Skip to content

LIVE PRESS

Operativ Obyektiv Media

Primary Menu
  • BAŞ SƏHİFƏ
    • XƏBƏR
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Live
  • Home
  • Ölkə
  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

LIVE PRESS 24/01/2026 15 minutes read
adini-vətənin-azadliq-tarixinə-yazdi

Adını Vətənin azadlıq tarixinə yazdı

Vətən Müharibəsi Qəhrəmanı şəhid Azad Hümbətov daim xatırlanacaq

Qışın oğlan çağı idi. Hava şaxtalı, yollar şüşə kimi buz bağlamışdı. O isə növbəti xidməti tapşırığını icra etdikdən sonra təhlükəli yollarla qulluq etdiyi hərbi hissəyə dönürdü. Həmin vaxt nə qədər məharətlə idarə etsə də yolda, buz üzərində ziq-zaq cızan avtomobili qəfil sürüşərək kanala aşmışdı. Bir anlıq ömrünün sonuna yaxınlaşdığını düşünən gənc hərbçi həyatla ölüm arasındakı o qısa dilimdə kəlmeyi-şəhadətini deməyə çalışmış, ancaq nə illah etsə də, bu sözləri dilinə gətirə bilməmişdi… Və elə o an anlamışdı ki, alın yazısına indi Tanrı dərgahına qovuşmaq yazılmayıb. İrəlidə onu daha böyük missiya, Vətən qarşısında yerinə yetirəcəyi daha məsuliyyətli tapşırıqlar gözləyir…

Hələ torpaqlarımızın azadlığı uğrunda mübarizəyə atılacaq, çox qəhrəmanlıqlar göstərəcək, çarpışaraq vuruşacaq, taqımı ilə birgə düşmənə çox dağ çəkəcək, qəsbkarların xeyli canlı və texniki qüvvəsini sıradan çıxaracaq, hərbçi yoldaşlarını mühasirədən qurtaracaqdı… Yurdlarımızın bir-bir azadlığına qovuşdurulduğunu ata-anasına sevinclə müjdələyəcəkdi… 

Elə olacaqdı ki, çiyin-çiyinə vuruşduğu döyüşçü qardaşlarının yarıda qırılan kəlmeyi-şəhadətlərini dərin üzüntü və əzab içərisində gözlərindən yaş süzülə-süzülə o tamamlayacaqdı… 

Eh…

Hərbi Memorial Məzarlıqda – İkinci Fəxri xiyabanda məzarı başında anası və bacıları acı göz yaşları tökəcəkdilər… 

Amma hələ bunlar çox sonra olacaqdı…

Hələliksə Vətən müharibəsinin 30 günü ərzində cəmi 24 bahar qismət olmuş ömrünə dastana çevriləcək qəhrəmanlıqlar sığdıran baş leytenant Azad Arif oğlu Hümbətov könlündə vətən eşqi, torpaq sevgisi ilə hərbi sahədəki bilik və bacarıqlarını daha da təkmilləşdirmək üçün gecə-gündüz hazırlaşacaqdı, üzərində işləyəcək və gündən-günə peşəkarlığını artıracaqdı… 

Adını Vətənin azadlığına yazacağı, tale payının qısa olacağı ürəyinə dammış kimi…  

Son görüş, son vida     

2020-ci il sentyabrın 15-i idi – bir payız günüydü. Amma Bakıda yaşayan Hümbətovlar ailəsi üçün həmin gün adi deyildi. Ev sevinc içində idi. Füzulidə xidməti qulluqda olan hərbçi oğulları Azad uzun fasilədən sonra valideynlərinə, bacılarına baş çəkməyə gəlmişdi.

Oğlunun yolunu gözləyən Leyla ana sübh tezdən qalxmışdı. Qollarını çırmalayıb neçə vaxtdır qəribsədiyi oğlunun xoşladığı xörəkləri bişirirdi. Azadın gəlişi evdə toy-bayrama çevrilmişdi. Deyib-gülmüşdülər, xatirələri xatirələrə calamışdılar… Amma Leyla ana bütün bu sevincin içərisində qəribə bir nigarançılıq da hiss etmişdi. Azad sanki onlarla vidalaşırmış kimi davranırdı. Ana ürəyinə daman bu qara hissləri cidd-cəhdlə özündən uzaqlaşdırmağa çalışsa da, alınmırdı. Onsuz da ilin əvvəlindən bəri Azadla bağlı yuxularını qarışdırırdı. 

Leyla xanım göz yaşları içərisində həmin günü belə xatırlayır: “Azad sentyabrda evə gələndə büruzə vermək istəməsə də, deyib-gülsə də, nəsə fikirli, durğun idi. Elə hey məni qucaqlayır, öpürdü. Divanda atasının yanında uzanıb uşaq kimi ona sığınmışdı. İndi o anları bir-bir gözümün qabağına gətirəndə hər şey mənə aydın olur. O bilirmiş ki, bu, bizimlə son görüşü ola bilər. Amma bircə kəlmə də müharibə olacağı, döyüş ehtimalından danışmadı. Getmək vaxtı çatanda isə qapının ağzında mənə elə bir məna ilə baxdı ki, ürəyimə səbəbini bilmədiyim bir ağırlıq çökdü. Elə bil daş asıldı sinəmdən. Demə, Azad gözləri ilə mənimlə vidalaşırmış… Demə, bu, həyatda ürəkdən son dəfə sevindiyim gün imiş… Demə, balamla son görüşüm imiş…”

“Vətən oldu oğullar” rubrikasında Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, tank taqım komandiri Azad Hümbətovun 24 illik qəhrəmanlıqlarla dolu ömür yoluna anası Leyla Hümbətova ilə birlikdə nəzər salırıq.

Şəhidliyindən beş ildən çox vaxt keçməsinə baxmayaraq, ana hələ də Azadsızlığı qəbul edə bilmir. Azadın xatirələri dilində qabara, həsrəti isə ürəyindən süzülüb gözlərində yaşa çevrilir. Yaralı ananın ürəyi gerçəyi qəbul etsə də, ayrılığa heç cür tab gətirə bilmir… 

Şərəfli zabit ömrü  

Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun günüdür – doğum günüdür…

Şəhid Azad Hümbətov 1996-cı il yanvarın 24-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. 2002-ci ildə Nərimanov rayonunda 82 nömrəli məktəbin I sinfinə qəbul olub, yuxarı sinifləri isə Bakı şəhəri 291 saylı Ekologiya liseyində oxuyub. 

 2013-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin (Heydər Əliyev adına Hərbi İnstitut ) tank bölüyü ixtisasına daxil olan Azad Hümbətov 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi alaraq başa vurub.Təyinatı üzrə elə həmin il Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə xidmətini davam etdirib. O, 2018-ci il “Azərbaycan Ordusunun 100 illiyi” münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşıyıb. Daha sonra “Silahlı Qüvvələrin 100 illiyi” medalı ilə təltif edilib.

Həyatını hərbi sahəyə bağlayan Azad Hümbətov Silahlı Qüvvələrin təlim və tədris mərkəzində 45 günlük zabit heyətinin təkmilləşdirmə kursunda iştirak edib və kursu müvəffəqiyyətlə başa vurduğu üçün baş leytenant rütbəsi alıb.

Vətən müharibəsinin ilk günlərindən A.Hümbətov döyüşlərə qatılıb. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib.

Döyüş zamanı A.Hümbətovun komandanlıq etdiyi tank minaya düşüb. Özü ayağından yaralanıb. Buna baxmayaraq, güc toplayıb və yaralı silah yoldaşını 25 kilometr belində daşıyaraq meşə ərazisinə gətirib. Sonra çətinliklə 2 gün yaralı halda döyüş yoldaşını daşıyaraq, öz postlarına gəlib çata bilib. Bundan sonra Azadın vəziyyəti ağırlaşdığına görə onu müalicə almaq üçün Beyləqana göndəriblər. Lakin o müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdıb. 

Azad Hümbətov əvvəlcə müharibədə tank taqımı komandiri vəzifəsində iştirak edib. Döyüşlər zamanı bölük komandiri yaralandığı üçün həmin vəzifəni icra etməyi Azad Hümbətova həvalə ediblər. Düşmənin 5 tankını öz mövqelərimizə gətirməyi bacarıb. Dəfələrlə yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxaran igid tankçımız 2020-ci il oktyabrın 27-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azad Hümbətov Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azad Hümbətova ölümündən sonra  “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib,  “Vətən uğrunda”,  “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Döyüşlərə gülə-gülə yollanırdı

Azadla bağlı yaddaşında silinməz iz buraxan, acılı-şirinli xatirələrini göz yaşları içərisində bizimlə bölüşən Leyla Hümbətova dedi ki, bütün uşaqlar kimi, Azad da dəcəl  olub, amma heç zaman ona problem yaratmayıb: 

– Bir dəfə o, mənə deməyib ki, ya başı ağrıyır, ya da xəstələnib. Kiçik yaşlarından özünü böyüklər kimi aparırdı, nə problemi olurdusa özü həll etməyə çalışırdı. Məktəbdə də müəllimləri həmişə ondan razılıq edirdilər. Elə o zamanlardan hiss edirdim ki, Azad hərbi sahəyə çox meyillidir. Otağına daxil olanda da görürdüm ki, əksər vaxtlarda kompüterdə tankla hansısa döyüş oyununu oynayır. Beləcə o öz gələcək həyatını hərbi sahə ilə bağlamağa qərar verdi. Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil oldu. Məktəbi bitirdikdən sonra isə öz istəyi və təyinatla Qarabağa, Füzuliyə xidməti vəzifəyə yollandı. 

O, Füzulidə xidmətdə olanda özünə böyük hörmət qazanmışdı. Azad şəhid olanda Füzuli camaatı mənə o qədər dəstək oldu ki… Zəng vurdular, gəlib dərdimə şərik oldular… Hətta bir nəfər mənə zəng vurub dedi ki, bilirsiz, Leyla xanım, siz gələcəyin  ağsaqqalını itirdiniz. Yaşı az olsa da, Azad özünə yoldaşları, onu tanıyanlar arasında bu cür hörmət qazanmışdı. Bir hərbçi kimi də öz sözünü demişdi. İşində peşəkarlığı, nizam-intizamı ilə seçilmişdi və qüsursuz xidmətə görə təltif olunmuşdu. O, Vətən müharibəsində çox böyük hünər göstərmişdi. Sonradan komandiri danışır ki, Azadın gözündə qorxu yox idi, döyüşə gülə-gülə yollanırdı. 

Müharibə boyu bizimlə telefonla danışanda deyirdi ki, hər şey yaxşıdır, narahat olmayın, tezliklə qələbə bizim olacaq. Bir də “ana, mənimlə bərabər buradakı bütün əsgərlərimizə dua et” deyirdi…

O, çox vətənpərvər idi və bir hərbçi kimi torpaqlarımızın işğalda olması ilə heç cür barışa bilmirdi. Hələ Vətən müharibəsinə qədərki dövrlərdə o mənə bir neçə dəfə demişdi ki, torpaq uğrunda canından belə keçməyə hazırdır. 2016-cı il Aprel döyüşləri zamanı o, üçüncü kursda oxuyurdu. O vaxt mənə dedi ki, “ana, icazə versəydilər, biz də döyüşə gedərdik. Canımız vətənə qurbandır”. Günnüt döyüşləri vaxtı ona zəng vurdum ki, Azad, narahatam səndən. Dedi ki, aya ana, hərbi məktəbi ona görə oxumuşam ki, vətənin keşiyində duram. Bir dəfə də Füzulidə xidmətdə olanda qış vaxtı “NİVA” ilə Qarabağ kanalına aşmışdı. Oradan çıxmaq qeyri-mümkün idi. Birtəhər maşının şüşəsini sındırıb suyun dibindən çıxmışdı. Aylardan sonra bu hadisə barədə mənə danışanda dedi ki, “ana, o anda düşündüm ki, Qarabağa gəlib belə “ucuz ölüm”lə ölmək istəmirəm”. General Polad Həşimov şəhid olanda Azadla danışdım. O qədər qanıqara, kədərli idi ki… Ancaq qisas haqqında düşünürdü…

Vətən müharibəsi dövründə Azad vaxtı olanda evə zəng vururdu. Ruh yüksəkliyi içərisində deyirdi ki, tezliklə qələbə çalacağıq. Biz döyüşlərdə onun göstərdiyi qəhrəmanlıqları, yaxud yaralanması barədə heç nə bilməmişdik. Bütün bunlar haqqında ölümündən sonra məlumatlanmışdıq. Yəni Azad heç zaman bizim ona görə narahat olmağımızı istəmirdi. Belə ağsaqqal, müdrik, ailəcanlı idi balam…

Azadın özünün şəhidlik haqqında dedikləri məndə onu itirəcəyimlə bağlı daimi narahatlıq yaratmışdı. Psixologiyam pozulmuşdu, yuxularımı qatırdım, daim səksəkə içərisindəydim. 2020-ci il girəndən isə tamamilə yatağa düşdüm. Düz deyirlər ki, ana ilə bala arasında bağ var. Övladı ilə əlaqədar hər şey əvvəlcədən ona sanki əyan olurmuş.  

Gedirəm məzarına, başdaşını qucaqlayıb şəklini öpürəm. Deyirəm “Azad, məni bağışla, bir ana kimi sənə doyunca qulluq eləyə bilmədim…” 

Bilirsiniz, məni bir ana kimi incidən odur ki, balama ürəyim istəyən kimi qulluq etməyə macal tapmadım. Uşaqlıq dövründə bütün analar övladlarına qayğı göstərir, eləcə də mən. Amma həyat elə gətirdi ki, 13 yaşından Azad məndən uzaqda oldu. Liseydə, daha sonra ali hərbi məktəbdə oxudu. Ondan sonra da hərbi qulluğa getdi. Yəni zaman elə sürətlə keçdi ki, vaxt olmadı balamı gözüdolusu görüm, qayğısına qalım… Düşünürdüm ki, xoşbəxt günlərimiz hələ qabaqdadır… Ona toy edəcəkdim, gəlin gətirəcəkdim… Amma qismət belə imiş…

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Təki Vətən sağ olsun! 

İkinci Qarabağ müharibəsində   xalqımız Vətən imtahanına çəkildi və ondan üzüağ çıxdı… Nə qədər ağrı-acılı olsa da, kimisi övladından, kimisi sevgisindən, kimisi isə Azad Hümbətov kimi canından keçməyi bacardı… 

Vətən yaşasın deyə…

Müharibə başlayanda Azad artıq qərarını vermişdi. O, bu savaşda yalnız hərbçi deyildi, ana torpağın haqqını özünə qaytaran oğul idi. Buna görə də döyüşlərə girəndə ölüm qorxusunu düşünmürdü. O, ölməyi yox, torpağını, bayrağını, xalqını yaşatmağı düşünürdü. Yer titrəyəndə, torpaq alovla qucaqlaşanda Azad tankı ilə irəli şığıyırdı. Hər atəşdə bir addım irəli gedirdilər, hər hücumda bir qarış torpaq azadlığa yaxınlaşırdı. O, silahdaşlarını da tək qoymadı, mühasirədən çıxartdı, yaralansa da, geri çəkilmədi, daim irəli getdi. Sinəsini düşmən gülləsinə sipər edəndə, ölümün soyuq nəfəsini hiss etdiyi o son anda da Azad yenə öndə oldu. Göy üzü torpağa qarışanda Azadın qəlbindən keçən son hiss də qorxu olmadı. Anası, atası, bacıları keçdi yaddaşından… İllər əvvəl yarımçıq qalan kəlmeyi-şəhadətini tamamladı…

Bu dəfə sözlər dilinə gəldi, bu dəfə Tanrı dərgahına yolu açıq idi…

Taleyinə qısa, amma şərəfli 24 bahar yazılmış Azad Hümbətov qəhrəmanlıqla şəhidlik zirvəsinə ucaldı…

 

Yasəmən MUSAYEVA, 

“Azərbaycan”

Müəllif haqqında

LIVE PRESS

See author's posts

Post navigation

Previous: Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
Next: Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

Related Stories

qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

LIVE PRESS 24/01/2026 0
sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

LIVE PRESS 24/01/2026 0
“baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib  
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

LIVE PRESS 24/01/2026 0
PRESİDENT.AZ
MEDİA.GOV.AZ
REKLAM YERI

Son Mesajlar

  • Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq
  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
  • Səhnənin sönməz ulduzu

REKLAM

Görüntülenecek bir yorum yok.

Trend XƏBƏRLƏR

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq 1
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

24/01/2026 0
Adını Vətənin azadlıq tarixinə yazdı adini-vətənin-azadliq-tarixinə-yazdi 2
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

24/01/2026 0
Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi 3
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

24/01/2026 0
“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib   “baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib   4
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

24/01/2026 0
Səhnənin sönməz ulduzu səhnənin-sonməz-ulduzu 5
  • Ölkə

Səhnənin sönməz ulduzu

24/01/2026 0

Bir daha bax

qarsiliqli-etimada-əsaslanan-tərəfdasliq
  • Ölkə

Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq

LIVE PRESS 24/01/2026 0
adini-vətənin-azadliq-tarixinə-yazdi
  • Ölkə

Adını Vətənin azadlıq tarixinə yazdı

LIVE PRESS 24/01/2026 0
sulh-prosesində-azərbaycan-amili-və-dəyisən-ermənistan-realligi
  • Ölkə

Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı

LIVE PRESS 24/01/2026 0
“baki-metropoliteni”-“stadler-rail-group”la-300-dək-yeni-vaqonun-alinmasini-muzakirə-edib  
  • Ölkə

“Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  

LIVE PRESS 24/01/2026 0

REDAKSİYA

LIVE PRESS MEDIA olaraq,  Sizə xəbərləri  peşəkar, obyektiv və operativ şəkildə çatdırmaq üçün buradayıq.

Bütün müəllif hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Reklam materiallarına görə məsuliyyət daşımırıq.

Email:

livepressinform@gmail.com

 

 

Kategoriler

Dünya Ekologiya Elm və Təhsil Hadisə Heydər Əliyev ili Idman Maraqlı Mədəniyyət Sağlamlıq Texnologiya Ölkə İqtisadiyyat

Son Yazılar

  • Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq
  • Adını Vətənin azadlıq tarixinə yazdı
  • Sülh prosesində Azərbaycan amili və dəyişən Ermənistan reallığı
  • “Bakı Metropoliteni” “Stadler Rail Group”la 300-dək yeni vaqonun alınmasını müzakirə edib  
  • Səhnənin sönməz ulduzu
  • BAŞ SƏHİFƏ
  • XƏBƏRLƏR
  • REKLAM və ABUNƏLIK
  • Əlaqə
Müəllif hüququ © Bütün hüquqlar qorunur. | MoreNews by AF themes.