Türkiyə universitetinin Şimali Kiprdəki kampusu Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin təhsil xərclərini ödəyəcək
Ankara Sosial Elmlər Universitetinin (ASBÜ) Şimali Kipr Türk Respublikasında (ŞKTC) fəaliyyət göstərən kampusunun rəhbərliyi Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin adada təhsilinin həmin ali təhsil müəssisəsinin təqaüdü hesabına tam ödənilməsi barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu qərar Türkiyə universitetinin Şimali Kiprdəki nümayəndəliyinin rektoru, professor Ənvər Arpanın sədrliyi ilə keçirilən İdarə Heyətinin iclasından sonra yekdilliklə qəbul edilib.
“Hər birimiz Azərbaycanın Qarabağdakı Zəfərini öz qələbəmiz kimi qəbul edirik. Bu müqəddəs yolda canından keçən hər kəsin xatirəsini ehtiramla anırıq. Qarabağ müharibəsi şəhidlərinin övladlarının və həyat yoldaşlarının keyfiyyətli təhsil alması üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə o bildirib.
Təqaüd proqramının şərtləri ilə tanış olmaq istəyənlər ncinternational@asbu.edu.tr elektron poçtuna müraciət edə və ya https://kktc.asbu.edu.tr/tr/uluslararasi-ogrenciler-icin-kabul-sartlari saytından məlumat ala bilərlər.