
BMT-nin xüsusi elçisi: Təqribən 2,5 milyard insan su qıtlığı olan ölkələrdə yaşayır
Hazırda 2,4 milyard insan su qıtlığı olan ölkələrdə yaşayır. 2022-ci ildə azı 1,7 milyard insan çirklənmiş mənbələrdən sudan istifadə etmək məcburiyyətində qalıb.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu cür həyəcanverici rəqəmləri BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi Retno Marsudi Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) sentyabrın 16-da açılacaq “Su üçün atomlar” elmi forumunun başlanmasına həsr olunmuş müsahibəsində bildirib.
İndoneziyanın sabiq xarici işlər naziri (2014-2024) R.Marsudi bu gün su təhlükəsizliyi məsələsini gündəmə gətirən ən görkəmli simalardan biridir.
O, suyun onun üçün təkcə qlobal problem olmadığını, həm də şəxsi mövzu olduğunu vurğulayır: “Su mənim üçün həmişə çox şəxsi mövzu olub. Bir qadın kimi anlayıram ki, su ilə bağlı çətinliklər zərif cinsin nümayəndələrinə qeyri-mütənasib şəkildə təsir edir. Bir çox ölkələrdə su çatışmazlığı və təhlükəsiz suya çıxışın məhdudluğu onların üzərinə xüsusi yük qoyur və qadınları ailələri üçün su gətirmək üçün uzun məsafələr qət etməyə məcbur edir”.
O, əlavə edib ki, su ilə bağlı müzakirələr yalnız infrastrukturla məhdudlaşmamalıdır: “Sudan danışmaq, həm də həyatdan bəhs etmək deməkdir. Söhbət həyatın əsasını və dolanışıq vasitələrini qorumaqdan gedir”.
R.Marsudi gələcəyin əsas təhlükələri qismində iqlim dəyişikliyi, ekstremal hava hadisələri və maliyyə çatışmazlığını göstərib.
“Bu gün dünyanın su sistemləri heç vaxt olmadığı qədər gərginlik altındadır… Gələcək su və infrastruktur ehtiyaclarının ödənilməsi üçün 2030-cu ilə qədər təxminən 6,7 trilyon dollar, 2050-ci ilə qədər isə 22 trilyon dollardan çox vəsait tələb olunacaq”, – deyə xüsusi elçi bildirib.
O hesab edir ki, dünya əhalisini su ilə təmin etməyin əsas şərtləri müxtəlif aktorların səylərinin birləşdirilməsi və beynəlxalq əməkdaşlıqdır.
“Mən həmişə vurğulayıram ki, su məsələsi hamının məsuliyyətidir. Heç bir şəxs, qurum və ya ölkə qlobal su problemlərini təkbaşına həll edə bilməz”, -deyə R.Marsudi vurğulayıb.
Xüsusi elçi nüvə texnologiyalarına, xüsusən də izotopların hidrologiyasına xüsusi diqqət yetirib. Bu, suyun mənşəyini və keyfiyyətini təhlil etmək üçün suda sabit və radioaktiv izotopların təbii variasiyalarından istifadə edən elmi sahədir, eyni zamanda, dünyanın su sistemlərini daha yaxşı başa düşməyə imkan verir.
O bildirib: “İzotop hidrologiyasının suyun mənşəyini, yaşını və keyfiyyətini dəqiq izləmək qabiliyyəti onu su idarəçiliyi üçün inqilabi həll vasitəsinə çevirir. İnanıram ki, nüvə elmi və texnologiyasının tətbiqi ilə BAEA qlobal su ehtiyatlarının sabitliyinin artırılmasına töhfə verəcək”.
Birləşmiş Ərəb Əmirlikləri gələn ilin dekabrında BMT-nin Su Konfransına ev sahibliyi edəcək. Onilliklər sonra ilk dəfə keçirilən əvvəlki tədbir 2023-cü ilin martında Nyu-Yorkda baş tutub. Xüsusi elçinin sözlərinə görə, qarşıdan gələn bu tədbir suyun idarə olunması baxımından həlledici olacaq.
“2026-cı il Su Konfransı ilə bağlı gözləntilər çox yüksəkdir. Bu, qlobal su tərəqqisinin irəliləməsi üçün mühüm mərhələ olacaq və 6-cı Dayanıqlı İnkişaf Məqsədini – təmiz su və kanalizasiyanın təmin edilməsinə nail olunmasını sürətləndirmək üçün yaxşı fürsət olacaq”, -deyə BMT Baş katibinin su məsələləri üzrə xüsusi elçisi sözlərini yekunlaşdırıb.