Rəqəmsal Maliyyə Kooperativ Tədqiqat Mərkəzinin (DFCRC) hesabatına görə, Avstraliya tokenləşdirilmiş aktivlər və rəqəmsal maliyyə bazarları üçün aydın tənzimləmə yaratmaqla hər il təxminən 24 milyard Avstraliya dolları (təqribən 17 milyard ABŞ dolları) əlavə dəyər qazana bilər.
LivePress xarici mediaya istinadən xəbər verir ki, hesabat rəqəmsal aktivlər, tokenləşdirilmiş dövlət istiqrazları və topdansatış səviyyəsində mərkəzi bank rəqəmsal valyutası (CBDC) üçün xüsusi “sandbox” mühiti yaradılmasını təklif edir. Bu addım likvidliyi artırmaq, əməliyyat xərclərini azaltmaq və maliyyə infrastrukturunu modernləşdirmək məqsədi daşıyır.
Lakin xəbərdarlıq edilir ki, islahatlar ləngisə, Avstraliya 2030-cu ilə qədər bu potensialın yalnız kiçik hissəsini – təxminən 1 milyard Avstraliya dollarını – reallaşdıra bilər. Mütəxəssislər hesab edirlər ki, qlobal rəqabətdə geri qalmamaq üçün aydın qaydalar və institusional səviyyədə etibarlı infrastruktur zəruridir.