LIVEPRESS.MEDIA xəbər verir ki, Bərdə rayonunda “Böyük Qayıdış” mövzusunda görüş keçirilib.
Tədbir Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbində “8 Noyabr – Zəfər Günü” münasibəti ilə keçirilib.
Öncə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni iştirakçılar tərəfindən səsləndirilib.

Tədbiri giriş sözü ilə Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbin direktoru Nərgiz Həsənova açaraq gündəlikdə olan “Böyük Qayıdış” mövzusu ilə bağlı fikirlərini bildirərək qalib xalqımızın misilsiz qələbəsinin əbədiləşdirildiyi “8 Noyabr – Zəfər Günü” münasibətilə təbriklərini söyləyib.

Bərdə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbuhi Qasımov, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Fidan Nəsirli, I və II Qarabağ Müharibəsi veteranı, polkovnik-leytenant Dəyanət Əliyev mövzu ətrafında çıxış edərək bu şanlı tarixin – Zəfər Gününün xalqımız, millətimiz üçün xüsusi əhəmiyyətini qeyd ediblər.

Sonra Vətən müharibəsi iştirakçıları Məmmədov Yalçın, Abdullayev Daşqın, Abbaszadə Kamran, Rəhimov Elsevər, Oruczadə Hüseyn və Quliyev Ağa çıxış edərək Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri şücaətdən, qələbəyə gedən yolda Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən, şəhidlərimizin misilsiz qəhrəmanlıqlarından və qazilərimizin əvəzolunmaz xidmətlərindən danışaraq şagirdlərə öz tövsiyələrini ediblər.

Sonda məktəbin şagirdlərinin ifasında müxtəlif və rəngarəng kompozisiyalarla çıxışlar iştirakçılara təqdim olunub.






