə siyasi çalar qatdı. Beləliklə, Azərbaycan hərbi-siyasi zəfər qazanmaqla torpaqlarını 30 illik işğaldan azad edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirib beynəlxalq hüququn ümumtanınmış normalarının aliliyini təmin etdi. Lakin narahatlıq yaradan məqamlar davam edirdi və bu qəbildən olan hallardan biri imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcud olması idi. Halbuki üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərk-silah edilməli idilər.
Azərbaycan işğala məruz qalan tərəf olsa da, Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün 3 il müddətində əlindən gələni etdi. Lakin müharibədən sonra kifayət qədər ehtiyatlı davranan Ermənistan kapitulyasiya şərtlərinə əməl etməyə məcbur qalsa da, sonrakı dövrdə, xüsusən Fransa başda olmaqla, avrostrukturların, habelə ABŞ-nin demokratlar iqtidarının dəstəyi ilə öhdəliklərindən yayınmağa, Azərbaycanın hələ də nəzarəti tam bərpa etmədiyi Qarabağ bölgəsindən və orada hökm sürən separatizmdən ölkəmiz əleyhinə rıçaq kimi istifadə etməyə başladı. Bu çərçivədə Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi Azərbaycanın səylərinə və təşəbbüslərinə baxmayaraq, heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəməməklə qeyri-konstruktiv davranışlar sərgilədilər. Bu, açıq formada dövlətin əsas xüsusiyyəti hesab edilən və dövlətin üstün və qeyri-məhdud səlahiyyətlərində ifadə olunan suverenliyinə təhdid idi və BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qəbuledilməz status-kvoya gətirib çıxarmışdı. Üstəlik, Azərbaycan və Ermənistan arasında imzalanan 10 noyabr sənədinə əsasən, Ermənistan və qondarma Dağlıq Qarabağ arasında sosial problemlərin həlli məqsədilə Azərbaycan ərazisindən – Laçın üzərindən keçən humanitar dəhliz separatçılara silah və sursat daşınan marşruta çevrildi. Digər tərəfdən, qlobal himayədarlarına güvənən ermənilər mütəmadi olaraq təxribatlar törətməklə yeni müharibə təhlükəsi yaradaraq regionda bəşəri dəyərləri ciddi şəkildə təhdid etməyə başlamışdı. Nəticədə Azərbaycan daha bir qətiyyətli addım ataraq 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratmaqla suveren hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində ən ciddi addımlarından birini ataraq İkinci Qarabağ müharibəsində Ağdam, Laçın və Kəlbəcərdə olduğu kimi, sonra bir güllə belə atmadan növbəti tarixi nailiyyətə imza atdı. Bu, cənab İlham Əliyevin Azərbaycan xalqı və dövlətçilik qarşısında növbəti misilsiz qətiyyət nümunəsindən ibarət yeni tarixi xidməti idi. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beynəlxalq aləm tərəfindən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini təmin edərək ərazi bütövlüyünün bərqərar olunmasına nail oldu. Lakin yenə də Ermənistanın və havadarlarının dəstəyinə güvənən separatçılar nəinki vəziyyəti doğru qiymətləndirmək istəmədi, əksinə, humanitar böhran şousu yaradaraq Azərbaycan əleyhinə təzyiq mühiti formalaşdırmağa, o cümlədən bölgədə silahlı təxribatları və müharibə cinayətlərini intensivləşdirməyə üstünlük verdilər. Məhz bu təxribatların növbətisi nəticəsində xidməti vəzifələrini yerinə yetirən polislərimizin həyatını itirməsi ölkəmizin səbrini daşırdı.
Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında növbəti dəfə döyüşə girən qəhraman ordusu 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə qətiyyətli əks həmlə və peşəkarlıqla həyata keçirilən antiterror tədbirlərinə başlayaraq bir neçə saatlıq hərbi əməliyyatla qarşısındakı bütün vəzifələri yüksək dəqiqliklə yerinə yetirdi. Prezident İlham Əliyevin ötən il sentyabrın 20-də Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündəki çıxışında da ifadə etdiyi kimi: “Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi”. Beləliklə, o zaman, cəmi 23 saat öncəyədək təhdid dili ilə danışan qondarma rejimin antiterror əməliyyatlarının gedişindəcə özünü buraxdığını elan etməsi ilə Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Beləliklə, Azərbaycan Respublikası hakimiyyətin aliliyi və nəzarət funksiyasını tam şəkildə bərpa etməklə öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və öz coğrafi ərazisində suverenliyi olan bir ölkə kimi yeni inkişaf dövrünə qədəm qoydu. Bu reallıq Azərbaycanın dövlətçilik tarixində müstəsna əhəmiyyətə malikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix – Dövlət Suverenliyi Günü təsis edildi və bu hüquqi akt Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir.
Sirr deyil ki, özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Dövlətimizin başçısının ifadə etdiyi kimi, “Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir”. Bu baxımdan Dövlət Suverenliyi Günü – Azərbaycanın mövcudluğunun və institusional davamlılığının təmininin ifadəsi, müstəqillik və dövlət quruculuğu tariximizin cənab İlham Əliyevin imzası ilə formalaşan şərəf səhifəsidir. Məhz İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Silahlı Qüvvələrinin zəfərləri ilə əleyhimizə formalaşan status-kvo köklü şəkildə dəyişmiş, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması ilə nəticələnən antiterror tədbirləri şanlı tariximizə Azərbaycan Respublikasının bütün ərazilərində konstitusiya quruluşunun bərpa edilməsi tarixi kimi düşmüş oldu. Azərbaycan əleyhinə müxtəlif platformalarda çoxsaylı qarayaxma kampaniyaları və hücumlara baxmayaraq, cənab İlham Əliyevin qətiyyəti və ordumuzun gücü hesabına Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq Qarabağ iqtisadi rayonunda tam şəkildə suveren haqlarını bərpa etməklə, həm də bütövlükdə bölgə üçün yeni bir səhifə açmış oldu. Belə ki, regionda və regiondan kənarda separatizmdən, terrorçuluqdan əziyyət çəkən qlobal subyektlər Azərbaycanın effektiv mübarizə formuluna ustad dərsi kimi baxmağa və haqlı olaraq nəticə çıxarmağa başladılar. Dövlətimizin başçısı Azərbaycan ərazilərində separatizmə son qoymaqla ölkəmizin suverenliyini tam şəkildə bərqərar edib və bu gün artıq Xankəndi başda olmaqla, Qarabağ iqtisadi rayonunun hər bir guşəsində digər beynəlxalq hüquqla tanınan ərazilərimizdə olduğu kimi, Azərbaycanın üçrəngli bayrağı əzəmətlə dalğalanmaqdadır. Bir zamanlar vandalizm nəticəsində xarabazara çevrilən Qarabağ və Şərqi Zəngəzura yenidən həyat qayıtmaqdadır. Möhtərəm Prezidentin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” müəyyənləşərkən işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış 5 milli hədəfdən biri kimi müəyyən edilib. Cənab İlham Əliyev hesab edir ki, qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Eyni zamanda dövlətin mövqeyi ondan ibarətdir ki, işğaldan azad olunmuş ərazilərimizə Böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Azərbaycan dövləti öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasına qələbənin əbədiləşdirilməsi vasitələrindən biri kimi baxır. Məhz bu siyasətin rəhbər tutulmasının nəticəsidir ki, daşı daş üstə qalmamış Qarabağ və Şərqi Zəngəzurda cəmi 5 il ərzində artıq 55 mindən çox vətəndaşımız ən müasir standartlara uyğun şəraitlə təmin olunmuş yaşayış məskənlərinə köçüb, proses isə davam edir. Dövlət başçımız tez-tez həmin bölgələrdə səfərdə olur, işlərin gedişini, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmasını şəxsən nəzarətdə saxlayır. Qarabağ, Şərqi Zəngəzur tarixinin heç bir dövründə bu qədər intensiv, müasir quruculuq prosesinə şahidlik etməyib. Artıq əminliklə deyə bilirik ki, işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən prinsipial quruculuq-bərpa prosesi, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verməklə yanaşı, bütövlükdə Cənubi Qafqazda dayanıqlı inkişafa mühüm töhfə olacaq. Bu situasiya, o cümlədən işğaldan azad olunmuş ərazilərin potensialından düzgün istifadə edilməsinin bütövlükdə ölkədə iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verməsi, suverenliyin güclənməsi milli maraqların ifadə olunduğu pozitiv dinamikanı qoruyub saxlamasına birmənalı müsbət təsirini göstərməkdədir. Dövlət suverenliyimizin bərqərar olunmasının ikinci ildönümündə, paralel olaraq dayanıqlı sülhə tam yaxınlaşdığımız bir məqamda, daha əminliklə deyə bilirik ki, artıq dövlət suverenliyimizin tamlığı, ərazilərimizin bütövlüyü, sərhədlərimizin isə toxunulmazlığı əbədidir.
Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı