Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur
Məlum
olduğu kimi, Davos İqtisadi Forumundan əvvəl 2026-cı il üçün qlobal risklər
açıqlanıb. Əsas təhlükə yeni rəqabət dövründə geosiyasi və iqtisadi risklərin
artması ilə bağlıdır. Görünən budur ki, növbəti iki
ildə qeyri-sabitlik proqnozlaşdırılır. Belə ki, geoiqtisadi rəqabət və iqtisadi
silahlanma, dövlətlərarası münaqişələr, regional qeyri-sabitlik, beynəlxalq əməkdaşlığın
zəifləməsi, texnologiya-əsaslı risklər, iqtisadi
qeyri-sabitlik qlobal problemlər sırasında olacaq.
Feyk xəbərlər
və dezinformasiya ikiillik proqnozda ikinci yerdədir. Ölkəmiz
üçün 2026-cı il hesabatında da yer alan əsas risklər kibertəhlükəsizlik, yanlış
məlumat və dezinformasiyadır.
Azərbaycan əslində
uzun illərdir məqsədli dezinformasiya kampaniyalarının hədəfidir. 30 ilə yaxın
davam edən işğal dövründə olduğu kimi, post-münaqişə dövründə də bu çirkin
kampaniya davam edir. Mütəmadi olaraq insan hüquqları və demokratiya bəhanəsilə
ölkəmizə qarşı qara piar kampaniyası aparılır. Məqsədli şəkildə ölkəmizə qarşı
faktların təhrif edilməsi, sosial şəbəkələrdə troll şəbəkələrinin aktivləşməsi,
xarici mediada qərəzli məqalələrin yayılması kimi vasitələrə əl atılır. Təəssüf
ki, bu prosesdə antimilli ünsürlərdən alət kimi istifadə olunur. Ölkə hüdudlarından kənarda “bloger” adı altında fəaliyyət göstərən
milli satqınlar kommersiya maraqları
naminə dövlətçilik maraqlarını qurban verirlər. Ümumiyyətlə, xarici qərəzli mərkəzlər
üçün antimilli qüvvələr ən rahat alətdir. Onlardan mütəmadi şəkildə bu və ya
digər formada maşa kimi istifadə olunur.
Bu cür dezinformasiya Azərbaycanın beynəlxalq
nüfuzuna və milli maraqlarına zərər vurmağı hədəfləyir.
Ölkəmizi hədəf alan dezinformasiya siyasətinə
qarşı mübarizə zəruridir. Bu, ilk növbədə milli təhlükəsizliyin qorunması üçün
vacibdir. Beynəlxalq ictimaiyyətə obyektiv həqiqətlərin çatdırılması təmin
olunmalıdır.
Burada media savadlılığının artırılması, beynəlxalq
media və platformalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Dezinformasiya XXI əsrin ən təhlükəli
“silah”larından biridir. Ona qarşı mübarizə yalnız dövlətin deyil, medianın, vətəndaş
cəmiyyətinin və hər bir fərdin məsuliyyətidir. Azərbaycan üçün bu mübarizə həm
milli maraqların müdafiəsi, həm də beynəlxalq informasiya məkanında ədalətli
mövqeyin qorunması baxımından həyati əhəmiyyət daşıyır.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı