Parlamentin Elm və təhsil komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
Yanvarın 22-də Milli Məclisin Elm və təhsil komitəsinin 2026-cı il yaz sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri Anar İsgəndərov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, habelə “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil edildiyini söyləyib.
Sonra komitə sədri payız sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib, 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verib. O, iş planına qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, habelə qanunlarda ediləcək dəyişikliklərlə bağlı məsələlərin daxil edildiyini, habelə sessiya ərzində təhsillə bağlı ictimai dinləmələrin keçirilməsinin və digər tədbirlərin nəzərdə tutulduğunu söyləyib.
İclasda komitənin 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, 2026-cı ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.
Daha sonra iclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Patent haqqında” Qanununda dəyişiklik edilməsi barədə” (ikinci oxunuş) və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrini təqdim edib.
Nəzərə çatdırılıb ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasına əsasən, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir.
“Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edən şöbə müdiri layihə barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, sənədə dair heç bir əlavə qeydin olmadığını bildirib.
Sonra hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.