Yavuz Subaşı: 8 Noyabr Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir
Can Azərbaycanın şanlı Zəfəri mübarək olsun. Qəhrəmanlıq dastanının yazıldığı, işğal altındakı torpaqların azad edildiyi 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının əzminin və qətiyyətinin ən parlaq göstəricisidir. Təxminən 30 il Ermənistan işğalı altında qalan torpaqlar, cəmi 44 gün ərzində işğaldan azad edildi. Bu Qələbə ölkənin ərazi bütövlüyünün bərpası yolunda atılmış böyük bir addımdır.
Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq deputatı Yavuz Subaşı bildirib.
Bu tarixi günün milli qürur və birliyin bütün dünyaya nümayiş etdirilməsi baxımından Türk dünyası üçün böyük və tarixi əhəmiyyət daşıdığını qeyd edən sabiq deputat deyib: “Bu mübarək gündə canları bahasına Vətən torpağını qoruyan bütün şəhidlərimizi rəhmət və minnətlə anırıq. Qazilərimizə dərin təşəkkür və ehtiramlarımızı bildiririk. Tarixi Şuşanın işğaldan azad olunması ilə taclanan bu böyük Zəfər, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qürurudur. Azərbaycanın Zəfər Gününü ən səmimi diləklərimlə təbrik edirəm. Qarabağ Azərbaycandır”.