
Kolumbiya Prezidentinin BMT-də çıxışı zamanı ABŞ nümayəndə heyəti zalı tərk edib
Kolumbiya Prezidenti Qustavo Petronun Tramp administrasiyasının narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə yanaşması ilə bağlı tənqidi çıxışı zamanı ABŞ nümayəndə heyəti BMT Baş Assambleyasının zalını tərk edib.
AZƏRTAC xəbər verir ki, Petronun iddiasına görə, Trampın Kolumbiya, Venesuela və Karib hövzəsi ilə bağlı xarici siyasət məsləhətlərini kokain mafiyasının siyasi müttəfiqləri olan kolumbiyalılar verirlər. Onun bu sözlərindən sonra Birləşmiş Ştatların nümayəndələri iclas salonunun çıxış qapısına doğru gediblər.
Sentyabr ayında ABŞ Venesuela sahillərində narkotik daşıdığı iddia edilən qayıqları vurmaq üçün öz ordusundan dəfələrlə istifadə edib. Bundan əvvəl Vaşinqton Kolumbiyanın narkotik ticarəti ilə mübarizədə tərəfdaş statusunu ləğv edib. Petro bu addımı Boqotaya təzyiq etmək və respublikanın daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirib. O, Vaşinqtonun qərarını şərh edərkən ABŞ-dan ordusu və polisi üçün silah almağı dayandıracağını da bildirib.