LIVEPRESS.MEDIA xəbər verir ki, Bərdə rayonunda Zəfər Gününün 5 illiyi münasibətilə bayram konserti keçirilib.
8 Noyabr – Zəfər Günü ilə əlaqədar Bərdə Heydər Əliyev adına park-bulvarda Bərdə Rayon İcra Hakimiyyətinin və rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bayram konserti keçirilib. Konsertdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Xanlar Fətiyev, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və təşkilatların əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları 8 noyabr – Zəfər Gününə həsr olunan rayon ümumtəhsil, peşə və incəsənət məktəblərinin şagirdlərinin rəsm və əl işlərindən ibarət “Zəfər sərgisi” nə baxış keçiriblər.
Konsert qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, böyük cəsarəti və əzmkarlığı sayəsində Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbədən geniş söz açıb, Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.

Yüksək vətənpərvərlik, qələbə duyğuları və coşqu ilə keçən konsert proqramı izləyicilər tərəfindən böyük məmnunluq və razılıqla qarşılanıb.

