Almaniyanın müdafiə naziri Bundesverin hərbçilərinin Qrenlandiyaya göndərilməsini doğru addım hesab edir
Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Qrenlandiya məsələsi ilə bağlı gömrük mübahisəsində Almaniyanın guya eskalasiyaya səbəb olması ilə bağlı ittihamlarını rədd edib.
AZƏRTAC xəbər verir ki, nazir bu barədə ARD telekanalına açıqlamasında Bundesverin hərbçilərinin NATO çərçivəsində Qrenlandiyaya göndərilməsini doğru addım hesab edərək deyib: “NATO-da hamı bundan məlumatlı idi. Bu, NATO tərəfdaşları arasında razılaşdırılmış addım idi”.
O, kəşfiyyat missiyasının başlanmasından qısa müddət sonra ABŞ Prezidenti Donald Trampın Almaniyanı gömrük rüsumları ilə təhdid etdiyini, lakin sonradan bu təhdidləri geri götürdüyünü qeyd edərək, bunun ABŞ tərəfində yaranmış anlaşılmazlıq olduğunu vurğulayıb. Missiyanın eskalasiyaya səbəb olmadığını vurğulayan nazir bildirib: “ABŞ Prezidenti tərəfindən gömrük rüsumlarının geri götürülməsi göstərir ki, Vaşinqtonda açıq bir anlaşılmazlıq yaranmışdı”. O, bu addımın heç kimə qarşı yönəlmədiyini, məqsədin NATO-nun Qrenlandiyadakı məsuliyyətini göstərmək olduğunu vurğulayıb.
B.Pistorius, həmçinin Donald Trampın Davos Forumunda NATO-nun Baş katibi ilə Qrenlandiya məsələsi barədə gələcək çərçivə razılaşması barədə razılığın əldə olunmasına da münasibət bildirib. Müdafiə naziri bunun hər hansı rəsmi razılaşma deyil, adi müzakirə olduğunu qeyd edərək, Qrenlandiya və Danimarkanın danışıqlarda iştirak etmədiyini deyib.