Bilmək istəyirəm
– “Torpaq sahəsini icarəyə götürüb əkinçilik və ya bitkiçiliklə məşğul olmaq istəyirəm. Lakin mənə bildiriblər ki, qanunvericiliyə əsasən, həmin sahədəki ağac və kolları – yaşıllıqları qırmaq qadağandır. Bu, həqiqətənmi belədir?
Tofiq MƏMMƏDOV,
Abşeron rayonu
Bu məsələ “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Digər əsas normativ sənəd isə Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydaları”dır.
Qanunvericiliyə əsasən, istər ağac, istər kol, istərsə də digər bitkilər yaşıllıq hesab olunur.
Əgər yaşıllıqlar və ya torpaq sahəsi şəxsin öz xüsusi mülkiyyətindədirsə, o zaman mülkiyyətçi yaşıllıqlarla bağlı öz ərazisində istədiyi dəyişiklikləri edə bilər. Bununla belə əgər torpaq sahəsi dövlət və ya bələdiyyə mülkiyyətində olub icarə əsasında götürülübsə, bu halda həmin ərazidə yerləşən yaşıllıqların kəsilməsi və ya götürülməsi yalnız müvafiq icazə ilə mümkündür. Belə hallarda icarəçi (yəni torpaq sahəsini dövlət və ya bələdiyyədən icarəyə götürən şəxs) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinə müraciət etməlidir. Müraciətə aşağıdakı sənədlər əlavə olunur:
1. Ərizəçinin şəxsiyyətini və hüquqi statusunu təsdiq edən sənədlər (fiziki şəxsdirsə, şəxsiyyət vəsiqəsi, hüquqi şəxsdirsə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və s.);
2. Torpaq sahəsinin icarəyə götürülməsini təsdiq edən sənəd (icarə müqaviləsi);
3. Yaşıllığın götürülməsinə dair əsaslandırılmış müraciət – yəni hansı səbəbdən yaşıllığın götürülməsinin zəruri olduğu göstərilməlidir.
Bu sənədlər təqdim edildikdən sonra nazirliyin yerli şöbəsi məsələ ilə bağlı rəy verir. Yalnız müsbət rəy olduqda yaşıllıqların götürülməsi həyata keçirilə bilər.
Əgər şəxs yaşıllıqları özbaşına kəsərsə və ya götürərsə, bu hal inzibati xəta sayılır və müvafiq inzibati məsuliyyət daşıyır.
Eyni zamanda torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqavilədə əgər xüsusi olaraq göstərilməyibsə ki, icarəçi yaşıllıqları sərəncamına alıb kəsə və ya dəyişdirə bilər, icarəçinin belə bir hüququ yaranmır. Dövlətin və ya bələdiyyənin mülkiyyətində olan torpaqlarda yaşıllıqlar dövlət əmlakı hesab olunur və onların qorunması zəruridir.
Yalnız o hallarda icarə müqaviləsində sahənin istifadə məqsədi aydın şəkildə göstərilibsə (məsələn, istirahət zonasının, ticarət mərkəzinin və s. tikintisi üçün) və layihənin icrası üçün bəzi yaşıllıqların götürülməsi zəruridirsə, o zaman bu, Qaydalara uyğun olaraq razılaşdırıla bilər.
Digər halda yaşıllıqların özbaşına götürülməsi qadağandır və hüquqi məsuliyyətə səbəb olur.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü