
ANAMA mina fəaliyyəti ilə bağlı beynəlxalq konfransda təmsil olunur
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Yaponiyanın Tokio şəhərində oktyabrın 22-23-də təşkil edilən Ukraynada Mina Fəaliyyəti üzrə Konfransda (UMAC 2025) iştirak edir.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ümumilikdə 400-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri təmsil olunurlar. Konfrans Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteginin açılış nitqi ilə başlayıb.
Vüqar Süleymanov konfransın birinci plenar sessiyasında çıxış edərək Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud mina probleminin miqyası, törətdiyi fəsadlar, eləcə də həmin problemin aradan qaldırılması istiqamətində qarşıda duran vəzifə və hədəflər haqqında məlumat verib. Bildirib ki, mina təhlükəsi sərhədlərlə məhdudlaşmır, bu, qlobal miqyasda ən ciddi humanitar problemlərdən biridir.
Konfransda müxtəlif ölkələrin dövlət qurumlarının rəsmiləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri panel sessiyalarda çıxış və iştirak ediblər. Sessiyalarda minatəmizləmə sahəsində potensialın artırılması, rəqəmsallaşmanın rolu, texnoloji innovasiyalar və digər aidiyyəti mövzularda müzakirələr aparılıb.
Tədbir çərçivəsində ANAMA ilə Ukrayna Fövqəladə Hallar Dövlət Xidməti (SESU) arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanma ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və SESU-nun rəhbərinin müavini Roman Prymuş arasında olub. “Humanitar minatəmizləmə üzrə Azərbaycan Respublikasında təlimlərin keçirilməsinə dair” Anlaşma Memorandumunda SESU-nun humanitar minatəmizləmə üzrə mütəxəssislərinə ANAMA tərəfindən Azərbaycanda müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.