
Böyük qayıdışın budəfəki ünvanları Hadrut və Badaradır
2020-ci ildə tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsindəki misilsiz qələbəmiz Prezident İlham Əliyevin qətiyyətli siyasətini, xalqımızın, ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Ermənistanın kapitulyasiya aktı imzalamasından sonra əzəli torpaqlarımızda bərpa-quruculuq işlərinə başlanması, həmçinin ötən müddət ərzində əldə olunan uğurlar, nailiyyətlər dövlətimizin gücünün bariz göstəricisidir.
Zəfərdən sonra əsas hədəf işğaldan azad olunan ərazilərin bərpası və bölgəyə həyatın qaytarılmasıdır. Bu məqsədlə ilkin mərhələdə yollar, körpülər, enerji xətləri, su təchizatı sistemləri və rabitə şəbəkələri yenidən qurulur, “ağıllı” kənd və şəhər layihələri çərçivəsində müasir texnologiyaların tətbiqi ilə dayanıqlı yaşayış məntəqələri salınır. Quruculuq işlərinin davam etdiyi Qarabağ və Şərqi Zəngəzur hazırda möhtəşəm bərpa dövrünü yaşayır, bu yurd yerlərində həyat canlanır. Əzmi, qətiyyəti, müdrik siyasəti ilə torpaqlarımızı əsarətdən xilas edən Ali Baş Komandan düşmənin viran qoyduğu kənd, qəsəbə və şəhərlərimizin yenidən həyata qaytarılmasında şəxsən iştirak edir, onilliklər boyu yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkünlərin sevinclərini bölüşür.
Böyük qayıdışın birinci mərhələsi bitənədək Qarabağ və Şərqi Zəngəzurda 140 min nəfərin, 34 min 500 ailənin daimi məskunlaşması təmin ediləcək. Bu gün artıq 18541 keçmiş məcburi köçkün (4675 ailə) əzəli torpağına qovuşub.
Dünən daha iki yurd yerimiz doğma sakinlərinə qucaq açıb. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Xocalı rayonunun Badara kəndi ilk köç karvanını qarşılayıb. İlk mərhələdə Xocalı rayonunun Badara kəndinə Goranboy rayonundan – 8 ailə (28 nəfər), Bakı şəhərindən – 4 ailə (19 nəfər), Bərdə rayonundan – 1 ailə (4 nəfər), Gəncə şəhərindən – 1 ailə (4 nəfər) olmaqla cəmi 14 ailə (55 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə Beyləqan rayonundan – 4 ailə (17 nəfər), Bakı şəhərindən – 4 ailə (14 nəfər), Biləsuvar rayonundan – 1 ailə (6 nəfər), Abşeron rayonundan – 1 ailə (4 nəfər) olmaqla cəmi 10 ailə (41 nəfər) köçürülüb.
Xocavənd rayonunun Hadrutun Zəfərimizdəki yeri xüsusidir. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşmənin gözləmədiyi məqamda Hadruta yönəldi. Bu, müharibənin taleyini həll edən əməliyyat idi, çünki ordumuzun xüsusi təyinatlıları məhz bu istiqamətdən Şuşaya doğru irəliləməyə başladı.
Prezident tərəfindən təməli qoyulan qəsəbədə inzibati mərkəzin sahəsi 4,2 hektar təşkil edir. Bura inzibati bina, bələdiyyə binası və digər qurumların ofisləri daxildir. İnzibati əraziyə bütün yol infrastrukturu, kommunikasiya xətləri, o cümlədən işıq, rabitə və yüksəksürətli internet çəkilib. Yol və kommunikasiya xətlərinin ümumi uzunluğu 1100 metrdir. Qəsəbədə “Hadrut” Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib. Hadrutda Regional Tədris Kompleksi də yaradılıb. Mərkəzdə yerli və xarici təlim işçilərinin iştirakı ilə elektroenergetika sahəsində ixtisaslı kadrlar hazırlanacaq. Burada bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları öyrədiləcək. Real iş şəraitində təlimlər keçiriləcək.
Hadrutdakı yaşayış məhəlləsində birinci mərhələdə 28 ev tikilib. 1, 2, 3, 4 və 5 otaqlı evlərin sahəsi 70-120 kvadratmetr təşkil edir. Qəsəbədə 360 nəfərlik orta məktəbin binası əsaslı təmir edilib. Müasir avadanlıqlarla təchiz edilmiş məktəbdə 15 sinif otağı, idman və akt zalları, yeməkxana, kitabxana, üç laboratoriya, texnologiya və informatika otaqları var.
Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi, keçmiş məcburi köçkünlərin dədə-baba torpaqlarında təhlükəsiz və dayanıqlı məskunlaşması təkcə iqtisadi və infrastruktur baxımından deyil, həm də ideoloji, mənəvi və siyasi baxımdan da mühüm hadisədir. Azərbaycan gücünün və iradəsinin təcəssümü olan bu layihələr xalqımızın, dövlətimizin tarixinin yenidən yazılmasıdır.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”