
Azərbaycan-Qazaxıstan: Tarixi bağlara və qarşılıqlı etimada əsaslanan sıx əməkdaşlıq
Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda yaxın coğrafiyalarda yerləşən ölkələrlə, o cümlədən də türkdilli dövlətlərlə əlaqələrin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi xüsusi yer tutur. Bu kontekstdə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi gözəl bir nümunədir. Prezident İlham Əliyevin dost Qazaxıstana növbəti səfər öncəsi “Kazinform” agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi, ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Son illərdə hər iki ölkədə dinamik inkişaf, bütün istiqamətlərdə yeni uğurlar müşahidə olunur. Bu nailiyyətlər Azərbaycanda Prezident İlham Əliyevin, Qazaxıstanda isə dövlət başçısı Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.
Deputat bildirib ki, Azərbaycanla Qazaxıstan arasında əlaqələrin intensivləşməsində də liderlərin qətiyyətli siyasi iradə ortaya qoymaları, onların arasında formalaşan dostluq münasibətləri mühüm rol oynayır. Liderlər həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda tez-tez görüşərək yeni çağırışlar ətrafında aktual müzakirələr aparırlar. Ən yüksək səviyyədə qurulan siyasi dialoq dövlətlərarası münasibətlərin bütün istiqamətlərdə dərinləşməsinə güclü impuls verir. Burada liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərlərinin önəmi böyükdür. Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.
Onun sözlərinə görə, Qazaxıstanın Azərbaycanın Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə bərpa prosesinə qoşulması, Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin inşasını həyata keçirməsi əsl qardaşlıq jestidir. Artıq mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib və hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
İki dost ölkə arasında hüquq-müqavilə bazasının getdikcə möhkəmləndiyini deyən Samir Vəliyev əlavə edib: “Azərbaycanla Qazaxıstan çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqe nümayiş etdirir. Regionun güclü dövlətləri olan Azərbaycan və Qazaxıstanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı daha yüksək səviyyədədir. Hər iki ölkə TDT-nin güclənməsinə və funksionallığının artmasına sanballı töhfələr verir”.
Qeyd edilib ki, Azərbaycanla Qazaxıstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da getdikcə genişlənir. Müsahibədə də vurğulandığı kimi, hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.
Ölkələr arasındakı statistika məmnunluq doğurur. İndiyədək Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb ki, bu da ölkəmizin investisiya cəlbediciliyinin kifayət qədər yüksək olmasına dəlalət edir. Həmçinin qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə sıx bağlıdır. Paralel şəkildə, qarşılıqlı olaraq investisiya fəallığı artır. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir”, – deyə S.Vəliyev vurğulayıb.
Deputat bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.
“İki dost ölkə arasında çoxillik tarixə malik enerji əməkdaşlığının perspektivləri də kifayət qədər böyükdür. O cümlədən yaşıl enerji gündəliyi ilə Azərbaycanla Qazaxıstan arasında enerji dialoqunun yeni bir səhifəsi açılıb”, – deyə parlamentari əlavə edib.