ABŞ iqtisadi partnyor kimi hansı ölkəni seçəcək
Dünyanın iqtisadi taleyi bundan asılı olacaq
Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatması barədə ümidlər boşa çıxdı. Belə ki, Prezident Donald Trampın son bəyanatlarından aydın görünür ki, şimal qonşumuz Ukrayna ilə bağlı razılığa gələ bilmir. ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mövcud münasibətləri bir qədər də gərginləşdirib.
Ukraynanın ABŞ-dən “Tomahawk” raketlər almaq istəməsi isə bu gərginliyin daha da artmasına səbəb olub. Düzdür, Amerika bu raketlərin verilməsi barədə qəti fikir bildirmir. Daha çox bundan Rusiya ilə anlaşmaq üçün alver edir. Çünki bu raketlər 1500 kilometr məsafəyə qədər uça bilir və onun şimal qonşumuzun mövcud hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi çox çətindir. Bundan ABŞ Rusiya ilə danışıqlarda öz şərtlərini qəbulu üçün təzyiq aləti kimi istifadə etmək istəyir.
Ancaq aparılan danışıqlardan, verilən bəyanatlardan aydın görürük ki, mübarizə hərb meydanından iqtisadi sahədə daha amansız gedir. Qərb artıq Rusiyaya Ukrayna vasitəsilə hərbi təzyiq göstərib diz çökdürə bilməyəcəyini anlayıb. Qərb hərbi mütəxəssisləri bunu dəfələrlə açıq şəkildə bəyan edib. Düzdür, bu müharibə Rusiya üçün hərbi cəhətdən çox çətinliklər yaradıb. Şimal qonşumuzun təbliğatçı-politoluqları “biz bu işi bir həftəyə bitirəcəyik” tezisi özünü doğrultmadı. Hərbi əməliyyatların başlanmasından 4 il keçsə də, Ukrayna hələ öz suverenliyi uğrunda mübarizəni ləyaqətlə davam etdirir.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların 19-cu paketini açıqladı. Ancaq burada bir məsələyə diqqət yetirmək lazımdır – bundan əvvəlki sanksiyalar Rusiyanın iqtisadi çöküşünə səbəb oldumu? Xeyr. Belə ki, Avropa İttifaqı özü tərəfindən qəbul edilən bir çox sanksiyaların işlənməməsinə göz yumur. Niyə? Ona görə ki, müasir dünyada iqtisadi maraqlar siyasi maraqlardan daha üstün olub. Qərb siyasi elitası həmişə iqtisadi elitadan asılı olub və onların seçkilərdə qalib gəlməsi də biznes dairələrin rəyindən çox asılıdır. Bu üzdən siyasətçilər biznes dairələri ilə razılşamağa məcburdur.
Məsələn, indiyədək Avropa İttifaqının Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq etməsinə baxmayaraq, “qoca qitə” şimal qonşumuzun ticarət partnyorları arasında 3-cü yerdədir. Təkcə bu fakt onu göstərir ki, sanksiyalar hələlik gözlənilən təsir göstərməyib. Sonuncu sanksiyalara görə Aİ ölkələri növbəti ildən Rusiyadan enerji daşıyıcıları almayacaq. Bəri başdan belə bir qərarın qəbuluna Macarıstanla Çexiya etiraz edir. Macarıstan açıq şəkildə bəyan edir ki, Rusiya ilə iqtisadi əlaqələri davam etdirmək onun milli maraqlarına uyğundur.
Avropa İttifaqının əvvəllər qəbul etdiyi sanksiyalara görə birliyə daxil olan ölkələr və onların bayrağı altında üzən mülki gəmiləri Rusiya mallarını daşıya bilməz. İndi məlum olub ki, burada heç bir problem yoxdur, şimal qonşumuzun istər enerji daşıyıcıları, istərsə də digər yükləri daşqa adlar altında daşınır və bunu hamı bildiyi halda, heç kəs mane olmur.
Ancaq məsələ ondadır ki, Avropa ölkələri özləri belə bir oyunda yer alsalar da, bundan birliyə üzv olmayan ölkələrə qarşı şantaj aləti kimi istifadə edirlər. Biz bunu qardaş Türkiyəyə qarşı səslənən bəyanatlardan aydın görürük. Təkcə Türkiyəmi? İşlərinə gəlmədikləri halda başqa ölkələrə qarşı da təzyiq aləti kimi istifadə etməyə çalışırlar.
Rusiya ilə ikili oyun oynayan təkcə Avropa İttifaqı deyil, Amerika da indiyədək bu oyunu sakit və gizli şəkildə aparır. Məlum olub ki, ABŞ ilə Rusiya arasında olan gizli ticarətin həcmi açıq ticarətdən qat-qat üstündür. Görünən odur ki, heç bir ölkə Ukraynaya görə öz iqtisadi maraqlarını qurban vermək istəmir. Sadəcə olaraq Ukrayna xalqının faciəsi üzərində bütün tərəflər öz iqtisadi və siyasi maraqlarını təmin etmək istəyirlər. Rusiyanın gəlirləri barədə açıqlanan statistik rəqəmlər bunu bir daha təsdiq edir. Belə ki, 2023-cü ilə nisbətən 2024-cü ildə şimal qonşumuzun gəlirləri artaraq 330 milyard dollara çatıb. Cari ildə də şimal qonşumuzun gəlirlərinin artmasında elə bir problem yoxdur. Ancaq növbəti ildən belə bir çətinliklə qarşılaşmaq ehtimalı yüksəkdir.
ABŞ-Rusiya münasibətlərin qarşıdakı ildə daha gərgin olması gözlənilir. Belə ki, Amerika Ukrayna müharibəsi ilə bağlı Rusiyadan istədiyini ala bilmir. Okeanın o tayında belə fikirləşirdilər ki, şimal qonşumuzla razılığa gəlib əsas iqtisadi rəqibi olan Çinə qarşı birgə mübarizə aparsınlar. Ancaq Rusiya bundan imtina etdi. ABŞ-nin son bəyanatları onu göstərir ki, okeanın o üzündə siyasətdə dəyişiklik olub. Belə ki, Donald Tramp Çinə tətbiq etdiyi 100 faizlik gömrük rüsumunu ləğv etdi. İndi tezliklə Çin rəhbəri Si Cinpinlə görüşüb dünyanın idarə edilməsində birgə hərəkət etmək istəyir. Dünyada bu fikirdə olan çoxsaylı beynəlxalq məsələlər üzrə tanınmış mütəxəssis var. Bunun baş tutub-tutmaması zaman məsələsi olmaqla yanaşı, nələr barədə razılaşa bilmələrindən asılıdır.
Hazırda Amerikanın siyasətində əsas məsələ Rusiyaya iqtisadi təzyiqi gücləndirib ondan istədiyini almaqdır. ABŞ-nin təzyiqi altında Hindistan Rusiyadan neft alışını dayandırır, Çin isə neft alışının həcminin azalacağı barədə bəyanat verib. Bu isə gəlirlərinin çoxunun əsasən neft satışında əldə edən şimal qonşumuz üçün arzuolunmaz haldır. İndi hamı bu həmləyə qarşı şimal qonşumuzun hansı addım atacağını gözləyir.
Digər tərəfdən Amerikanın qayğıları heç də Rusiyadan az deyil. Bu ölkənin dövlət borcu sürətlə artır. Rəqəmlər müxtəlifdir – 30 trilyondan çox olduğu deyilir. Bu üzdən dünyada ABŞ-nin pul vahidi olan dollara etimad sürətlə tükənir, hamı ehtiyat valyuta kimi qızıla üstünlük verir. Hazırda dövlətlər iri həcmdə qızıl almağa başlayıblar və bu üzdən qızılın dəyəri “kəllə-çarxa” çıxıb. ABŞ-nin rüsumları artırmaq, başqa ölkələrə təzyiq göstərməsi də bununla bağlıdır. İndi heç kəs dəqiq bilmir ki, bu qarışıq zamanda dünyanın iqtisadi taleyi necə olacaq.
Rüstəm KAMAL,
“Azərbaycan”