Belarusun Baş nazirinin müavini Füzuli və Ağdam rayonlarına səfər edib – YENİLƏNİB
Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti oktyabrın 29-da işğaldan azad olunan Füzuli rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Füzuli Beynəlxalq Hava Limanında qonaqlara aeroport haqqında ətraflı məlumat verib. Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub və istənilən hava gəmisini qəbul etmək imkanına malikdir. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri davam edir. Füzuli şəhərində yaşayış məhəlləsi salınıb və keçmiş məcburi köçkünlər doğma yurda qayıdır.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Füzuli şəhər Mirzə Uluqbəy adına tam orta məktəb, qazax xalqının hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi haqqında da məlumat verilib.
Sonra nümayəndə heyəti Ağdam rayonuna səfər edib. Qonaqlar rayonun Qızıl Kəngərli kəndinin layihələndirilməsi barədə təqdimatla tanış olublar. Kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacağı bildirilib.
Daha sonra Ağdam Sənaye Parkı ilə tanışlıq olub. Nümayəndə heyətinə sənaye parkında fəaliyyətə başlayan müəssisələr barədə, həmçinin burada yaradılan daimi iş yerləri haqqında məlumat verilib.
Qeyd edilib ki, Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam rayonunda 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Ağdam Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişafı, sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 292 milyon manatdan çox olan 31 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 35 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında, ümumilikdə 2500-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 142 milyon manatdan artıq investisiya yatırılıb, 900-dən çox daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 12 müəssisə istehsal fəaliyyətinə başlayıb və 8 müəssisədə tikinti işləri davam etdirilir. Müəssisələr tərəfindən bu günədək 945 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 40 milyon manata yaxın hissəsi ixracın payına düşüb.
Belaruslu qonaqlara sənaye parkında yaradılan infrastruktur, rezidentlər üçün tətbiq olunan dəstək mexanizmləri, logistika imkanları, habelə hazırda fəaliyyət göstərən və işə salınması planlaşdırılan istehsal sahələri barədə ətraflı məlumat verildi. Tərəflər sənaye kooperasiyası, birgə müəssisələrin yaradılması ilə bağlı perspektivləri müzakirə ediblər.
Qonaqlar, həmçinin Ağdam səfəri zamanı ikinci yaşayış kompleksi ilə də tanış olublar. Bildirilib ki, şəhərin təsdiq edilmiş Baş planına uyğun olaraq Ağdamın mərkəzi küçəsində salınan kompleksin ümumi sahəsi təxminən 14 hektardır. Layihə çərçivəsində 1 268 mənzilli çoxmənzilli yaşayış binaları inşa olunur. Kompleksin ərazisinin böyük hissəsi yaşıllıq zonası olacaq. Binaların memarlıq həllində müasir yanaşmalarla yanaşı, milli naxış elementlərindən də istifadə edilir. Layihə çərçivəsində sakinlərin rahatlığı üçün zəruri infrastruktur obyektlərinin yaradılması nəzərdə tutulur.
Baxış zamanı qonaqlara görülən işlərin gedişi, mərhələli icra qrafiki və kompleksin istifadəyə verildikdən sonra formalaşacaq şəhər mühitinin əsas xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Bununla da nümayəndə heyətinin işğaldan azad olunan ərazilərə səfəri başa çatıb.
12:59
Azərbaycan Respublikası və Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin müavini Samir Şərifov və Belarus tərəfindən həmsədri Baş nazirin müavini Natalya Petkeviçin rəhbərlik etdikləri nümayəndə heyəti işğaldan azad olunan Ağdam rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfəri çərçivəsində həmsədrlər rayonun Qızıl Kəngərli kəndinin layihələndirilməsi barədə təqdimatla tanış olublar. Kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat verilib. Layihənin Ağdam rayonunda yaşayış məskənlərinin hərtərəfli inkişafına, kənd ərazilərinin dirçəldilməsinə, bölgənin iqtisadiyyatına önəmli təsiri olacağı bildirilib.