
Bənzərsiz səsi olan sənətkar
Dostlarından biri da şair Əliağa Vahid olub. Əbülfət Əliyev şairin altı qəzəlini onun istəyi ilə qələmə aldığını söyləyib. Əliağa Vahidin Əbülfətin adını çəkdiyi iki qəzəlindən biri belədir:
Vahid, istərsən əgər musiqidən zövq alasan,
Məclisində həm Əbülfət, həm Bəhram olsun.
Qayğılı uşaqlıq illərinin ən böyük təsəllisi…
Əbülfət Əliyev 1926-cı il dekabrın 30-da Şuşa şəhərində dünyaya göz açıb. O, dünyanın gözəlliklərini musiqi ilə birlikdə tanıyıb. Şuşanın yaz və yay ayları musiqi məclisləri ilə keçib. Cıdır düzünə, Bazarbaşına yığışan şuşalı musiqiçilərin qurduqları məclislər yalnız könülləri oxşamayıb, həm də yaddaşlara köçüb. Balaca Əbülfətin uşaqlıq xatirələrində də o zaman böyük heyranlıqla dinlədiyi musiqilərin, muğamların sədaları qalıb. İlk dəfə elə həmin məclislərdə görüb Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları…
Onun bütün uşaqlıq çağları bu əsrarəngiz şəhərdə keçməyib. Əbülfətin yeddi yaşı olanda atası Əsəd dünyasını dəyişib. Başçısını itirmiş ailənin dolanışıq qayğıları artıb, güzəranı çətinləşib. Anası Mülayim xanım yeganə çıxış yolunu Şuşadan köçməkdə görüb. Dörd ilədək Füzuli rayonunda yaşayıblar. Sonra Ağdama gediblər. O ağır günlərini bacısı Məhbubə xanım belə yada salıb: “Bu dünyada bizim də başımız çox müsibətlər çəkib. XX əsrin 30-cu illərində atamı incidiblər. Evimizi satışa qoyub, nəyimiz var yığışdırıb aparıblar. Anam danışırdı ki, çox qiymətli bədənnüma saatı, şifoneri, hətta yorğan-döşəyi belə götürdülər. Anam təkcə tikiş maşınını verməyib ki, bəs mən uşaqlarımı necə saxlayacağam? Atam Allah adamı olub. O qədər ilahiyyata bağlı adam imiş ki, hətta ömründə şəkil belə çəkdirməyib. Atam öləndə mən anamın qucağında körpə uşaq olmuşam. Yaşca bizdən böyük olan Əbülfət tut dərib mənə yedizdirirmiş ki, ölməyim. Nə isə, anam tikiş maşınını götürüb uşaqları ilə birgə Füzuliyə gedib. Orada bir neçə il qaldıqdan sonra Ağdama köçdük”.
Əbülfət Əliyev təhsilini orada 1 saylı şəhər məktəbində davam etdirib. Məktəbə getmək, dərslərini oxumaq tək qayğısı olmalı ikən çiyinlərinə ailənin dolanışıq dərdi yüklənib. Aclıq çəkməsinlər deyə, anası ilə birgə kəndlərə başaq yığmağa gedib. Çox yorulsa da, özündən çox anasını düşünüb. Çarəsi olsaydı, imkanı çatsaydı, onu əlini ağdan-qaraya vurmağa qoymazdı. Ancaq əlacı yalnız anasına kömək etməyə yetirdi….
O günlərdə könlünü ovudan, onu arzulara bağlayan, gələcəyə ruhlandıran musiqi, muğamlar olub. Pionerlər evində fəaliyyət göstərən muğam dərnəyində uşaqlıq illərindən vurğunluqla dinlədiyi xalq mahnılarını, muğamları ifa edib. Bənzərsiz, məlahətli səsi diqqətləri tez cəlb edib. Əbülfət Əliyev oxuduğu məktəbin ictimai tədbirlərində də iştirak edib.
Ağdam Müəllimlər evində 1938-39-cu illərdə Xan Şuşinskinin rəhbərliyi ilə muğam sinfinin açılması Əbülfət Əliyevin də ürəyincə olub. Görkəmli sənətkar uşaqların ifasına qulaq asıb məsləhətlərini verib. Növbə Əbülfətə çatıb. Xan Şuşinski onu dinlədikdən sonra: “Bala, sən məşqlərə gələrsən, səndən xanəndə olar”, – deyib.
Tez-tez iştirak etdiyi ictimai tədbirlərlə tanınan Əbülfət Əliyev on altı yaşından toy məclislərində, el şənliklərində də oxuyub. Çox keçməyib ki, səsi-sorağı rayonun hüdudlarını aşıb. Oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” mahnıları musiqisevərlərin ruhunu oxşayıb.
Səsinin dəyərini bilən sənətkar
Bakıdan dəvətlər almağa başlayıb. Əbülfət Əliyev on doqquz yaşında həmişəlik bu şəhərə köçüb. O, radioda ilk dəfə “Şuşanın dağları” mahnısını oxuyub. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
Tanınmış müğənnilərlə birlikdə konsertlərdə çıxış edən Əbülfət Əliyevin də hər ifası alqışlarla qarşılanıb. Repertuarında “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi mahnılar yer alıb. Görkəmli xanəndə 400-dən artıq xalq və bəstəkar mahnısını özünəməxsus tərzdə ifa edib.
Opera və Balet Teatrının səhnəsinə ilk dəfə 1957-ci ildə çıxıb. Əbülfət Əliyevin sənətkar taleyinə “Leyli və Məcnun” operasında Məcnun rolunun bənzərsiz şəkildə ifası da yazılıb. Məcnun rolunu elə məharətlə oynayıb ki, ustad Xan Şuşinski tamaşa etdikdən sonra ona deyib: “Sənin bu işin zor işdir”.
Bu teatrda uzun müddət çalışıb. Əbülfət Əliyev Opera və Balet Teatrının səhnəsində həm də Kərəm, Şah İsmayıl rollarını ustalıqla ifa edib.
Sənətkarlığı, əməyi yüksək qiymətləndirilib. 1964-cü ildə Əbülfət Əliyev Xalq artisti fəxri adına layiq görülüb.
Əbülfət Əliyev 1967-ci ildə qüvvəyə minən yeni qanuna əsasən, iş yerləri arasında seçim etmək məcburiyyətində qalıb. “Mənim doğma idarəm filarmoniyadır”, – deyərək Azərbaycan Dövlət Filarmoniyasını seçib.
Onun səsinin, sənətinin pərəstişkarları yalnız həmvətənləri olmayıb. Əbülfət Əliyev Azərbaycandan kənarda da tanınıb, məşhurlaşıb. İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə hər çıxışı maraqla qarşılanıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
Səhhətindən şikayəti olmayıb. Həm canının, həm də səsinin dəyərini bilib. Soyuq su içməyib, siqaret çəkməyib ki, səsi korlanar. Spirtli içkilərdən uzaq olub. Ancaq çarəsiz xəstəlik heç nəyə baxmayıb. Xanəndə 1990-cı ilin yayında səhhətindən gileylənib. Həkimə gedib. Müayinələrdən sonra mədə xərçəngi diaqnozu qoyulub.
Həmin ilin noyabrında vəziyyəti ağırlaşıb. Sənətkarı Moskvaya müalicəyə aparıblar. Orada da həkimlərin səyi çarə olmayıb. Əbülfət Əliyev 1990-cı il dekabrın 27-də, altmış dörd yaşında bu dünyayla vidalaşıb.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”