Oktay Öksüzoğlu: Türk dünyası Şimali Kipri daha yaxından tanımalı, onun mübariz xalqına sahib çıxmalıdır
Şimali Kipr Türk Cümhuriyyəti ağsaqqalı, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü, tanınmış şair Oktay Öksüzoğlu Türk dünyasına müraciətində həmrəyliyə və qarşılıqlı anlaşmaya çağırış edib.
O.Öksüzoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, Şimali Kipr türk xalqı uzun illərdir çətin sınaqlardan keçərək öz dövlətini yaşatmaq uğrunda mübarizə aparır. “Biz Aralıq dənizində çətin günlər yaşayan, lakin müstəqilliyini və milli kimliyini qorumağa çalışan bir türk dövlətinin insanları olaraq Türk dünyasından anlayış, diqqət və dəstək gözləyirik”, – deyə o əlavə edib.
O.Öksüzoğlu vurğulayıb ki, türk dövlətləri və xalqları arasında əlaqələrin dərinləşdirilməsi, xüsusilə də təhsil, elm, mədəniyyət və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi önəmlidir.
“Türk dünyasının gənclərini, alimlərini, sənət adamlarını və siyasətçilərini Şimali Kiprə gəlməyə, bu torpağın xalqını yaxından tanımağa çağırıram. Biz Azərbaycanı çox sevirik və əminəm ki, bizi tanıdıqca siz də sevəcəksiniz”, – deyə o diqqətə çatdırıb.
O.Öksüzoğlu vurğulayıb ki, 1974-cü ildə Türkiyənin dəstəyi ilə qurulan Şimali Kipr Türk Cümhuriyyəti şəhid və qazilərinin fədakarlığı ilə bu günə qədər yaşayıb və Türk dünyasının şərəfli bir parçasıdır.
Sonda Oktay Öksüzoğlu bütün türk xalqlarına sülh, əmin-amanlıq və rifah arzularını çatdıraraq deyib: “Türklük eşqi ilə illərdir mübarizə aparan Şimali Kipr türk xalqı adından bütün qardaş ölkələrə səmimi salamlarımı, xoş arzularımı göndərirəm”.