Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub
Bu hadisələrdə Britaniya və ya İngiltərə bayrağı, eləcə də xristian simvollarından istifadə edilib
Böyük Britaniyada son üç ayda – avqust, sentyabr və oktyabr aylarında 25 məscidə 27 hücum olub. Bu hadisələrin 41 faizində Britaniya və ya İngiltərə bayrağı, eləcə də xristian simvollarından istifadə edilib. Britaniya Müsəlman Fondunun (BMF) hesabatına görə, iyul ayında bir, avqustda yeddi, sentyabr və oktyabr aylarında isə 18 hücum olub. Bəzi məscidlərə dəfələrlə hücum edilib və bununla da 23 fərqli yerdə 25 məscidə edilən hücumların ümumi sayı 27-yə çatıb.
Hücumlar arasında simvolların asılması, divarlara qraffiti və rəsmlər çəkilməsi, əmlaka ziyan vurulması və yanğın cəhdləri yer alıb.
Hesabatda qeyd olunur ki, bu ilin fevral-iyul ayları arasında məscidlərə yalnız dörd hücum qeydə alınıb, son üç ayda isə bu rəqəm 27 olub ki, bu da xüsusilə narahatedicidir. Həmçinin bayraqların və dini simvolların istifadəsinin artdığı vurğulanır. Hücumların təxminən yarısında Birləşmiş Krallıq və ya İngiltərənin (müqəddəs Georgi xaçı) bayrağı, eləcə də xristian simvolları və şüarları istifadə olunub. 11 faizdə məscid divarlarında təhqiramiz və nifrət dolu qraffiti və şəkillər peyda olub.
Hesabatda bəzi hadisələrin vandalizm aktları, digərlərinin isə zərər vurmağa yönəlmiş koordinasiyalı hücumlar olduğu vurğulanır. Müsəlman icması bu hadisələri dinlərinə görə cəmiyyətdə xoş qarşılanmadıqlarına işarə kimi qəbul edir. Həmçinin, polisin qurbanlara məhdud diqqətinin ölkədə islamofobiyanın tolerantlıqla qarşılandığı fikrini gücləndirdiyi qənaətinə gəlinir.
BMF-nin baş direktoru Akila Əhməd hesabatı şərh edərkən bildirib ki, islamofobiya Böyük Britaniyada getdikcə daha çox görünən və zorakı hal alan prosesə çevrilir və məscidlərə heyrətamiz dərəcədə tez-tez hücumlar edilir. Hazırkı böhran qəbuledilməzdir və təcili tədbirlər görülməlidir. Əhməd qeyd edib ki, təxminən 4 milyon müsəlman ölkədə özlərini hər kəs qədər təhlükəsiz hiss etməlidir. “Bu hesabat hər kəs üçün həyəcan siqnalı olmalıdır. Vəziyyət daha da pisləşib və biz bir ölkə olaraq vəziyyəti normal məcraya qaytarmalıyıq”.
Rizvan CƏFƏROV,
“Azərbaycan”