Arzusu vətənin azadlığı idi…
İkinci Qarabağ savaşının 19 yaşlı qəhrəman şəhidi Şəhriyar Həmzəyevin döyüş gündəliyi
O, bu vəfasız dünyaya gözünü məcburi köçkün kimi açdı. Doğma yurdu Kəlbəcəri, Sınıqkilsə kəndini (Hacıkənd) görmədən boya-başa çatdı. Sadəcə ata-anasının xatirələri, qanında olan torpaq sevgisi ilə bağlandı doğma Vətəninə. Ta uşaqlıqdan hərbçi olmaq istəyini, ata yurdu Kəlbəcəri azad etmək arzusunu məğrurluqla, böyük əminliklə hər kəsə söylədi. Bir də… anası Şükufənin bağrına dağ kimi basılan, bu gün də qulaqlarında dəhşətlə əks-səda verən “ana, mən şəhid olacam…” sözlərini dedi… Ürəyinə dammış kimi…
Vaxt-vədə yetişəndə əsgərliyə yollandı, 27 sentyabr 2020-ci ildə başlayan haqq savaşımız zamanı o da torpaqlarımızın bütövlüyü uğrunda döyüşə atılan mərd oğullarımızın cərgəsində oldu. Yurdlarımız bir-bir alındıqca valideynlərinə gözaydınlığı verdi, tezliklə onlarla doğma Kəlbəcərdə görüşəcəyini söylədi.
Qəhrəman döyüşçü daha bilmədi ki, amansız fələk alnına simsiyah tale yazıb. Gənc yaşında qismətinə şəhidlik düşəcək, ömrü baharında xəzana çevriləcək. Ata-anası, bacı-qardaşı arxasınca ömür boyu gözüyaşlı qalacaq.
Kim bilir, bəlkə də torpaq sevdalı bu gəncin könlündə bir ayrı pünhan sirri də vardı, bəlkə də onun yolunu həsrətlə gözləyən bir gülüzlü nigaran yarı da vardı, amma o, heç kimə ürəyini açmadı.
İkinci Qarabağ savaşının 19 yaşlı qəhrəman şəhidi Şəhriyar Elman oğlu Həmzəyev “öncə Vətən” dedi…
Şəhriyarın ruhu hər kəsdən öncə vətənə qanadlandı
Görünür, elə yurduna bu qədər ürəkdən bağlılığına görə idi ki, Kəlbəcərə, Sınıqkilsə kəndinə də hər kəsdən əvvəl Şəhriyarın ruhu qanadlandı. İndi bu yurda yollanan hər kəsi öncə doğma kəndin girəcəyində torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalan Sınıqkilsənin mərd oğulları – Birinci Qarabağ müharibəsinin şəhidi mayor Mürşüd Məmmədovun və Vətən müharibəsi şəhidi Şəhriyar Həmzəyevin xatirə lövhəsi qarşılayır. Çiyin-çiyinə vermiş qədd-qamətli qəhrəman şəhidlərin fotolarından boylanan qürur, igidlik yağan baxışları, gülümsər simaları hər kəsi qəm-qüssəyə boğur. O kədərli anlarda gözlərdən yaş süzülür… 30 illik ayrılığın ardından dədə-baba torpaqlarına yenidən qədəm basan Kəlbəcər eli onlara qayıdışı yaşatdıqları üçün müqəddəs şəhidlərimizin ruhlarına dualar edir, uca məqamları qarşısında baş əyirlər…
1 mart 2001-ci ildə Yevlax şəhərində əslən Kəlbəcər rayonunun Sınıqkilsə kəndindən olan Elman Həmzəyevin ailəsində anadan olan Şəhriyar cəmi 19 il sürən qısa ömür kitabının səhifələrinə özündən sonra doğmalarının, el-obasının qürurla anacağı şərəfli xatirələr yazıb.
2008-2018-ci illərdə orta təhsil alan Şəhriyar 2019-cu ilin aprelində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, “N” saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmzəyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində atıcı olaraq iştirak edib.
Hərbidən tərxis olunmasına cəmi bir neçə gün qalmış 19 yaşlı Şəhriyar illərdir qəlbində böyütdüyü qisas hissi ilə torpaqlarımızın azadlığı uğrunda savaşa atılıb. Elə uşaqlığından fitrətində var olan qorxmazlıq hissi ilə də verilən döyüş tapşırıqlarını hərbçi yoldaşları ilə birlikdə böyük cəsarət və hünərlə yerinə yetirməyə başlayıb.
Ata fəryadı, ana harayı…
Müharibənin başladığı ilk gündən od-alovun içərisində olmasına baxmayaraq, Şəhriyar hər dəfə anası ilə telefon əlaqəsi saxlayanda artıq özünün əsgəri xidmətinin başa çatdığını və buna görə də döyüşlərdə iştirak etmədiyini bildirir. O, ömründə ilk dəfə anasına yalan danışır, nigaran ananın ürəyini müvəqqəti də olsa, arxayın salır…
Çiyin-çiyinə vuruşduğu döyüşçü yoldaşlarının gözlərinin önündə şəhid olmasını, hər an özünün də şəhadət şərbəti içə biləcəyi kimi savaşın qəddar qanunlarını bilə-bilə…
29 oktyabr tarixi Şəhriyar Həmzəyevin müqəddəs şəhidlərimizin cərgəsinə qoşulduğu gündür. Taleyinə qısa, amma şərəflə 19 bahar yazılan Şəhriyarın xatirəsini Zəfərimizin beşinci ildönümünü qeyd etdiyimiz bu qürurlu günlərdə anmaq üçün valideynləri ilə danışmaq, qəhrəman oğulları ilə bağlı xatirələrini dinləmək istədik. Bu da acı təəssüflə vurğulayacağımız ürəkparçalayan gerçəklikdir ki, üzərindən beş il keçsə də, ana-atası Şəhriyarın yoxluğu ilə barışa bilmirlər. Sonbeşik oğulları barədə keçmişdə, xatirələrin dili ilə danışmağın gətirdiyi əzabdan qıvrılan Elman əmi heç bir kəlmə də kəsə bilmədi, susdu… Gözlərindən axan acı göz yaşları, sinəsini parçalayan hıçqırıqlar Şəhriyarsızlığın dərdli ataya necə ağır, dözülməz zərbə vurduğunun ən dəhşətli mənzərəsi, yaralı atanın səssiz fəryadı, hayqıran sükutu idi.
Həmişə Şəhriyarı özünün ruh əkizi, oxşarı adlandıran Şükufə ana hələ də özünü bilə-bilə oğlunun hərbi xidmətdə olması yalanı ilə ovudur, təsəlli tapmağa çalışır. Amansız müharibənin ocağına od saldığını bilsə belə… Dünyasının başına uçduğu, deyə-gülə əsgərliyə yola saldığı həyat dolu oğlunun bayrağa bükülmüş nəşinin həyətlərinə gətirildiyi o məşum 29 oktyabr gününü hər an ağrı-acı ilə yenidən yaşasa belə…
1992-ci ilin payızında nişanlanan Elman və Şükufə Həmzəyevlər, bir il sonra 1993-cü ilin mayında ailə həyatı qurmuşdular. El-obalarından köçkün düşmüş Kəlbəcərin Sınıqkilsə kəndinin sakinləri həmin vaxt onların toyunda görüşmüş, bir gözləri gülsə də, yurd həsrətli digər gözləri ağlamışdı…
Məcburi köçkünlüyün ən ağır məhrumiyyətləri ilə üz-üzə olan gənc ailə taxtadan tikilmiş və Şükufənin içərisinə çadır döşəyib cehizlik xalçasını sərdiyi bir daxmada yaşamağa başlamışdı. Beləcə, çətin, maddi sıxıntılarla dolu ağrılı-acılı illlər sürətlə ötüb keçmiş, Mehriban, Seymur, Ülkər, Zeynəb və Şəhriyar adlı övladları onların bu həyatda yaşam səbəbləri, ən böyük sərvətləri olmuşdu. Hələ alagözlü, sarışın gözəgəlimli və şıltaq uşaq olan sonbeşik Şəhriyar ata-anasının üzünü güldürən sevinc qaynağı idi. O, duzlu, məzəli zarafatları ilə hər zaman valideynlərinin eynini açmağı bacarırdı.
“Həyatda çox çətinliklər çəkmişdik, amma övladlarıma baxanda həmişə Allaha şükür edirdim. Onlar mənim bu dünyadaki qol-qanadım idi. Şəhriyar isə elə bil ruh əkizim idi. Görünüşü, xasiyyəti mənə oxşayırdı, hətta xoşladığımız yeməklər belə eyni idi. Qəlbən də mənə çox bağlı idi. Heç zaman razı olmazdı ki, nəyəsə kədərlənim. Ancaq elə bir qara gün gəldi ki, Şəhriyar məni özü ilə dəhşətli sınağa çəkdi, sevincə həsrət qoydu, ömürlük yasa bürüdü…”
“Torpağı al, amma şəhid olma…”
İllərin o üzündəki ömür səhifələrini vərəqləyən Şükufə ana yaddaşını çözələyərək Şəhriyarla bağlı acılı-şirinli xatirələrini göz yaşları içərisində bizimlə bölüşdü:
– Böyük oğlum Seymur Aprel döyüşlərinin iştirakçısı olub. Həmin vaxt dörd gün ondan zəng gəlmədi. O günlərdə sanki başıma hava gəlmişdi, nə gecəm vardı, nə gündüzüm, eləcə ruh kimi dolaşırdım. Dörd gündən sonra Seymur atasına zəng vurub yaxşı olduğunu deyəndə, elə bildim dünyaya yenidən gəldim. O çətin günlərdə Şəhriyar mənə böyük dayaq oldu. Bir neçə ildən sonra özü də əsgərliyə getdi və xidmətinin bitməsinə bir neçə gün qalmış müharibə başladı…
Şəhriyar çox dəcəl uşaq idi, məktəbdə də şuluqluq edirdi. Amma deyib-gülən, çox zarafatcıl idi. Özü ciddi sifət alıb elə bir gülməli söz deyərdi ki, hamı uğunub gedərdi. O, uşaqlığından qoçaqlığı, cəsarəti ilə seçilirdi. Bir müddət evdə odun sobası yandırırdıq. Qardaşı əsgərliyə gedəndə, əlim yerdə qalmasın deyə özü gedib bir maşın odun yükləyib gətirmişdi. Düz iki il istifadə etmişdik. Onda hələ Şəhriyarın cəmi 15 yaşı vardı.
Mən Laçın rayonundanam. Şəhriyar nə Kəlbəcəri, nə də Laçını görmüşdü, amma ürəyində o yerlərə qəribə bir sevgi var idi. Həmişə deyirdi ki, o torpaqları gedib alacağıq, dönəcəyik oralara. Sonra da əlavə edirdi ki, bəs birdən şəhid olsam nə edəcəksən?!
Həmin anda bilmirdim ki, o, bu sözləri ciddi deyir, yoxsa mənimlə zarafat edir… Tez ağzını əlimlə tutub deyirdim ki, torpağı al, amma şəhid olma…
Müharibə dövründə o, tez-tez evə zəng vururdu. Torpaqlarımızın ordumuz tərəfindən alındığını, amma özünün döyüşlərdə olmadığını deyirdi. Guya ki o, hərbi xidməti bitirdiyi üçün artıq mülki vətəndaşdır. Ona görə də döyüşə getmir. Az qalıb evə gəlməyinə. Mən də onun bütün bu yalanlarına inanırdım. Ürəyim sakitləşirdi. Demə, o, müharibədə od-alovun içərisində, hər an ölümlə burun-buruna imiş…
Son vida, əbədi ayrılıq
Gəncədə bir uşaq bağçasının binasında məskunlaşsaq da, müharibə dövründə Mingəçevirdə işlədiyimiz üçün Seymurla birlikdə orada qalırdıq. Elə Şəhriyarı da oradan əsgərliyə yola salmışdıq. Bir axşam Seymura zəng gəldi ki, Şəhriyar əlindən yaralanıb, gətiriblər Gəncəyə hospitala. Oğlum dedi ki, “ana, qorxma, deyirlər vəziyyəti yaxşıdır”. Maşınla Gəncədə yaşadığımız ünvana yaxınlaşanda qəfil Seymur dizlərinə, başına döyməyə başladı ki, həyətdən bayraqlar asılıb, Şəhriyar şəhid olub. Onu belə görəndə bir anlıq nitqim tutuldu, əl-qolum boşaldı… Maşından düşüb evə yaxınlaşanda gördüm ki, bacım qonşuları da bizə çağırır. Bütün bunlar mənə qəribə gəlirdi, elə hey deyirdim ki, axı Şəhriyar yaralıdır, biz hospitala getməliyik, evdə nə işimiz var?
Bir də baxdım ki, hamı başıma yığışıb və bu an həyətə bayrağa bürünmüş bir tabut gətirdilər. O andan dünyamız qaraldı. Seymurun dili tutuldu, günlərlə danışa bilmədi. Bacıları Şəhriyar deyib baş-gözlərinə döyür, atasının ürəyi gedirdi. Şirin adlı ağsaqqal əmim var. O, halımızı belə görüb mənə bir gün dedi ki, “qızım, sən özünü ələ al. Elə bil Şəhriyar əsgərlikdədir, övladlarına, ailənə dəstək ol, toxtaqlıq ver”. Təsəvvür edin ki, Seymur telefonu mənə uzadırdı ki, Şəhriyar zəng eləyəcək, cavab verərsən, qardaşım şəhid olmayıb… Bir balam şəhid olmuşdu, digər dördü də gözümün qabağında havalanırdı… Yoldaşımın üstünə həkim gəlib-gedirdi. Ürəyim parça-parça idi, amma aşkarda ağlaya da bilmirdim… Birtəhər onları toparladım, amma özüm xəstə düşdüm. Aylarla xəstəxanada yatdım… Gecə-gündüz ağlayırdım. Bir gün yuxuda gördüm ki, Şəhriyarı su aparır. Durub bacılarına danışanda dedilər ki, sən çox ağlayırsan, ona görə qardaşımız yuxuna belə girib…
Əzizinəm, odumu,
Dağdan gələn odumu?
Suyla od söndürürlər,
Su yandırdı odumu.
Allah heç bir bəndəsinin ürəyinə bala dağı çəkməsin. Ağır faciədir. Bu dərdin dərmanı yoxdur. Bircə təsəllimiz övladlarımızın canlarını fəda etdikləri Kəlbəcərin, Laçının və digər torpaqlarımızın azadlığıdır. O yurdlarda torpağını canı qədər sevən yeni-yeni Şəhriyarlar doğulacaqlar, böyüyəcəklər, vətənin qəhrəman oğulları olacaqlar…
Savaşın 33 günü
Şəhriyar Həmzəyev 44 günlük müharibənin düz 33 gününü düşmənə qarşı qəhrəmanlıqla savaşdı. Torpaqlarımızın azad edilməsində onun da xidməti oldu. Qəhrəman savaşçı 29 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı igidliklə şəhid olub. O, Göygöl rayonunun Murovdağ qəsəbəsinin Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Şəhriyar Həmzəyev ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bəli, bu gün biz ana torpaq uğrunda canından, qanından belə keçməyi bacaran böyük ürəkli Şəhriyar Həmzəyev kimi oğullar sayəsində Şuşaya, Laçına, Kəlbəcərə, Xankəndiyə, Xocalıya – bütöv Azərbaycana sahibik.
Ruhun şad olsun, qəhrəman vətən oğlu!
Xalqın, el-oban heç zaman səni unutmayacaq, daim ürəyində yaşadacaq, minnətdarlıqla anacaq.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”