İspaniya Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunan irəliləyişləri yüksək qiymətləndirir
Milli Məclisin sədri Sahibə Qafarova və İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova son dövrlərdə ölkələrimiz arasında fəal siyasi dialoqun müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, bu, ikitərəfli əlaqələrin mövcud vəziyyətinin və perspektivlərinin ətraflı müzakirəsinə imkan yaradır.
Bugünkü ikitərəfli görüşdə parlamentlər arasında əlaqələrin müzakirə olunduğunu bildirən Sahibə Qafarova deyib ki, tərəflər parlament üzvlərinin, ayrı-ayrı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol da mətbuata bəyanatında görüşdə konstruktiv, yaxın və faydalı müzakirələr aparıldığını qeyd edib. Eyni zamanda, İspaniya Deputatlar Konqresinin sədri kimi Azərbaycanda olmaqdan böyük şərəf duyduğunu söyləyib. O, bu səfərin iki ölkə arasında əlaqələri möhkəmləndirmək niyyətinə xidmət etdiyini qeyd edib. Konqresin sədri deyib ki, İspaniya iki ölkə arasında paylaşdığımız dəyərləri, yüksək səviyyədə dialoq imkanını daha da möhkəmləndirmək istəyir. Parlament diplomatiyası ölkələr arasında anlaşmanın, etimadın artırılması və regional sabitliyə töhfə vermək üçün vacib bir alətdir.
2025-ci il avqustun 8-də Vaşinqton görüşündə imzalanmış razılaşmadan sonra Azərbaycan və Ermənistan arasında başlayan münasibətlərin normallaşması prosesində əldə olunan irəliləyişləri İspaniyanın yüksək qiymətləndirdiyini söyləyən Fransina Armenqol ümidvar olduğunu bildirib ki, müvafiq şərait yaradıldığı təqdirdə bu proses Qarabağ regionunda onilliklər boyu davam edən münaqişəyə son qoyan sülh sazişi ilə nəticələnəcək, həmçinin yeni bir tərəqqi və əməkdaşlıq dövrünü açacaq.
O, həmçinin qeyd edib ki, İspaniya və Azərbaycan arasında ikitərəfli əlaqələri dərinləşdirmək üzrə ortaq iradə aşkar şəkildə ifadə olunur. Görüşdə mövcud razılaşmaların, məsələn, turizm və təhsil sahəsində anlaşma memorandumu kimi sənədlərin çərçivəsini genişləndirməyin vacibliyi barədə də fikirlər ifadə olunub. Deputatlar Konqresinin sədri bildirib ki, hər iki ölkə parlamentlər arasında əlaqələrin möhkəmlənməsində birgə çalışır. Eyni zamanda, ölkələrimiz yaşıl enerjinin inkişafında işləməyə razılıq göstərir.
“Bu, mənim Azərbaycana birinci səfərimdir. Biz əməkdaşlığımızı daha da gücləndirməliyik. Parlamentlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün hər iki tərəfin deputatları böyük iş görürlər”, – deyə İspaniya Deputatlar Konqresinin sədri vurğulayıb.