
Azərbaycanda insan potensialına əsaslanan innovativ idarəçilik metodları
Son illərdə Azərbaycan Respublikasında sosial-iqtisadi həyatın misilsiz bir dinamizmlə inkişaf etməsi dövlətimizin qüdrətini və xalqımızın iradəsini bariz şəkildə nümayiş etdirir. Əhalinin rifah səviyyəsinin ardıcıl yüksəldilməsi, müxtəlif istiqamətlərdə həyata keçirilən genişmiqyaslı iqtisadi və sosial layihələr, həm paytaxtda, həm də regionlarda icra olunan möhtəşəm quruculuq və abadlıq tədbirləri milli inkişaf strategiyamızın uğurlu nəticələrinin parlaq təzahürüdür. Sənaye, kənd təsərrüfatı və xidmət sektorunda yeni müəssisələrin fəaliyyətə başlaması, nəhəng infrastruktur layihələrinin – müasir binaların, möhtəşəm körpülərin, strateji nəqliyyat şəbəkələrinin inşası – Azərbaycanın iqtisadi potensialının sürətli artımını və dövlətimizin möhkəmlənən imkanlarını əks etdirir. Bu proseslər göstərir ki, Azərbaycan bu gün sadəcə regionda deyil, həm də beynəlxalq miqyasda söz sahibinə çevrilmiş, özünün müasir və davamlı inkişaf modelini yaratmışdır. Azərbaycan Respublikası dünya təcrübəsindən bəhrələnərək müasir idarəetmə modellərini tətbiq edir, dövlət quruculuğu prosesini mütəmadi şəkildə inkişaf etdirir. XXI əsrin çağırışlarına uyğun müəyyən edilmiş prioritetlər ölkəmizin gələcəyə inamla irəliləməsini təmin edir. Bütün bu nailiyyətlər, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevin uzaqgörən, məqsədyönlü və praqmatik dövlət idarəçiliyi strategiyasının bəhrəsidir. Məhz bu strateji kursun nəticəsində Azərbaycan beynəlxalq miqyasda hökm sürən siyasi və iqtisadi böhran şəraitində belə, sabit inkişaf yolunu qoruyub saxlamış, regional və qlobal müstəvidə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. Milli inkişafımızın başlıca dayaqlarından biri isə insan kapitalının inkişafıdır. Azərbaycan dövləti bu sahədə yalnız təhsil sistemində əldə olunan uğurlarla kifayətlənməyərək, əmək bazarının səmərəli təşkili və məşğulluğun təmininə xüsusi diqqət yetirir. Çünki bilik və bacarıqların real iqtisadi dəyərə çevrilməsi, ilk növbədə, əmək bazarının düzgün qurulması ilə mümkün olur. Azərbaycan Respublikasında insan potensialının inkişafına xidmət edən siyasətin strateji istiqamətləri müəyyən olunmuş və ardıcıl şəkildə həyata keçirilir. Bu siyasət yalnız ölkə daxilində sosial-iqtisadi tərəqqiyə zəmin yaratmır, həm də Azərbaycanın beynəlxalq aləmdə müasir, güclü və etibarlı dövlət kimi tanınmasına mühüm töhfə verir. Azərbaycan Respublikasında insan potensialının inkişafına xidmət edən siyasətin əsas istiqamətləri aşağıdakı kimi müəyyənləşdirilmişdir:
Sxem 1. İnsan potensialının inkişafına xidmət edən siyasətin əsas istiqamətləri
Azərbaycan Respublikasında məşğulluq və əmək bazarının təşkili sahəsində həyata keçirilən siyasət yalnız milli inkişafın təmin olunmasına deyil, həm də 2015-ci ildə BMT Baş Assambleyası və Dünya Sammitində qəbul edilmiş 2030-cu il Davamlı İnkişaf Məqsədlərinə nail olunmasına mühüm töhfə verir. Son illərdə ölkənin insan inkişafı sahəsində əldə etdiyi uğurların əsasında müasir və innovativ idarəetmə texnologiyalarının tətbiqi dayanır. Davamlı insan inkişafı naminə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun vahid milli proqramlar və layihələr çərçivəsində birgə fəaliyyəti artıq reallığa çevrilmişdir və bu əməkdaşlıq gələcək uğurların da təminatçısı olacaqdır. Bu kontekstdə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası ölkədə davamlı inkişafın təmin olunmasında strateji əhəmiyyət daşıyan yeni mərhələ kimi çıxış edir.
Dövlət idarəçiliyi dövlətin əsas sosial-siyasi funksiyalarından biri olaraq, ictimai həyatın bütün sahələrinin tənzimlənməsində, əhalinin rifahı və məmnunluq səviyyəsinin yüksəldilməsində, həmçinin peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında mühüm rol oynayır. İdarəetmə öz mahiyyətinə görə spesifik sosial fəaliyyət növüdür və o, cəmiyyətin tələbatlarını və fəaliyyət formalarını uzlaşdıraraq inkişaf proseslərinin tənzimlənməsinə yönəlir və hər dövrün obyektiv zərurətlərindən irəli gələn modellər və metodlar əsasında həyata keçirilir. Müasir dövrdə dövlətlərin idarəetmə sistemlərində aparılan modernləşmə yeni idarəetmə modellərinin tətbiqini zəruri etmişdir. Bu gün optimal menecment metodları, şəffaflıq, insan kapitalının səmərəli istifadəsi, ictimai rəyin nəzərə alınması və vətəndaş məmnunluğunun təmin olunması idarəetmənin əsas prioritetləri kimi çıxış edir. Sərt reqlamentlərə əsaslanan ənənəvi modellərdən fərqli olaraq, yeni idarəetmə yanaşmaları daha çevik və vətəndaşa yönümlü xarakter daşıyır.
Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, peşəkar və məsuliyyətli dövlət qulluğu sisteminin formalaşdırılmasına, həmçinin vətəndaş – məmur münasibətlərində yeni yanaşma tərzinin təşəkkülünə xidmət edir. Bu islahatların başlıca məqsədi dövlət qulluğunu xalqa xidmət prinsipi əsasında təşkil etmək, dövlətinə və xalqına sadiq, məsuliyyətli və yaradıcılıq potensialına malik kadrların inkişafını təmin etməkdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbulundan sonrakı dövrdə bu sahədə geniş qanunvericilik bazası yaradılmışdır. Aparılan islahatlar nəticəsində müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, 2025-ci il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,4 min nəfər olub ki, onların da 30,3 faizini qadınlar, 69,7 faizini isə kişilər təşkil edir. Dövlət qulluqçularının təxminən yarısı 10 ildən artıq iş stajına malikdir. Yaş baxımından isə əsas hissəsini 30-50 yaş arası şəxslər təşkil edir. Yaşı 65-dən çox olan dövlət qulluqçuları isə 2 faiz təşkil edir. 2024-cü ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1971,0 manat təşkil edib.
Diaqram 1. 2025-ci il yanvarın 1-nə dövlət qulluğunun təsnifatlar üzrə inzibati və yardımçı vəzifələr tutmuş işçilərin bölgüsü, yekuna görə
Diaqram 2. 2025-ci il yanvarın 1-nə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin yaş qruplarına görə bölgüsü, yekuna görə
Diaqram 3. 2025-ci ilin yanvar ayının 1-i vəziyyətinə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin cins üzrə bölgüsü, faizlə
Diaqram 4. 2025-ci il yanvarın 1-nə dövlət qulluğunun vəzifələrini tutmuş işçilərin yaş qruplarına görə bölgüsü, hər bir təsnifatın yekununa görə faizlə
Diaqramlardan da göründüyü kimi, dövlət qulluqçularının 7,4 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3,7 faizi 4-cü təsnifatı, 11,6 faizi 5-ci təsnifatı, 8,5 faizi 6-cı təsnifatı, 46,6 faizi 7-ci təsnifatı, 22,2 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləmişdir. Dövlət qulluqçularının 6,4 faizi 1 ilədək, 24,1 faizi 1 ildən 5 ilədək, 22,9 faizi 5 ildən 10 ilədək, 18,6 faizi 10 ildən 15 ilədək, 28,0 faizi isə 15 il və daha çox qulluq stajına malikdir. Dövlət qulluqçularının 2,8 faizini 25 yaşadək, 12,5 faizini 25-29 yaşda, 18,2 faizini 30-34 yaşda, 16,1 faizini 35-39 yaşda, 12,8 faizini 40-44 yaşda, 9,9 faizini 45-49 yaşda, 7,6 faizini 50-54 yaşda, 8,4 faizini 55-59 yaşda, 9,7 faizini 60-64 yaşda, 2,0 faizini 65 və yuxarı yaşda olan şəxslər təşkil edir.
Tarixə nəzər saldıqda görürük ki, 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqın yüksək faizlə etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildiyi andan ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu və milli maraqlara əsaslanan siyasət nəticəsində “güclü dövlət” konsepsiyası reallaşdırıldı, Azərbaycan regionun nüfuzlu və güclü aktoruna çevrildi. Həmin dövrdə, 2003-cü ildə dövlət qulluğu sahəsində islahatlara başlanıldı. Bu islahatlar Avropa İttifaqının TACİS (Technical Assistance for the Commonwealth of Independent States) proqramı çərçivəsində davam etdirildi və Azərbaycan Respublikası Prezident Administrasiyası ilə (o dövrə Prezident Administrasiyasının adı Prezident Aparatı adlanırdı) 12 nazirlikdə rəhbər kadrları əhatə edən vahid informasiya mərkəzinin yaradılması istiqamətində işlər aparıldı. Layihə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun icrasının strategiyasının işlənib hazırlanmasını, Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyətinin təşkili, dövlət qulluqçularının mərkəzləşmiş məlumat sisteminin formalaşdırılması və dövlət idarəetməsi sahəsində islahatlar strategiyasının hazırlanmasını nəzərdə tuturdu. 2003-cü ildə həmçinin “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusunun təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı imzalandı. Bu fərmanla Prezidentin nomenklaturasına aid edilən mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aparatlarında işləyən dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi təmin edildi. Bundan əlavə, həmin dövrdə dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi məqsədilə “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında”, 2004-cü ildə isə “Dövlət qulluqçularının pensiya təminatı haqqında” fərmanlar imzalandı.
Dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının gücləndirilməsi məqsədilə 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qəbul edilmişdir. Həmçinin, korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və nəticələrinin aradan qaldırılması məqsədilə həmin ildə 2004-2006-cı illər üçün Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı da təsdiq edildi. Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edildi. Sonrakı illərdə “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”, 2020-ci ildə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Plan”ları təsdiq edildi. Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ən prioritet məsələ kimi dəyərləndirməkdə Azərbaycanın korrupsiyadan azad olması və dünyanı bürümüş bu sosial bəla ilə mübarizədə ölkəmizin öncüllər sırasına çıxması üçün mühüm addımlar atdı. 2022-ci il aprelin 4-də Prezident İlham Əliyevin sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edildi. Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Yeni dövlət idarəçiliyi texnologiyalarının tətbiqi, dövlət inkişafının səmərəli idarə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu proses yalnız yüksəkixtisaslı dövlət qulluqçularının mövcudluğu ilə məhdudlaşmır, həm də idarəetmənin institusional əsaslarının gücləndirilməsini, müasir idarəetmə alətlərinin tətbiqini və dövlət xidmətlərinin effektivliyinin artırılmasını zəruri edir. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli qərarına uyğun olaraq, dövlət idarəçiliyi sahəsində prioritet istiqamətlər müəyyən edilmiş və bu istiqamətlər 2030-cu ilə qədər ölkənin inkişaf strategiyasının əsas hədəfləri kimi təsbit olunmuşdur. Bu baxımdan dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin düzgün təşkili yalnız cari dövr üçün deyil, həm də uzunmüddətli perspektivdə ölkənin sosial-iqtisadi inkişafını təmin edən həlledici amillərdən biri kimi qiymətləndirilir. Onların əsas funksiyası dövlətin idarəetmə qabiliyyətini artırmaq, vətəndaşların rifahını yüksəltmək, milli təhlükəsizliyi möhkəmləndirmək və gələcək nəsillərin davamlı inkişaf imkanlarını təmin etməkdir. Eyni zamanda dövlət idarəçiliyi sahəsində innovasiyaların fasiləsiz tətbiqi zəruridir. Bu, idarəetmə mexanizmlərinin çevikliyini artırır, dövlət xidmətlərinin keyfiyyətini yüksəldir və qlobal çağırışlara uyğunlaşma qabiliyyətini gücləndirir. Beləliklə, innovasiya yönümlü idarəetmə yanaşmaları dövlətin bütün fəaliyyət sahələrində – iqtisadiyyat, sosial siyasət, təhlükəsizlik və digər istiqamətlərdə – inkişafın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir.
Dövlət idarəçiliyində innovativ yanaşmaların tətbiqi müasir dövrün əsas tələblərindən biridir və bu, həm qlobal miqyasda, həm də Azərbaycan Respublikasında prioritet istiqamət kimi qəbul olunur. Zamanın çağırışlarına uyğun olaraq idarəetmədə yeni texnologiyaların, müasir metodologiyaların və yaradıcı həllərin tətbiqi dövlətin səmərəliliyinin artırılması, ictimai idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət qulluğu sistemində innovativ ideyaların formalaşması və həyata keçirilməsi yalnız ayrı-ayrı dövlət qurumlarının təşəbbüsü ilə məhdudlaşmır. Bu proses, eyni zamanda müvafiq dövlət orqanlarının qəbul etdiyi qanunvericilik aktları vasitəsilə normativ-hüquqi müstəvidə təmin olunur. Beləliklə, idarəetmədə innovasiyaların tətbiqi həm institusional, həm də hüquqi mexanizmlərin qarşılıqlı vəhdəti əsasında gerçəkləşdirilir.
Azərbaycan Respublikasında innovativ idarəetmənin təşviqi məqsədilə fəaliyyət göstərən bir sıra dövlət qurumları və təşkilatları mövcuddur. Bu qurumların fəaliyyəti yeni ideyaların meydana çıxmasına, səmərəli idarəçilik təcrübələrinin tətbiqinə, informasiya-kommunikasiya texnologiyalarının dövlət idarəçiliyinə inteqrasiyasına və nəticə etibarilə dövlət xidmətlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına şərait yaradır. Bununla yanaşı, qəbul edilmiş qanunvericilik aktları bu təşəbbüslərin institusional əsaslarını möhkəmləndirir, hüquqi çərçivəsini müəyyən edir və dövlət innovasiya siyasətinin reallaşdırılmasına xidmət edir. Ümumilikdə, Azərbaycanda dövlət innovasiya siyasətinin həyata keçirilməsini təmin edən mexanizmlər kompleks xarakter daşıyır. Onlar idarəetmədə islahatların aparılmasına, dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsinə, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə yönəlmişdir. Bu mexanizmləri sxematik şəkildə təqdim etməklə, onların qarşılıqlı əlaqələrini, funksional istiqamətlərini və praktiki nəticələrini daha aydın təsəvvür etmək mümkündür.
Dioqram 5. İnnovasiya siyasətinin reallaşma mexanizmi
Azərbaycan Respublikasının innovasiyalarla bağlı qanunvericilik aktlarını qəbul edən ali orqanı Azərbaycan Respublikasının Milli Məclisidir. Qəbul edilmiş qanunların icrası yolu ilə müvafiq şəraiti formalaşdıran orqanlar isə Prezident Administrasiyası və Nazirlər Kabineti, daha sonra müvafiq nazirliklərdir. İstənilən qanun, bir qayda olaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir, Respublika Prezidentinin sərəncamı ilə qüvvəyə minir, Nazirlər Kabineti xətti ilə müvafiq nazirliklər və dövlət qurumları tərəfindən icra olunur.
Məlum olduğu kimi, vətəndaş cəmiyyətinin təşəkkülü dövlət idarəetmə orqanları ilə vətəndaşlar arasındakı münasibətlərin mütərəqqi inkişafı, dövlət orqanlarının fəaliyyətində səmərənin artırılması üçün yeni mexanizmləri müəyyənləşdirmək zərurətini də üzə çıxardı. Bunun üçün ardıcıl islahatlara başlandı. Ölkə Prezidentinin siyasi iradəsilə “vətəndaşa, insan faktoruna yönümlü” müasir idarəetmə modelinin formalaşdırılması, korrupsiyanın aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirildi.
Qurulan yeni modeldə “dövlət qulluğu” anlayışı “cəmiyyətə, xalqa qulluq” mənasını ifadə edir, vətəndaşla məmur arasındakı münasibətlərdə yeni düşüncə tərzi formalaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də daim öz çıxışlarında dövlət qulluqçularından gözlənilən və tələb edilən davranış qaydalarını qeyd edir: “Dövlət qulluğunda çalışmaq o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Tutduğu vəzifənin səviyyəsindən və əhəmiyyətindən asılı olmayaraq, dövlət qulluqçusu həmişə xatırlamalıdır ki, o, xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir”. Digər bir çıxışında isə cənab Prezident dövlət məmurlarının fəaliyyətinin əsas prinsiplərini qeyd edərək demişdir: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər”. Qeyd edilən sitat dövlət qulluğunda vətəndaş məmnunluğuna nə qədər əhəmiyyət verildiyini bir daha təsdiq edir.
Respublikamızın müstəqilliyinin bərpa olunmasından keçən dövr ərzində dövlət idarəetməsi və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlar fonunda fundamental dəyişikliklər və inkişaf proseslərini bu cür ümumiləşdirə bilərik: Azərbaycanın beynəlxalq təcrübəyə və milli xüsusiyyətlə əsaslanan özünəməxsus dövlət qulluğu sistemi formalaşmışdır, dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və onların peşəkarlıq səviyyələrinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılmışdır, dövlət qulluğu sisteminin qanunverici, normativ-hüquqi bazası formalaşdırılmış, dövlət qulluğuna qəbul sahəsində şəffaflıq prinsiplərinin üstünlüyünə əsaslanan bir sistem təşkil edilmiş, dövlət orqanlarının status və funksiyalarına uyğun olaraq kateqoriyaları müəyyən edilmiş, dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü aparılmış, dövlət qulluğu sahəsində nəzarət və tənzimləməni həyata keçirən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası yaradılmış, dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün Dövlət Qulluqçularının Reyestri formalaşdırılmışdır.
Müasir dövrdə dövlət idarəçiliyinin köhnəlmiş stereotiplərə əsaslanan fəaliyyət prinsipləri ilə cəmiyyətin inkişafının yeni mərhələsinin tələbləri arasında ziddiyyətlər meydana çıxır. Bu ziddiyyətlərin aradan qaldırılması isə ilk növbədə, dövlət qulluğunda çalışan şəxslərin bilik, bacarıq və vərdişlərinin mütəmadi şəkildə yenilənməsini və dərinləşdirilməsini tələb edir. Digər sözlə, fasiləsiz təhsil və peşəkar inkişaf dövlət qulluqçularının səmərəli fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biridir. Belə şəraitdə dövlət qulluqçularının yenidən hazırlığı və ixtisaslarının artırılması məsələsi xüsusi aktuallıq kəsb edir. Bu, yalnız kadr siyasətinin mühüm istiqamətlərindən biri deyil, həm də dövlət idarəçiliyinin davamlı inkişafını təmin edən strateji faktor kimi çıxış edir. Dövlət qulluqçularının hazırlığı onların ixtisas sahələrinə uyğun bilik və bacarıqlarının artırılmasına, karyera yüksəlişi imkanlarının genişləndirilməsinə və peşəkar fəaliyyətlərinin səmərəliliyinin artırılmasına xidmət etməlidir. Peşəkarlığın yüksəldilməsi, dövlət qulluqçularının vəzifə səlahiyyətlərini effektiv şəkildə icra etməsinə, qarşıya qoyulan məqsədlərə optimal həll yolları tapmasına, dövlət idarəçiliyi vəzifələrinin keyfiyyətli və yüksək səviyyədə yerinə yetirilməsinə şərait yaradır. Bununla yanaşı, dövlət qulluqçularının fəaliyyətində yalnız texniki bilik və idarəetmə bacarıqları deyil, həm də vətəndaş təəssübkeşliyi, işgüzarlıq, mənəvi-əxlaqi keyfiyyətlər və ictimai məsuliyyət mühüm rol oynayır. Bu baxımdan peşəkarlıq yalnız bilik və bacarıq göstəricisi deyil, həm də dəyərlər sistemi, fəaliyyətin nəticəliliyi və səmərəliliyinin əsas indikatoru kimi çıxış edir.
Dövlət qulluqçularının hazırlığı və yenidən hazırlığı sahəsində təhsil imkanlarının formalaşdırılması və bu imkanların məqsədyönlü şəkildə səfərbər edilməsi strateji əhəmiyyət kəsb edir. Dövlət qulluğu sistemində insan resurslarının formalaşması və təkmilləşdirilməsi mürəkkəb, eyni zamanda cəmiyyətin inkişafı üçün həyati vacib bir prosesdir. Bu istiqamətdə aşağıdakı fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər:
– dövlət idarəçiliyi sahəsində zəruri bilik və bacarıqların formalaşdırılması;
– kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və fasiləsiz inkişafının təmin edilməsi;
– kadrların bacarıq və ixtisaslarına uyğun şəkildə seçilməsi və səmərəli yerləşdirilməsinin təşkil edilməsi;
– dövlət qulluğu sistemində çalışan kadrların bilik və təcrübələrinin artırılması, fəaliyyətlərinin obyektiv qiymətləndirilməsi;
– müasir tələblərə cavab verən kadr hazırlığı sisteminin formalaşdırılmasında dövlətin əsas subyekt kimi fəal iştirakının təmin olunması;
– kadr potensialının keyfiyyətcə qiymətləndirilməsinə imkan verən müasir statistik və analitik bazanın yaradılması;
– dövlət qulluqçularının sosial təminatının, xüsusilə də əməkhaqqı sisteminin təkmilləşdirilməsi.
Bu istiqamətlər üzrə aparılacaq fəaliyyət yalnız dövlət qulluqçularının peşəkar inkişafına deyil, həm də dövlət idarəçiliyinin effektivliyinə və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinə birbaşa təsir göstərir. Dövlət qulluğunda çalışan insanlar cəmiyyətin inkişafı və tərəqqisinin təmin edilməsində mühüm rol oynayır, dövlət hakimiyyəti strukturları ilə vətəndaş cəmiyyəti arasında əlaqələndirici halqa funksiyasını yerinə yetirirlər. Bu isə dövlət qulluqçularının fəaliyyətini sadəcə inzibati icraçılıqdan çıxararaq, onları ictimai kommunikasiya və idarəetmənin aparıcı subyektlərinə çevirir. Son illərin beynəlxalq təcrübəsi isə, xüsusilə də inkişaf etmiş dövlətlərin idarəçilik modelləri göstərir ki, dövlət qulluqçularının öz potensiallarını tam reallaşdıra bilməsi, onların peşəkar və şəxsi inkişaf imkanlarının genişləndirilməsi dövlətin qlobal müstəvidə mövqeyini müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Bu mənada dövlət qulluqçularının peşəkar inkişafına yönəlmiş siyasət yalnız milli idarəetmənin səmərəliliyini artırmaqla kifayətlənmir, həm də dövlətin beynəlxalq sistemdəki mövqeyini və rəqabət qabiliyyətini gücləndirir.
Kəramət QƏNBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müəllimi, Sənədlərlə iş və arxiv şöbəsinin müdiri