
I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbi üçün mühüm platformadır
“Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir”.
Sentyabrın 22-də I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizin sülh istiqamətində göstərdiyi qətiyyət öz uğurlu bəhrələrini verir. Onilliklər boyu münaqişə, müharibə zonası olan Cənubi Qafqazda geniş coğrafiya üçün iqtisadi əlaqələrin və çoxşaxəli əməkdaşlığın qurulması üçün artıq mühüm zəmin formalaşıb. Strateji mövqedə yerləşən, zəngin təbii sərvətlərə, ənənəvi və qeyri-ənənəvi enerji ehtiyatlarına malik Azərbaycan xarici investorlar üçün daha da cəlb-edici ünvana çevrilib.
Hələ ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin edənə qədər də Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan ölkələrin sayı xeyli idi. Biz həm də bunu müxtəlif xarici şirkətlərin respublikamıza yatırdıqları sərmayələrdən də aydın müşahidə edə bilirik. Dünyaya Azərbaycanın cəlb-edici investor məkanı olması fikrini qəbul etdirən Ulu Öndər Heydər Əliyev olub. Ölkə iqtisadiyyatının ən böhranlı çağlarında dahi siyasətçi Heydər Əliyevin müstəsna səyləri sayəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanı sözün əsl mənasında işıqlı günlərə çıxardı. Və 1994-cü ildə bu müqavilə ilə əsası qoyulan uğurlu iqtisadi diplomatiyanın bu gün əldə etdiyimiz bütün nailiyyətlərin təməl daşı olduğunu desək, qətiyyən yanılmarıq.
Forum iştirakçılarına müraciətində dövlətimizin başçısı da bildirib ki, müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır: “Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır”.
İnvestorlar ölkəmizi seçir
Müstəqil və balanslaşdırılmış siyasət yürüdən Azərbaycanı investorlar üçün cəlbedici məkan edən əsas səbəblərdən biri ölkəmizdə sabitlik və təhlükəsizliyin yüksək səviyyədə olmasıdır. Həyata keçirilən sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata keçid sayəsində ölkədə yaranmış əlverişli imkanlar və şərait xarici şirkətlərin Azərbaycana sərmayə yatırmaqda maraqlı olmalarına gətirib çıxarıb.
Təbii ki, burada digər bir vacib məqam ölkəmizin dünyada etibarlı və güvənilən tərəfdaş kimi tanınmasına, ona olan tam etimada görədir. Əbəs deyil ki, 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulub, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib.
Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artması bu sahənin inkişafında vacib yer tutur. Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınıb, onların 98-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, burada 11 minə yaxın daimi iş yeri yaradılıb.
Əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan yürüdülən məqsədyönlü siyasət nəticəsində həm də dünyanın enerji və nəqliyyat qovşağına çevrilib. Orta dəhliz üzrə tranzit yük daşımalarının həcmi ildən-ilə artır. Həmçinin Zəngəzur dəhlizinin (TRIPP) fəaliyyətə başlaması ilə bu göstəricinin daha da artması proqnozlaşdırılır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və müasir dəmir yolu infrastrukturu sərmayədarlara qlobal bazarlara birbaşa çıxış və yüksək tranzit səmərəliliyi üçün mühüm imkanlar yaradır.
Bu gün bir sıra dövlətlərin ənənəvi və bərpaolunan enerji sahəsində strateji tərəfdaşı olan Azərbaycan təbii qazla yanaşı, günəş və külək enerjisi layihələri, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonası, eləcə də “ağıllı infrastruktur” konsepsiyalarının tətbiqi sayəsində qlobal enerji keçidinin aparıcı iştirakçılarından birinə çevrilib.
Etimad mühiti
Bütün bu nümunələr Azərbaycanda dayanıqlı iqtisadi inkişafın və ölkəmizin xarici investorlar üçün əlverişli imkanlara malik olmasının bariz göstəriciləridir.
Yuxarıda da vurğuladığımız kimi, torpaqlarının bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Azərbaycanda uğurlu gələcək vəd edən yeni iqtisadi mühit yaranıb. Bu isə təbii ki, xarici investorların da diqqətindən yayınmır və sərmayədarların ölkəmizə marağının ikiqat artmasına səbəb olur.
“Ölkədə qanunun aliliyinin təminatı, hökm sürən siyasi sabitlik və sərmayələrin qorunması iqtisadi siyasətimiz üçün fundamental amil rolunu oynayır və investorlar üçün uzunmüddətli etimad mühiti yaradır”, – deyə sözügedən müraciətində Prezident İlham Əliyev bunu diqqətə çatdırıb.
Dövlətimizin rəhbəri əlavə edib ki, yaradılmış infrastruktur və hüquqi təminatlar əsasında Azərbaycan biznes layihələrini dəstəkləməyə, texnologiya, investisiya və təcrübə gətirən tərəfdaşlıqları irəli aparmağa tam hazırdır. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq mexanizmləri sərmayədarlara dayanıqlı layihələrə qoşulmaq imkanı verir.
Bu baxımdan sentyabrın 22-23-də Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilən “Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi” mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni əməkdaşlıqlar və sərmayə cəlbi üçün mühüm platforma olması şübhəsizdir. Buna forumun plenar sessiyası çərçivəsində baş nazir müavini Samir Şərifov və Birləşmiş Ərəb Əmirliyinin investisiya naziri Muhəmməd Həsən əs-Suveydinin iştirakı ilə Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” (“City within a City”) konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsinin imzalanması da bariz nümunədir. 5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”