Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: tarixi uğurları və perspektivləri
  • Ölkə

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: tarixi uğurları və perspektivləri

LIVE PRESS 03/11/2025
amea-nin-biologiya-və-tibb-elmləri-bolməsi:-tarixi-ugurlari-və-perspektivləri

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi: tarixi uğurları və perspektivləri

Azərbaycan Milli Elmlər Akademiyası – 80

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli sərvəti adlandırdığı Azərbaycan Milli Elmlər Akademiyasının yarandığı vaxtdan 80 il ötür. Ölkənin ali elmi qurumu olan Elmlər Akademiyası ilə birgə onun tərkibində müxtəlif adlar altında fəaliyyət göstərmiş Biologiya və Tibb Elmləri Bölməsi də bu il özünün 80 illik yubileyini qeyd edir. 

1918-ci ildə başladılan elmin təşkilati strukturlaşması prosesi 1920-1930-cu illərdə əhəmiyyətli dərəcədə inkişaf edilərək güclənmiş, bir sıra yeni qurumlar, o cümlədən 1936-cı ildə Botanika və Zoologiya institutları, 1945-ci ildə Aqrokimya və Torpaqşünaslıq İnstitutu təsis edilmişdir. 

Azərbaycan SSR Xalq Komissarları Soveti¬nin 27 mart 1945-ci il tari¬xli qərarı ilə yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət He¬yətinin 2 aprel 1945-ci il tarixli iclasında Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsi təşkil edilmiş, onun tərkibinə Botanika, Zoologiya, Aqrokimya və Torpaqşünaslıq, Elmi-Tədqiqat Eksperimental Kliniki Təbabət institutları, Bitkiləri Mühafizə və Heyvandarlıq sektorları, daha sonra isə “Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (biologiya seriyası)” məcmuəsinin redaksiyası daxil edilmişdir.

Bölməyə rəhbərlik akademiyanın birinci prezidenti, Azərbaycanın ilk tibb elmləri doktoru, milli cərrahiyyə məktəbinin əsasını qoymuş görkəmli alim, akademik Mirəsədulla Mirqasımova tapşırılmışdır. Qısa müddətdən sonra Azərbaycan tibb elminin, xüsusən cərrahiyyənin təşəkkülü və inkişafında, eləcə də beynəlxalq miqyasda təmsil olunmasında əvəzsiz xidmətlərə malik,  1945-ci ildə respublikanın 14 digər görkəmli alimi ilə birgə, Azərbaycan SSR Elmlər Akademiyasının ilk təsisçilərindən və həqiqi üzvlərindən biri olmuş görkəmli alim, akademik Mustafa Topçubaşov bölmənin sədri təyin edilmiş və bu vəzifəni 1951-ci ilin yayına kimi uğurla icra etmişdir. 

Akademik Mustafa Topçubaşovun təşəbbüsü və səyləri ilə 1946-cı ildə Elmi-Tədqiqat Naftalan Problem laboratoriyasının və Eksperimental Kliniki Təbabət İnstitutunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. Mustafa bəy bölmənin tərkibində 1947-1949-cu illərdə fəaliyyət göstərmiş həmin institutun direktoru, 1961-ci ildən laboratoriya rəhbəri kimi də təqdirəlayiq işlər görmüş, 1951-1956-cı və 1959-1981-ci illərdə Azərbaycan SSR EA-nın vitse-prezidenti vəzifəsində çalışmışdır. 

Azərbaycan SSR EA-nın fəaliyyətinin ilk illərində alimlərimiz tərəfindən bir sıra mühüm elmi nailiyyətlər əldə edilərək dövlət səviyyəsində qiymətləndirilmişdir. Akademik Firuz Məlikovun rəhbərliyi ilə zərif yunlu “Azərbaycan dağ merinosu” qoyun cinsi yaradılmış, bununla bağlı 1947-ci ildə bütün yaradıcı qrupa SSRİ Dövlət mükafatı verilmişdir. Akademik Cəbrayıl Hüseynov 1950-ci ildə SSRİ Dövlət mükafatı almış, həmin il Azərbaycan SSR EA-nın müxbir üzvü Rəhim Hüseynovun yaratdığı yüksəkməhsuldar “Azərbaycan” tut ipəkqurdu cinsi də SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Söz düşmüşkən qeyd edək ki, 1950-ci ildə Əkinçilik İnstitutu təsis olunmuş, bu elmi tədqiqat müəssisəsinə kənd təsərrüfatı sahəsində fundamental və tətbiqi tədqiqatların aparılması həvalə edilmişdir. 

1951-ci ilin iyun ayından 1952-ci ilin aprelinə kimi Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinə akademik İmam Mustafayev, 1952-1956-cı illərdə Azərbaycanda fiziologiya elmi məktəbinin görkəmli nümayəndələrindən biri, akademik Abdulla Qarayev rəhbərlik etmişdir. Yeri gəlmişkən, 1968-ci ildə Fiziologiya İnstitutunun yaradılması da bilavasitə Abdulla Qarayevin adı ilə bağlıdır. 1956-1957-ci illərdə Bölmənin akademik-katibi vəzifəsində görkəmli torpaqşünas alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, iki dəfə SSRİ Dövlət mükafatı laureatı akademik Vladimir Volobuyev çalışmışdır. 

1957-ci ilin sonunda Akademiyanın strukturundakı elmi bölmələr ləğv olunsa da, elmin strukturlaşması və yeni elmi müəssisələrin formalaşdırılması prosesi davam etmişdir. Məsələn, 1958-ci ildə müvafiq sektorun bazasında Genetika və Seleksiya İnstitutu təşkil edilmişdir. Bölmələrin mövcud olmadığı müddətdə Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin funksiyalarını EA-nın vitse-prezidenti (akademik Vladimir Volobuyev) yanında yaradılmış Biologiya və kənd təsərrüfatı elmləri üzrə Elmi şura icra etmişdir.

Elmin idarə edilməsində və əlaqələndirilməsi işində ciddi boşluqların meydana gəlməsi Azərbaycan SSR Elmlər Akademiyasının bölmələrinin bərpasına ehtiyac yaratmışdır. 1959-cu ildə əvvəlki Biologiya və Kənd Təsərrüfatı Elmləri Bölməsinin bazasında Biologiya və Tibb Elmləri Bölməsi yaradılmış, akademik Vladimir Volobuyev akademik-katib seçilərək 1981-ci ilə kimi bu vəzifədə uğurla çalışmışdır. 1958-1959-cu illərdə hökumət qərarı ilə Azərbaycan SSR Kənd Təsərrüfatı Elmləri Akademiyasının yaradılması ilə bağlı addımlar atılmış, lakin bu cəhd uğursuz alınmışdır. 1961-ci ildə formalaşdırılmış Kənd Təsərrüfatı Elmləri Bölməsi 1963-cü ildə ləğv edilmiş, bu bölmə Biologiya və Tibb Elmləri Bölməsi ilə birləşdirilərək Biologiya Elmləri Bölməsi adlandırılmışdır.

Bölmənin tarixində yüksək inkişaf dövrünün xüsusi mərhələsi 1969-cu ildən, dövlətçilik tariximizin ən görkəmli siması, müstəqil Azərbaycan Respublikasının banisi, elmə hər zaman yüksək dəyər vermiş, elm adamlarına hamilik etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ilk gəlişi ilə başlamışdır. 

Görkəmli botanik alim, azərbaycanlı qadınlar arasında ilk biologiya elmləri doktoru olan Validə Tutayuq 1969-cu ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilməklə həmçinin ölkəmizdə ilk qadın akademik olmuşdur. 1972-ci ilin fevralında isə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarına əsasən, Mikrobiologiya sektorunun yaradılması ilə mikrobiologiya elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 

1979-cu ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın rəhbərliyi ilə Görmənin fiziologiyası laboratoriyasının yaradılması da mühüm hadisə olmuşdur. Elmdə bir sıra ilklərə imza atmış Zərifə xanım Əliyeva 1981-ci ildə oftalmologiya sahəsində ən yüksək mükafatı – SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatını alan yeganə azərbaycanlı alim kimi tarixə düşmüşdür. 

1981-1991-ci illərdə Biologiya Elmləri Bölməsi dünya şöhrətli alim və ictimai-siyasi xadim, Azərbaycanda biologiya elminin inkişafına və kadr hazırlığına böyük töhfələr vermiş akademik Cəlal Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərmişdir. Ölkəmizdə biologiya və əlaqədar elm sahələrinin düzgün istiqamətləndirilməsi və inkişafında, elmin müasir istiqamətlərinin, o cümlədən molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyası, riyazi biologiya və bioinformatikanın təşəkkülü və bu sahələr üzrə yüksəkixtisaslı elmi kadr potensialının yaradılmasında, Azərbaycan elminin dünya elminə inteqrasiyasının dərinləşdirilməsində, beynəlxalq elmi təşkilatlar və tanınmış xarici mərkəzlərlə əlaqələrin qurulması və gücləndirilməsində akademik Cəlal Əliyevin göstərdiyi xidmətlər xüsusi tarixi əhəmiyyət daşıyır. 1980-ci illərdə SSRİ məkanında ümumi durğunluq yaşansa da, akademik Cəlal Əliyev Bölmə üzrə elmi tədqiqatların intensivliyinin və səmərəliliyinin artırılması, layiqli alimlərin əməyinin yüksək qiymətləndirilməsi üçün əlindən gələni əsirgəmirdi. 

1983-cü ildə keçirilən Elmlər Akademiyası üzvlüyünə seçkilər bu mənada xarakterik olmuş, görkəmli oftalmoloq alim Zərifə Əliyeva, tanınmış pediatr və pedaqoq Ədilə Namazova Azərbaycan SSR EA-nın həqiqi üzvü, Siddiqə Məmmədova isə müxbir üzvü seçilmişlər. Bu seçkilər qadın alimlərin Bölmədəki nüfuzunun və onlara göstərilən diqqətin göstəricisi hesab edilə bilər. Əlavə edək ki, Siddiqə Məmmədova 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. 

Bölmənin mandatına uyğun elm sahələrində azərbaycanlı alimlərin mükafatlandırılması ilə bağlı digər faktlar da mövcuddur. Bölmənin ən fəal üzvlərindən biri, akademik Mirməmməd Cavadzadə “Böyrəklərin və sidik yollarının anadangəlmə anomaliyaları olan xəstələrin müalicəsi üçün müasir diaqnostik üsulların və orijinal rekonstruktiv orqanqoruyucu cərrahiyyə əməliyyatlarının hazırlanması və klinik praktikada tətbiqi”ndə əldə etdiyi mühüm nailiyyətlərə görə 1982-ci ildə SSRİ Dövlət mükafatı almışdır. Akademik Əhliman Əmiraslanov “Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi” üzrə silsilə işlərə görə 1986-cı ildə elm və texnika üzrə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. 

Müstəqillik illərində akademik Şamxal Tağıyev daha sonra akademik Musa Musayev bölmənin akademik-katibi vəzifəsində çalışmışlar. Yeri gəlmişkən, akademik Musa Musayev 1960-2010-cu illərdə Azərbaycan SSR EA Zoologiya İnstitutunun direktoru olmuşdur.

1994-cü ildə Mikrobiologiya İnstitutu təsis edilmişdir. 1997-ci ildə Mərdəkan Dendrarisi şöbəsi 2000-ci ildə isə Nəbatat Bağı Botanika İnstitutunun tərkibindən çıxarılaraq müstəqil fəaliyyətə başlamışlar. 2003-cü ildə akademik Cəlal Əliyevin təşəbbüsü ilə Genetika və Seleksiya İnstitutunun bazasında Genetik Ehtiyatlar İnstitutu və bitki genetik ehtiyatlarının rüşeym plazmasının mühafizə olunduğu Milli Genbank yaradılmışdır. 

2007-ci ildə bölmənin akademik-katibi vəzifəsinə Azərbaycanda tibb elmi və təhsilinin aparıcı simalarından biri, 1992-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin rektoru olmuş, universitetin Onkologiya klinikasının direktoru akademik Əhliman Əmiraslanov təyin edilmişdir. 2011-ci ildə Biologiya Elmləri Bölməsinin adı dəyişdirilərək, Biologiya və Tibb Elmləri Bölməsi adlandırılmış, onun ölkə üzrə əhatə dairəsi xeyli genişlənmişdir. Akademik Əhliman Əmiraslanov bölməyə rəhbərlik etməklə yanaşı, 2010-cu ildən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri (2015, 2020, 2024) kimi ölkədə elm və səhiyyə sahəsində qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynamışdır. 

Kənd təsərrüfatı yönümlü elmi müəssisələrin fəaliyyətini əlaqələndirmək məqsədilə 2011-ci ildə AMEA-nın tərkibində Aqrar Elmlər Bölməsi təşkil edilmişdir. Bölmənin akademik-katibi akademik Qərib Məmmədov olmuşdur. 2016-cı ildə AMEA-nın strukturunda aparılan institusional islahatlar nəticəsində Aqrar Elmlər Bölməsi ləğv edilmişdir. Həmin islahatlara əsasən, Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutuna birləşdirilərək yeni formalaşmış institut, eləcə də Genetik Ehtiyatlar İnstitutu yenidən Biologiya və Tibb Elmləri Bölməsinin tərkibinə daxil edilmişdir. 

AMEA-nın 30 iyun 2014-cü il tarixli ümumi yığıncağında AMEA Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında yeni Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında qərar qəbul edilmişdir. Bu elmi təşkilatın formalaşdırılma tarixi, təşəkkülü və inkişafı akademik Cəlal Əliyevin adı ilə sıx bağlıdır. İnstitut 2016-cı ildən müstəqil fəaliyyətə başlamış, qısa müddətdə öz mandatı üzrə ölkədə aparıcı elmi tədqiqat müəssisəsinə çevrilmişdir. 

2019-cu ildən Biologiya və Tibb Elmləri Bölməsi AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) baş direktoru akademik İradə Hüseynovanın rəhbərliyi altında fəaliyyət göstərir. 

80 il ərzində Azərbaycanda biologiya, kənd təsərrüfatı və tibb elmlərinin müxtəlif sahələri, o cümlədən məhsuldarlıq proseslərinin fizioloji, biofiziki və genetik əsasları; stres amillərinə davamlılığın molekulyar mexanizmləri; biomüxtəlifliyin, o cümlədən aqrobiomüxtəlifliyin tədqiqi, mühafizəsi və səmərəli istifadəsi; mikroorqanizmlərin ekologiyası, biokimyası; torpaq ekologiyası, təsnifatı, torpaqəmələgəlmənin energetikası; onurğalılarda beyinin analitik-sintetik fəaliyyəti; insanda patologiyaların diaqnostikası, profilaktikası və kompleks müalicə üsulları istiqamətlərində tədqiqatlar aparılmışdır. 

Ölkəmizdə biologiya və tibb elmlərinin qeyd edilən istiqamətlərində yeni elm sahələrinin əsasının qoyulması, təşəkkülü, formalaşması və inkişafında tanınmış akademiklər Cəlal Əliyev, Aleksandr Qrossheym, Mustafa Topçubaşov, Abdulla Qarayev, Vladimir Volobuyev, Həsən Əliyev, Müzəffər Abutalıbov, Məmmədtağı Qəniyev, İmam Mustafayev, Musa Musayev, Cəmil Əliyev, Əhliman Əmiraslanov, Qərib Məmmədov və başqaları tərəfindən nəzərəçarpacaq işlər görülmüş, mühüm nailiyyətlər əldə edilmiş, tədqiqat müəssisələri və elmi məktəblər yaradılmışdır. 

Bu gün də bölmənin üzvləri respublikada elmin dünya səviyyəsində inkişafına, onun səmərəli idarə edilməsinə və yüksəkixtisaslı elmi kadrların hazırlanmasına mühüm töhfələr verirlər. Azərbaycan onkologiya elminin korifeyi, görkəmli səhiyyə və elm təşkilatçısı, Rusiya Tibb Elmləri Akademiyasının (hazırda Rusiya Elmlər Akademiyasının) üzvü, AMEA Rəyasət Heyətinin üzvü, akademik Cəmil Əliyevin çoxşaxəli elmi və təşkilati fəaliyyəti bu baxımdan xüsusi qeyd olunmalıdır. 

2022-ci ilə qədər bölmənin tərkibində 9 institut fəaliyyət göstərmişdir. Azərbaycan elmində aparılan struktur islahatları bu institutları da əhatə etmişdir. 7 yanvar 2022-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli fərmanı ilə Təhsil Nazirliyi Elm və Təhsil Nazirliyi adlandırılmış, həmin fərmanla AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları, o cümlədən BTEB-in tabeliyində olan aşağıdakı institutlar nazirliyin tabeliyinə verilmişdir: Botanika; Molekulyar Biologiya və Biotexnologiyalar; Zoologiya; Akademik Abdulla Qarayev adına Fiziologiya; Genetik Ehtiyatlar; Torpaqşünaslıq və Aqrokimya; Mikrobiologiya; Dendrologiya institutları. 

Ölkənin müvafiq elm və təhsil müəssisələrində biologiya, aqrar və tibb elmləri sahəsində tədqiqatlar bölmə tərəfindən müəyyən edilən və mütəmadi şəkildə yenilənən istiqamətlərdə aparılmışdır. Hazırda bu istiqamətlər aşağıdakı kimidir: Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının müasir yanaşmalarla tədqiqi, bərpası, mühafizəsi, səmərəli istifadəsi, elektron məlumat bazaları və rəqəmsal xəritələrinin yaradılması; Bioloji proseslərin molekulyar-genetik və fiziki-kimyəvi əsasları, genom, proteom və metabolom tədqiqatları, yeni bio-, nano- və postgenom texnologiyalarının fundamental və tətbiqi əsaslarının işlənib hazırlanması; Rəqəmsal texnologiyaların və süni intellektin biologiya, kənd təsərrüfatı və təbabətdə tətbiqi; Patologiyaların fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi, yeni diaqnostika və müalicə üsullarının, dərman preparatlarının işlənib hazırlanmasında və reproduktiv təbabətdə yüksək texnologiyaların və kök hüceyrələrinin tətbiqi; Aqrar istehsal zəncirinin bütün mərhələlərinin optimallaşdırılması və diversifikasiyası, ekosistemlərin davamlılığını və resurslardan səmərəli istifadəni təmin edən, karbon emissiyasını azaldan innovativ texnologiyaların və inteqrasiya olunmuş metodların tətbiqi ilə ərzaq təhlükəsizliyinin təmin olunması.

Dünyanı 3 ilə qədər əsarətində saxlamış COVİD-19 pandemiyası ilə mübarizə dövründə (2020-2022) Bölmə tərəfindən onlarla elmi və elmi-kütləvi tədbir təşkil edilmiş, əməkdaşlar tərəfindən COVID-19-la bağlı kütləvi informasiya vasitələrində ümumilikdə 80-dən çox məqalə, çıxış, müsahibə və müraciətləri yayımlanmışdır. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı dövrdə bölmənin əsas fəaliyyət istiqamətlərindən biri Qarabağın bərpası və işğaldan azad edilmiş ərazilərə elmin Böyük Qayıdışı ilə bağlıdır. 20-21 may 2021-ci ildə keçirilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: keçmişi, bugünü və gələcəyi” mövzusunda konfrans bu sahədə çalışan alim və mütəxəsissləri vahid virtual məkanda toplamaqla müvafiq fəaliyyətlərlə bağlı yol xəritəsinin müəyyənləşdirilməsi baxımından önəmli hadisə olmuşdur. 8-9 noyabrda onlayn formatda “Zəfər Günü və şəhidlərin xatirəsinə” 2-ci beynəlxalq Qarabağ – Tətbiqi Elmlər konqresi, 11 may 2022-ci ildə BTEB-in və Dendrologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində II Xarıbülbül rəsm və əl işlərindən ibarət Ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilmişdir. 2021-2024-cü illərdə Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında (Tərtər rayonu, Şıxarx qəsəbəsi) 4 tarla seminarı təşkil olunmuşdur. 22-23 sentyabr 2022-ci ildə Bakı və Şuşa şəhərlərində BTEB-in təşkilatçılığı ilə keçirilmiş və “Şuşa İli”nə həsr edilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans elmi ictimaiyyətin diqqətinin “Böyük Qayıdış”a yönəldilməsi baxımından əlamətdar hadisədir. 

AMEA-nın ingilis dilində nəşr olunan “Həyat Elmləri və Biotibb” jurnalının 2 xüsusi nömrəsi işğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyinin, torpaq və su ehtiyatlarının tədqiqinə həsr edilmişdir.

İşğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyi, su və torpaq resursları, onlardan səmərəli istifadə ilə bağlı alimlərimizin məlumat, təklif və tövsiyələri elmi arayışlar şəklində hazırlanaraq aidiyyəti instansiyalara təqdim edilmişdir. Bundan əlavə, həmin  ərazilərə BTEB-in əhatə etdiyi institutlar tərəfindən çoxsaylı ekspedisiyalar təşkil edilmiş, nadir və itmək təhlükəsində olan bitki və heyvan növlərinin, torpaq və su ehtiyatlarının, içməli su mənbələrinin, meşə və digər ekosistemlərin monitorinqləri aparılmışdır. Oxçuçay və Bəsitçayın monitorinqləri üzrə fəaliyyətlər, ekspedisiyalar və nümunələrin analizi prosesi 4 institutun əməkdaşlarından ibarət işçi qrupu tərəfindən aparılmışdır. 

Bölmə çərçivəsində respublikada mövcud olan su problemlərinin, Xəzər dənizinin Azərbaycan sektorunun və ətraf ekosistemlərin tədqiqi, dənizin bioloji resurslarının öyrənilməsi üzrə də intensiv işlər görülmüşdür. Onu da qeyd edək ki, son illər bölmənin fəaliyyətinin əsas istiqamətlərindən biri də kadr hazırlığı ilə bağlı olmuşdur. 6 institutda dissertasiya müdafiəsi şuraları mövcud olmuşdur. Bölmə üzrə kadr hazırlığında beynəlxalq əməkdaşlıqdan və qrant proqramlarından geniş istifadə olunmuşdur. Təkcə 2019-2022-cü illərdə Bölmə institutlarının 40-dan çox gənc mütəxəssisi tanınmış xarici universitetlərdə (Böyük Britaniyanın Oksford, Fransanın Monpelye, Belçika Krallığının Gent, Fransa Respublikasının Grenoble Politexnik, Türkiyənin Bilecik Şeyh Edebali, İzmir, ABŞ-ın Viskonzin və s. universitetlərində) doktorantura və ya magistratura təhsili almışdır. Həmin müddətdə 100-ə qədər alim və mütəxəssisin xarici mərkəzlərdə elmi təcrübəkeçmədə olması məqsədilə bütün təşkilati tədbirlər görülmüşdür. 2016-2022-cü illərdə AMEA-nın elmi tədqiqat institutlarının nəzdində ali təhsilin magistratura səviyyəsi üzrə kadr hazırlığının aparılması uğurlu nəticələr vermişdir. Bölmə üzrə xaricdə doktorantura təhsili alanların böyük əksəriyyəti AMEA-nın magistraturasının məzunlarıdır. Bölmədə həmçinin elm və təhsilin inteqrasiyası daim diqqət mərkəzində saxlanılmış, universitetlərin müvafiq kafedraları ilə əlaqələr saxlanılmış və inkişaf etdirilmişdir. 

Biologiya və Tibb Elmləri Bölməsinin “Həyat Elmləri və Biotibb” jurnalı (Journal of Life Sciences and Biomedicine) ildə iki dəfə (iyun və dekabr) ingilis dilində mütəmadi nəşr olunur. 1945-ci ildən “AMEA-nın Xəbərləri (biologiya və tibb elmləri)” kimi fəaliyyət göstərmiş jurnal yeni ad altında 2019-cu ildən çap edilir. Jurnalın beynəlxalq standartlara uyğun saytı (https://jlsbjournal.org/) fəaliyyət göstərir. 

Bölmənin tabeliyində olmuş 5 institutda son 13 il ərzində 11 beynəlxalq laboratoriya yaradılmışdır. Son 10 ildə isə 40-dan çox ölkənin 80-ə yaxın elmi tədqiqat müəssisələri, tanınmış universitetləri, genbankları, nəbatat və dendrologiya bağları ilə, eləcə də nüfuzlu beynəlxalq mərkəz və təşkilatlarla elmi əlaqələr intensiv inkişaf etdirilmişdir. Məsələn, 2020-2023-cü illərdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə bir neçə beynəlxalq konfrans təşkil olunmuşdur.

BTEB-in 2023-cü ildəki fəaliyyətinin əhəmiyyətli hissəsi Prezidentin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il, görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında 3 noyabr 2022-ci il tarixli sərəncamlarının icrasına həsr edilmiş, çoxsaylı elmi tədbirlər, iclaslar, konfranslar, sərgi və seminarlar böyük uğurla həyata keçirilmişdir. Bunlardan əlavə, 2023-cü ilin noyabrında görkəmli alim və ictimai xadim, akademik Cəlal Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Fotosintez, ətraf mühit və bitkilərin məhsuldarlığı” mövzusunda qiraətlər keçirilmişdir.

2019-2023-cü illərdə bölmənin diqqətində olan ən aktual problemlərdən biri də Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin hazırlanması olmuşdur. III nəşr nəfis şəkildə çapdan çıxmışdır. BTEB-in 2024-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin mühüm bir hissəsi də “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamının icrasını əhatə etmişdir. 

Bu gün Biologiya və Tibb Elmləri Bölməsi öz işini ölkə üzrə elmi proseslərin sistemli koordinasiyası, biologiya və tibb sahələrində elmi-tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi, bu istiqamətlər üzrə elmi nəticələrin toplanması, təhlili və qiymətləndirilməsi, eləcə də müvafiq tədqiqat müəssisələrinə və universitet kafedralarına elmi-metodiki dəstəyin göstərilməsi üzərində qurur. Bu fəaliyyət çərçivəsində bölmə Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər dövlət qurumlarının elmi-tədqiqat və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. Bu qarşılıqlı fəaliyyət elmi resursların səmərəli inteqrasiyasına, milli elmi siyasətin həyata keçirilməsində vahid elmi məkanın formalaşmasına və elmin real sektorlara yönəldilməsinə xidmət göstərir. 

Bu gün Biologiya və Tibb Elmləri Bölməsi Azərbaycanın elmi ekosistemində birləşdirici və istiqamətverici mərkəz kimi çıxış edir. Bölmənin fəaliyyəti ölkədə fundamental və tətbiqi elmlərin qarşılıqlı əlaqəsini möhkəmləndirir, innovasiyaların və süni intellekt əsaslı tədqiqatların inkişafına zəmin yaradır. 

İradə HÜSEYNOVA,

AMEA-nın vitse-prezidenti,

AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Tədqiqat: Daun sindromunda beyin funksiyasını yaxşılaşdırmağın yeni yolu kəşf edilib  
Next: X tur tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub

Related Stories

prezident:-azərbaycanlilarin-indiki-ermənistana-qayitmasi-ermənistan-xalqini-və-dovlətini-qorxutmamalidir  
  • Ölkə

Prezident: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır  

LIVE PRESS 04/11/2025
azərbaycanin-abs-daki-səfirliyi-digər-statlarda-səyyar-konsulluq-xidməti-təskil-edir
  • Ölkə

Azərbaycanın ABŞ-dakı Səfirliyi digər ştatlarda səyyar konsulluq xidməti təşkil edir

LIVE PRESS 04/11/2025
azərbaycan-prezidenti:-bizim-dilimiz-cox-zəngindir-və-xarici-kəlmələrə-ehtiyac-da-yoxdur  
  • Ölkə

Azərbaycan Prezidenti: Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur  

LIVE PRESS 03/11/2025
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Nepalda alpinistləri qar uçqunu vurub.
  • Hakkarinin xizək qrupu çempionat üçün hazırdır.
  • Avropadakı yarımfinalda milli badminton oyunçuları.
  • Prezident: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır  
  • Cipher Mining Seals Amazon ilə 300 mw məlumat mərkəzi…

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Nepalda alpinistləri qar uçqunu vurub. ucqun-nepalda-alpinistlərə-dusdu:-3-olu,-8-itkin 1
  • Idman

Nepalda alpinistləri qar uçqunu vurub.

04/11/2025
Hakkarinin xizək qrupu çempionat üçün hazırdır. hakkari'nin-roller-xizək-qrupu-cempionat-ucun-hazirdir 2
  • Idman

Hakkarinin xizək qrupu çempionat üçün hazırdır.

04/11/2025
Avropadakı yarımfinalda milli badminton oyunçuları. avropadaki-yarimfinalda-milli-badminton-oyunculari 3
  • Idman

Avropadakı yarımfinalda milli badminton oyunçuları.

04/11/2025
Prezident: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır   prezident:-azərbaycanlilarin-indiki-ermənistana-qayitmasi-ermənistan-xalqini-və-dovlətini-qorxutmamalidir   4
  • Ölkə

Prezident: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır  

04/11/2025
Cipher Mining Seals Amazon ilə 300 mw məlumat mərkəzi… 5
  • Kriminal

Cipher Mining Seals Amazon ilə 300 mw məlumat mərkəzi…

04/11/2025

Bir daha bax

ucqun-nepalda-alpinistlərə-dusdu:-3-olu,-8-itkin
  • Idman

Nepalda alpinistləri qar uçqunu vurub.

Jurnalist 04/11/2025
hakkari'nin-roller-xizək-qrupu-cempionat-ucun-hazirdir
  • Idman

Hakkarinin xizək qrupu çempionat üçün hazırdır.

Jurnalist 04/11/2025
avropadaki-yarimfinalda-milli-badminton-oyunculari
  • Idman

Avropadakı yarımfinalda milli badminton oyunçuları.

Jurnalist 04/11/2025
prezident:-azərbaycanlilarin-indiki-ermənistana-qayitmasi-ermənistan-xalqini-və-dovlətini-qorxutmamalidir  
  • Ölkə

Prezident: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır  

LIVE PRESS 04/11/2025

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Biznes Dünya Ekologiya Elm Hadisə Heydər Əliyev ili Idman Kriminal Maraqlı Mədəniyyət Sağlamlıq Siyasət Səhiyyə Tarix Texnologiya Təhsil Ölkə İncəsənət İqtisadiyyat Şou biznes Ədəbiyyat

Son Yazılar

  • Nepalda alpinistləri qar uçqunu vurub.
  • Hakkarinin xizək qrupu çempionat üçün hazırdır.
  • Avropadakı yarımfinalda milli badminton oyunçuları.
  • Prezident: Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır  
  • Cipher Mining Seals Amazon ilə 300 mw məlumat mərkəzi…
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | LivePress by A.