
Bilmək istəyirəm
– Bir nəfər mənim adıma saxta yolla bankdan 29 min manat kredit alıb. Məhkəmədə aydın oldu ki, həmin şəxs daha 4 nəfərin adına da kredit götürüb. Naxçıvan Şəhər Məhkəməsi sözügedən şəxsə 5 il həbs cəzası müəyyən etdi və o, hazırda həbsdədir. Mənim əməkhaqqımın 90 faizini isə bank hər ay kredit borcu kimi tutur. Bu, nə dərəcədə düzgündür?
Yaşar RƏHİMOV,
Naxçıvan şəhəri
– Sualınızda qeyd etdiyiniz təfərrüatlardan məlum olur ki, böyük ehtimalla barəsində danışdığınız şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama) maddələri ilə azadlıqdan məhrumetmə cəzasında məhkum edilmişdir. Bununla belə, nəzərə almaq lazımdır ki, sizin adınıza götürülmüş borc məsələsi ayrıca mülki hüquqi münasibətdir və zərərçəkmiş şəxs olaraq maraqlarınız qorunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, kredit müqaviləsi həqiqi borcalanla (kredit götürənlə) bank müəssisəsi arasında bağlanır, lakin əgər kredit sizin razılığınız və imzanız olmadan götürülübsə, bu müqavilə yalan əqd hesab olunduğundan etibarsız sayılmalıdır. Belə olan halda siz, müqavilənin etibarsız sayılması üçün məhkəməyə müraciət edə bilərsiniz. Bundan başqa, zərərçəkmiş şəxs olaraq, siz, həmçinin məhkəmədən həmin şəxsə qarşı mülki iddia qaldıraraq zərərin ödənilməsini tələb edə bilərsiniz. Mülki iddianıza məhkum edilmiş şəxs barəsində çıxarılmış qərarı da sübut qismində əlavə etməlisiniz.
– Hazırda xaricdə klinikada təcrübə keçirəm. Çantamı oğurlayıblar və içində pasport, tələbə bileti, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartları və digər şəxsi sənədlərim var idi. Belə halda nə etməliyəm?
H.MƏDİNƏ
Bakı şəhəri
– Sualınıza cavab olaraq bildiririk ki, qeyd olunan halda siz əvvəl yaşadığınız ölkənin yerli polis orqanına müraciət etməlisiniz. Çantanızın oğurlanması hadisəsi barədə ərizə verin və bununla hadisənin baş verməsini rəsmiləşdirin. Bu sənəd sizə həm ölkəmizin səfirliyində, həm də yeni sənədlərin bərpası zamanı lazım olacaq.
Daha sonra Azərbaycanın diplomatik nümayəndəliyinə (səfirlik və ya yaşadığınız yerdə səfirlik yoxdursa, ən yaxın konsulluğa) müraciət edin. Onlara itirilmiş pasport və digər sənədlərlə bağlı məlumat verin. Belə olan halda sizə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, 3 təqvim günü ərzində müvəqqəti qayıdış şəhadətnaməsi veriləcəkdir və bu sənədlə siz vətəndaşı olduğunuz ölkəyə – Azərbaycana qayıda bilərsiniz. Qayıdış şəhadətnaməsi əsasında siz həmin ölkədə olduğunuz müddətdə pasportunuzu bərpa edəcəksiniz. Şəxsiyyət vəsiqənizi isə ölkəyə qayıtdıqdan sonra Azərbaycanda (“ASAN xidmət ” mərkəzlərində) bərpa edəcəksiniz. Eyni qayda sizin sürücülük vəsiqənizin bərpası məsələsinə də şamil olunur.
Bank kartlarınıza gəldikdə isə, dərhal müştərisi olduğunuz bankla əlaqə yaradaraq hesablarınızı bloklatmağınız arzuolunandır. Əks halda oğru kartlardan istifadə edə bilər.
Təhsil və tələbə bileti ilə əlaqadar təhsil aldığınız universitetin dekanlığı və beynəlxalq əlaqələr şöbəsinə məlumat verin. Universitet sizi yeni tələbə bileti ilə təmin edəcəkdir. Hər bir halda təcrübə keçdiyiniz klinikaya da məlumat verin ki, şəxsiyyət təsdiqi üçün problem yaranmasın.
Sualları cavablandırdı:
Fərhad NƏCƏFOV,
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü