
Bakıda “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
Bakıda 27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibətilə “Qarabağın azadlığı və dirçəlişində ictimai həmrəyliyin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhidlərin ailə üzvləri, qazilər, etnik və dini icma rəhbərləri, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirin açılışı zamanı Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev Qarabağda qazanılan tarixi Qələbənin xalqımızın həmrəyliyinin parlaq nümunəsi olduğunu bildirib: “Müharibə zamanı xalqımız həmrəylik nümayiş etdirdi və məhz həmrəyliyimiz, birliyimiz sayəsində düşmənə qalib gəldik, tarixi Zəfər qazandıq. İşğaldan azad olunmuş ərazilərin bərpası işində də həmrəylik nümayiş etdirmək olduqca vacibdir”.
BBMM-in icraçı direktoru Rəvan Həsənov deyib ki, 27 Sentyabr – Anım Günü xalqımızın iradəsinin və birliyinin təntənəsinin rəmzidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi xalqımızın tarixində misilsiz qəhrəmanlıq səhifəsi olmaqla yanaşı, həm də həmrəyliyin, milli birliyin və qardaşlığın ən parlaq təcəssümünə çevrilib: “İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, infrastrukturun yenidən qurulması yalnız iqtisadi tərəqqi üçün deyil, həm də ictimai həmrəyliyin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Çünki həmrəylik Qarabağın gələcək inkişafının, dayanıqlı sülhün və sabitliyin açarıdır. Biz Qarabağı həm də mənəvi baxımdan dirçəldirik. Qazandığımız tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin igidliyi, Ordumuzun gücü və xalqımızın birliyi sayəsində mümkün olub”.
Azərbaycan Dillər Universitetinin rektoru, BBMM-in Himayəçilik Şurasının sədri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Kamal Abdullayev vurğulayıb ki, 44 günlük Vətən müharibəsində təkcə hərbi deyil, həm də mənəvi Zəfər qazanılıb: “Bu müharibə göstərdi ki, xalqın gücü yalnız silahda deyil, onun qəlbində, iradəsində və birliyindədir. Azərbaycan həmişə fərqliliklərin harmoniyasını özündə yaşadan bir ölkə olub. Bizim multikultural ənənələrimiz, tolerantlıq mühitimiz əsrlərin sınağından keçib. Vətən müharibəsi bu dəyərləri yeni müstəviyə çıxardı. Göstərdi ki, müxtəlifliyin içindəki birlik, mədəniyyətlərin və dinlərin vəhdəti, əslində, milli gücün və qələbənin təməlidir”, – deyə K.Abdullayev qeyd edib.
Tədbir zamanı BBMM tərəfindən hazırlanan və Zəfər Gününə həsr edilən “Biz birlikdə güclüyük” sənədli filmi də nümayiş olunub. Eyni zamanda, tədbir iştirakçıları işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərini əks etdirən “Faciədən Zəfərə” fotosərgisi ilə tanış olublar.
QDF-nin Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırovanın moderatorluğu ilə keçən tədbirdə Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev, Ceyhun Məmmədov, Mixail Zabelin, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin müavini Fuad Nurullayev, etnik-dini icmaların nümayəndələri və digər natiqlər çıxış ediblər.