Akademik Asəf Hacıyev: Elmə ayrılan vəsait iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir
Azərbaycan Milli Elmlər Akademiyası 80 illik fəaliyyəti dövründə zəngin inkişaf yolu keçib, ölkəmizin elmi potensialının formalaşmasında, milli elmi məktəblərin yaradılmasında və nüfuzlu alimlərin yetişməsində mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi akademik Asəf Hacıyev AMEA-nın Rəyasət Heyətində Akademiyanın 80 illik yubiley tədbirinin İkinci sessiyasında çıxışı zamanı bildirib.
AMEA-ya rəhbərlik etmiş dahi şəxsiyyətlər və onların elmimizin inkişafındakı xidmətlərindən bəhs edən akademik Asəf Hacıyev AMEA-nın ilk prezidenti – görkəmli cərrah Mirəsədulla Mirqasımovun Almaniyada qazandığı təcrübə sayəsində Azərbaycanda tibbi cərrahiyyə məktəbinin əsasını qoyduğunu vurğulayıb. O, həmçinin AMEA-nın inkişafında mühüm rolu olmuş akademik Yusif Məmmədəliyevin xidmətlərindən danışaraq, alimin iki dəfə AMEA prezidenti seçildiyini və onun kimya elminə verdiyi töhfələr sayəsində Azərbaycan neft-kimya məktəbinin dünya miqyasında tanındığını qeyd edib. Bildirib ki, SSRİ Elmlər Akademiyasının akademiki Nikolay Zelinskinin tələbəsi olmuş Yusif Məmmədəliyevin işləyib hazırladığı xüsusi qatqı İkinci Dünya müharibəsi illərində SSRİ aviasiyasının yüksək oktanlı yanacaqla təmin edilməsində böyük rola malik olub.
Asəf Hacıyev 1950-ci ildə AMEA-ya rəhbərlik etmiş akademik Musa Əliyevin və 1962–1967-ci illərdə Akademiyanın prezidenti olmuş akademik Zahid Xəlilovun fəaliyyətindən də danışıb. O, akademik Musa Əliyevin rəhbərliyi altında yeni elmi-tədqiqat institutlarının, bölmələrin yaradıldığını, böyük elmi layihələrin həyata keçirilməsi istiqamətində işlərin görüldüyünü söyləyib, alimin Azərbaycanın elmi inkişafında oynadığı müstəsna rolu vurğulayıb. Həmçinin SSRİ məkanında funksional analiz üzrə ilk monoqrafiyanın müəllifi olan akademik Zahid Xəlilovun riyaziyyat sahəsindəki tədqiqatları ilə Akademiyanın beynəlxalq nüfuzunun artırılmasına mühüm töhfələr verdiyini qeyd edib. O, 1970–1983-cü illərdə AMEA-nın prezidenti olmuş, Azərbaycanda yarımkeçiricilər fizikası məktəbinin banisi, SSRİ və Azərbaycan elminin görkəmli fiziki, akademik Həsən Abdullayevin elmi fəaliyyətindən bəhs edib, alimin A.F.İoffe adına Texniki Fizika İnstitutunda başladığı elmi işləri və A.F.İoffenin şagirdi kimi əldə etdiyi dərin biliyi və təcrübəni xüsusi olaraq vurğulayıb. Bildirib ki, akademik Həsən Abdullayevin fəaliyyəti praktik məsələlərin elmi həlli ilə diqqət çəkib. Onun tədqiqatları, xüsusən yarımkeçiricilər sahəsindəki yeniliklər, elmi nəzəriyyəni təcrübə ilə birləşdirərək mühüm texnoloji inkişafa təkan verib.
Akademik çıxışında SSRİ Dövlət Mükafatı, eləcə də Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, akademik Tofiq Əliyev, Azərbaycan elektrofizika məktəbinin banisi, SSRİ Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Çingiz Cuvarlı, Azərbaycan biologiya elminin dünyada tanınmasında, təbliğində və beynəlxalq elmi təşkilatlarla əlaqələr qurulmasında misilsiz xidmətləri olmuş, böyük elmi məktəb yaratmış görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin elmi fəaliyyətindən də bəhs edib, onların Azərbaycan elminin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm xidmətlərini diqqətə çatdırıb.
“Elmə ayrılan vəsait yalnız bilik istehsalını deyil, həm də iqtisadiyyatın dayanıqlı inkişafını və innovasiya potensialını gücləndirir”, – deyən akademik Asəf Hacıyev əlavə edib ki, bu baxımdan Azərbaycanda da elmi tədqiqatlara ayrılan maliyyə vəsaitlərinin mərhələli şəkildə artırılması ölkənin elmi və texnoloji müstəqilliyinin təmininə xidmət edəcək.
Asəf Hacıyev qeyd edib ki, biliyin kapitala çevrilməsi, yəni elmi nəticələrin innovativ məhsul və texnologiyalara transformasiyası məsələsinə xüsusi diqqət yetirilməlidir.