Azərbaycan Prezidentinin mükafata layiq görülməsi ədalətli sülhü tərənnüm edir
Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlət başçısının sülhpərvər siyasətinə verilən yüksək dəyərdir. Bu mükafat, sadəcə diplomatik uğur deyil, həm də Azərbaycanın sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin parlaq ifadəsidir.
Milli Məclisin deputatı Pərvin Kərimzadə “Azərbaycan” qəzetinə açıqlamasında xatırladıb ki, Şeyx Zayed Fondu BƏƏ-nin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib və fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir: “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır. İndiyədək bu mükafata layiq görülənlər arasında BMT-nin Baş katibi Antonio Quterreş, İordaniya Kralı II Abdullah və kraliçası Raniyə Əl Abdullah, mərhum Roma Papası Fransisk, Misirin Əl-Əzhəri Şərifinin şeyxi, böyük imam Əhməd Əl-Tayyib, IMAD Assosiasiyasının təsisçisi və ekstremizmə qarşı fəal, əslən Mərakeşdən olan xanım Lətifə İbn Ziyaten, keniyalı sülh və icma fəalı xanım Şəmsa Əbubəkr Fadhil, Barbadosun Baş naziri xanım Mia Amor Mottley və digər şəxslər var. Bundan başqa, fond bir neçə sahə üzrə mükafatlar təqdim edir. Bu mükafatlar yalnız müstəsna xidmətləri olan şəxsiyyətlərə və qurumlara verilir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir. Dövlətimizin başçısı yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri – Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildiriblər. Münsiflər heyətinin üzvləri bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini deyərək, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğulayıblar. Görüşdə sülhün regional sabitlik və firavanlıq baxımından önəminə toxunan Prezident İlham Əliyev isə işğal zamanı xalqımızın üzləşdiyi əziyyətlərə, verdiyi qurbanlara baxmayaraq, Azərbaycanın dayanıqlı sülhün bərqərar olunması üçün güclü siyasi iradə nümayiş etdirdiyini bildirib. “Prezident İlham Əliyev sülh razılaşmasının məhz Azərbaycan tərəfindən hazırlanaraq Ermənistana təqdim olunduğunu və bu istiqamətdə səylərin davam etdiriləcəyini diqqətə çatdırıb. Son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Prezidenti bu xüsusda 2025-ci il avqustun 8-də Vaşinqton görüşündə sülh gündəliyi ilə bağlı əldə olunmuş razılaşmaların tarixi əhəmiyyətini qeyd edib, bu məsələdə ABŞ Prezidenti Donald Trampın səylərini yüksək qiymətləndirib. Vaşinqton görüşündə məsələyə faktiki olaraq nöqtə qoyulması Azərbaycanın iradəsinin dünya gücləri tərəfindən qəbul edildiyini göstərdi. Bu, sadəcə bir sülh sazişinin paraflanması deyil, həm də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması, revanşist xülyalardan rəsmən imtina etməsi demək idi”, – deyə deputat əlavə edib.
Pərvin Kərimzadə qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiya döyüş meydanında qazanılan uğurun, həm də uzaqgörən diplomatik manevrlərlə möhkəmləndirilməli olduğunu göstərib. Azərbaycan sadəcə torpaqlarını azad etməyib, həm də regionda yeni geosiyasi reallıq yaradaraq uzunmüddətli sülhün təməlini qoyub. Bu prosesdə hərbi gücün beynəlxalq hüquq prinsipləri ilə uzlaşdırılması ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə şərait yaradıb.
Deputat bildirib ki, şanlı zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və Böyük qayıdış proqramı hərbi qələbənin mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir: “Beləliklə, Azərbaycan dövləti sübut etdi ki, əsl sərkərdəlik məharəti yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitliyi təmin etməkdədir. Prezident İlham Əliyevin Şeyx Zayed Fondunun mükafatına layiq görülməsi böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”