
ABŞ dövlət katibi Rusiyaya qarşı yeni sanksiyalarla bağlı sualı cavablandırıb
Avropa ölkələri Rusiya neftini aldığı müddətdə ABŞ Moskvaya qarşı yeni tədbirlər görməyə meyilli deyil.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib. Rubionun sözlərinə görə, ABŞ administrasiyası əlavə sanksiyalar tətbiq etməzdən əvvəl Avropa bunu etməlidir. Avropa Vaşinqtondan yeni tədbirlər görməyi tələb edir, lakin elə Avropa ölkələri var ki, hələ də Rusiyadan böyük həcmdə neft və təbii qaz alırlar.
Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni bildirib ki, Rusiya lideri Vladimir Putinə təzyiqləri əhəmiyyətli dərəcədə artırmaq üçün Qərb Rusiyaya qarşı tezliklə təkrar sanksiyalar tətbiq etmək istəyir. O, həmin sanksiyaların inanılmaz dərəcədə güclü ola biləcəyini vurğulayıb.