
Beynəlxalq konfransın iştirakçıları üçün Şuşa-Xankəndi turu təşkil olunub
Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Çukurova Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “V Beynəlxalq Kənd Təsərrüfatı və Qida Texnologiyalarının Tədqiqi Konfransı”nın üçüncü günü iştirakçılar üçün Şuşa-Xankəndi turu təşkil olunub. Turun məqsədi ölkəmizə gələn xarici qonaqlara mədəni irsimizin tanıdılması, mənəvi dəyərlərimizin qorunması və mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar Xankəndi şəhərindəki Qarabağ Universitetində, Şuşanın Cıdır düzündə, eləcə də Şuşa qalasında olublar. Qonaqlara məlumat verilib ki, Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısa müddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Gəzinti zamanı qonaqlara işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə də məlumat verilib. Bildirilib ki, şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.
Qeyd edək ki, konfransa 15 ölkədən 100-ə yaxın iştirakçı qatılıb.