 
        Azərbaycan-Rusiya münasibətlərində yeni səhifə
Oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təkbətək görüşü iki ölkə arasında 11 ay davam edən gərginliyə son qoymaqla münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu.
Məlum olduğu kimi, münasibətlərin gərginləşməsinə səbəb Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” HHM sistemi tərəfindən vurulması olmuşdur. İlk gündən Azərbaycan tərəfi 38 nəfərin ölümü ilə nəticələnən bu bədbəxt hadisənin qəsdən edilmədiyini xüsusi olaraq qeyd etməklə bəzi məqamları nəzərə alaraq Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulmasını etiraf etməsini, tam araşdırma aparılaraq Azərbaycan xalqından rəsmən üzr istənilməsini və bütün günahkarların məsuliyyətə cəlb olunmalarını şərt olaraq irəli sürmüşdü.
Əslində, böyük faciəyə səbəb olan, çoxsaylı insan itkisi ilə nəticələnən faciəvi hadisəyə görə qarşı tərəf bunu etməyə borclu idi. Əgər Rusiya bunu vaxtında etsəydi, həm insanlıq, həm də beynəlxalq hüquq normalarına uyğun bir davranış olardı. Amma Rusiya tərəfi bunu etmədi və Azərbaycan-Rusiya münasibətləri son bir ildə arzuolunmaz səviyyəyə düşdü.
Bu məqamda qeyd etməliyik ki, iki ölkə arasında münasibətlərin arzuolunmaz məcraya enməsində Rusiyada fəaliyyət göstərən ermənipərəst media qurumlarının da az əməyi olmadı. İllərdir Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirmək və Moskvanın siyasətini erməni lobbisinin maraqları istiqamətinə yönəltmək üçün çalışan Simonyan, Solovyov, Zatulin kimi muzdlu propaqandistlərin əlinə fürsət düşmüş oldu. Yaranmış gərginlikdə öz çirkin maraqlarını təmin etməyə çalışan təxribatçı ünsürlər Azərbaycan diasporuna qarşı təzyiqlərin artırılması yönündə xüsusi kampaniya başladaraq münasibətləri daha da korlamağa çalışdılar.
Azərbaycan tərəfi isə həmişə olduğu kimi, bu dəfə də səbir və qətiyyətlə davrandı. Bütün cəhdlərə, çirkin, feyk informasiya müharibəsinə baxmayaraq, ölkəmiz beynəlxalq hüquq qaydalarına uyğun davranış nümayiş etdirərək öz prinsipial mövqeyindən geri çəkilməyəcəyini də qarşı tərəfin diqqətinə çatdırdı. Tələb haqlı və qətiyyətli idi – təyyarəmizin vurulması etiraf olunmalı, Azərbaycan xalqından və dövlətindən üzr istənilməli, dəymiş ziyana görə kompensasiya ödənilməlidir. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə Prezident İlham Əliyev bu barədə demişdir: “Təyyarəni vuranlar cəzalandırılmalı, qurbanların ailələrinə təzminat ödənilməlidir. AZAL-ın özünə də təzminat ödənilməlidir. Daha çox təfərrüat eşitmək istəyirsinizmi? Danışa bilərəm. Bizim pilotlar cəsarət və peşəkarlıq göstərdilər. Təyyarə qəza enişi etdi. Pilotların sayəsində sağ qalanlar oldu. Təyyarə kənardan vurulmuşdu”.
Hər zaman olduğu kimi, möhkəm iradə və qətiyyət, səbirli davranış və prinsipial mövqe bu dəfə də ədaləti təmin etdi. Düşənbə görüşü iki dövlət arasında gərginliyi davam etdirmək istəyən qüvvələrin planlarını alt-üst etdi. Görüş zamanı Vladimir Putin mühüm açıqlamalar verdi. Rusiya lideri faciəli hadisə baş verən gün Qroznının hava məkanına müdaxilələr olduğunu vurğulayaraq, Rusiya HHQ tərəfindən atəş açıldığını etiraf etdi. Onun sözlərinə görə, atəş təyyarəyə açılmasa da, qəlpələr təyyarəyə dəyib. Rusiya Prezidenti bununla əlaqədar kompensasiyaların ödəniləcəyini və günahkarların cəzalandırılacağını xüsusi vurğuladı: “Hələ ilk telefon danışığımızda mən bu faciənin məhz Rusiyanın səmasında baş verməsinə görə üzr istəmiş, həlak olanların ailələrinə səmimi başsağlığı vermişdim” deyən Rusiya Prezidenti “Bunu indi də təkrar edirəm” söylədi və birmənalı olaraq qeyd etdi ki, həlak olanların ailələrinə kompensasiya ödəniləcək və hadisəyə görə məsul şəxslər cəzalandırılacaq.
Dövlət başçıları arasındakı görüş təkcə iki liderin təmas nöqtəsi deyil, Azərbaycan-Rusiya münasibətlərində gərginliyin yumşaldılması və yeni diplomatik mərhələnin başlanğıcı deməkdir. Sözsüz ki, bu, Azərbaycanın şərtlərinin qəbulu kimi yox, ədalətin zəfəri kimi qəbul edilməlidir.
Azərbaycan və Rusiya prezidentlərinin görüşü və aparılmış müzakirələr ikitərəfli münasibətlərin artıq normal məcraya yönəldiyini göstərdi. Düşənbə görüşü bir daha təsdiq etdi ki, Rusiya və Azərbaycan aralarında olan istənilən problemi həll etmək iqtidarındadırlar və Azərbaycan kimi, Rusiya da qonşusu ilə normal münasibətlərin saxlanılmasında maraqlıdır.
Elşən QƏNİYEV,
“Azərbaycan”
 
         
         
        