
Azərbaycan ilə ABŞ dövlətlərarası münasibətdə yeni tarix yazır
Azərbaycan-ABŞ münasibətləri C. Baydenin ABŞ-yə rəhbərlik etdiyi dövr istisna edilməklə, həmişə konstruktiv olub. İki dövlət arasında enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa qarşı mübarizə və digər sferalarda əməkdaşlıq həyata keçirilib. ABŞ-nin indiki Prezidenti Donald Trampın bu ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycan ərazilərini müharibə yolu ilə işğaldan azad edib. Həmin vaxt ABŞ tərəfindən problemin sülh yolu ilə həll edilməsi barədə çağırışlar səslənsə də, bütövlükdə Ağ Ev neytral mövqe nümayiş etdirmişdi.
Ağ Evin əvvəlki rəhbərliyi Azərbaycanın uğurları ilə barışa bilmirdi
Amma C.Baydenin prezident seçilməsindən sonra onun özünün və administrasiyasının respublikamıza qarşı qərəzli mövqeyi səbəbindən Azərbaycan-ABŞ münasibətləri ciddi şəkildə korlanmışdı. Görünən o idi ki, Baydenin komandası Azərbaycanın öz ərazilərinin işğaldan azad etməsi, Qarabağda erməni separatizminə son qoyması ilə razılaşa bilmirdi. Ağ Ev başda olmaqla ABŞ-nin bütün siyasi mərkəzləri az qala Azərbaycanı öz ərazilərini işğaldan azad etməkdə ittiham edirdilər.
2023-cü ilin sentyabr ayından Bayden-Blinken cütlüyü Azərbaycana qarşı ritorikalarını daha da sərtləşdirmişdilər. Çünki həmin vaxt Azərbaycan Qarabağda erməni separatizminə son qoymuş, bütün əraziləri üzərində milli suverenliyini bərpa etmişdi.
Antiterror əməliyyatlarından sonra Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı Qərb siyasi dairələri tərəfindən dezinformasiya tirajlanırdı, şayiələr yayılırdı. Həmin şayiələrin yayılması həm də ABŞ-dən idarə olunurdu. Prezident İlham Əliyev bununla bağlı deyib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsinə gəlincə deməliyəm ki, son beş ildə müxtəlif ölkələrin liderlərindən nə qədər şayiələr və təxribatlar eşitdik. Guya Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır, guya həmin ərazini güc yolu ilə ələ keçirmək niyyətindədir. Bizim bütün bunlar barədə təkzib mesajlarımız işə yaramadı, çünki bu təsəvvür artıq formalaşdırılmışdı, o cümlədən burada – Vaşinqtonda”.
Onu da qeyd edək ki, Ağ Evin əvvəlki rəhbərliyi dövründə respublikamızın rəsmi nümayəndə heyətlərinin ABŞ-yə səfər etməsinə məhdudiyyət tətbiq olunmuşdu. Bu da onu göstərirdi ki, Bayden-Blinken cütlüyü Azərbaycana təzyiq etmək üçün hər cür cılızlığa əl atırdı. ABŞ siyasiləri ölkəmizə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı təkliflər də irəli sürürdülər. Bu kimi metodlarla ABŞ-nin əvvəlki rəhbərliyi Azərbaycana təsir göstərmək niyyəti güdürdü. Əlbəttə tariximiz də sübut edir ki, Azərbaycanı hansısa təzyiq və təsirlərlə öz yolundan döndərmək mümkün deyil və bu mənada Bayden-Blinken qaragüruhunun da bütün riyakarlıqları iflasa uğradıldı, Azərbaycan öz milli maraqlarını qətiyyətlə qorudu.
Razılaşmalardan irəli gələn məsələlər müzakirə olunub
ABŞ-də Donald Trampın seçilməsindən sonra Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ başladı. Donald Tramp Ağ Evin əvvəlki rəhbərliyinin tamamilə yanlış, bu dövlətin milli maraqları ilə qətiyyən uzlaşmayan siyasət yürütdüyünün fərqində oldu və bunu onun prezident seçilməsinin ilk həftələrindən həyata keçirdiyi tədbirlər də təsdiq etdi.
Prezident İlham Əliyevin avqustun 7-8-də ABŞ-yə işgüzar səfəri məhz D.Trampın dəvəti ilə baş tutdu. Səfərin bütün detalları – yüksək qarşılanma, görüşlərin səmimiyyət atmosferində keçirilməsi, D. Trampın Prezident İlham Əliyevə Ağ Evin rəmzi açarını təqdim etməsi və məhz bu səfər çərçivəsində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması dövlətimizin başçısına və respublikamıza olan yüksək ehtiramın təcəssümünə çevrildi.
Azərbaycan-ABŞ münasibətləri baxımından bu səfərin əsas müsbət nəticələrindən biri prezidentlər tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” oldu.
Azərbaycan-ABŞ əlaqələrini strateji müstəviyə daşıyan bu sənədin mətni bir müddət əvvəl ictimaiyyətə açıqlanıb. Sənədə əsasən, iştirakçılar Strateji İşçi Qrupunda üç sahəyə diqqət yönəltmək niyyətindədirlər. Bunlar enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayələr, müdafiə məhsullarının satışı və terrorizmə qarşı mübarizə daxil olmaqla təhlükəsizlik sahəsində əməkdaşlıqdır.
Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində SOCAR və “ExxonMobil” korporasiyası arasında “Əməkdaşlıq haqqında memorandum” da imzalanıb. Bu isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirəcək.
Prezident İlham Əliyev avqustun 8-də Ağ Evdə mətbuata bəyanatla çıxışında Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın artıq başladığını bildirərək deyib: “Bu gün biz Azərbaycan ilə ABŞ arasında ikitərəfli, dövlətlərarası münasibətlərimizdə yeni tarix yazırıq. Biz strateji tərəfdaşlıq yoluna qədəm qoyuruq və bir neçə ay ərzində Strateji Tərəfdaşlıq Xartiyası işlənib hazırlanacaq. Bu isə Azərbaycan üçün tarixi nailiyyətdir”.
Bu günlərdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş rəsmisi Brendan Hanrahan Azərbaycana səfər edib. Onun ölkəmizin xarici işlər naziri Ceyhun Bayramovla görüşündə Azərbaycan-ABŞ münasibətləri, Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub. O cümlədən Brendan Hanrahanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazovla görüşlərində ABŞ-də əldə olunan razılaşmalarla bağlı müzakirələr aparılıb.
Görünən odur ki, Anlaşma Memorandumundan və ABŞ-də əldə olunan digər razılaşmalardan irəli gələn məsələlərlə bağlı praktiki addımlar atılır. Bu isə tezliklə Azərbaycan-ABŞ əməkdaşlığının daha da güclənməsi ilə əlamətdar olacaq.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”