“Dəmir yumruğ”un yaratdığı ƏSL REALLIQ
Dünya böyükdür.
Bu böyük dünyada böyük haqsızlıqlar və ədalətsizliklər də baş verir!
Bu ədalətsizlikləri güclü dövlətlər edirlər!
Müxtəlif üsullarla, müxtəlif vasitələrlə, müxtəlif niyyətlərlə.
Bəzən öz niyyətlərinə çatmaq üçün birbaşa, açıq şəkildə hərəkət edir, bəzən isə əlaltılarını qabağa verərək özləri arxada dayanırlar.
Bu oyunbazlıqlar qısa müddətdə də davam edə bilir, hərdən isə onilliklərlə uzanır.
Nəticə eynidir:
* Uzaqgörən maraqlarını təmin etmək.
* Xalqların sərvətlərini əllərindən alaraq mənimsəmək.
* Hansısa dövlətə qarşı daimi təzyiq vasitəsi yaratmaq.
* İstənilən vaxt hərbi əməliyyatlara başlayaraq cızığından çıxan və ya çıxmaq istəyənləri cəzalandırmaq və s.
Bəzən müharibələr dünyanın xəritəsini dəyişir!
Sənin olmayanı səninki edir və ya səninkini əlindən çıxarır!
Güclülər, dünyaya meydan oxuyanlar həmişə güclü və imkanlı qalmırlar!
Bir zamanlar Makedoniyalı İsgəndər dünya ağalığı niyyətinə düşmüşdü!
Xeyli dövlətləri də işğal etdi!
İndi onun yaratdığı imperiya hanı?!
Bir zamanlar monqollar dünyaya qan uddururdular!
İndi qılıncla dünyanı özünə tabe etmək istəyən monqollar hanı?!
Hitler də dünya hökmranlığı niyyətinə düşmüşdü!
Aqibəti necə oldu?!
Rusiya da Sovetlər İttifaqı (SSRİ) adlı bir superdövlət yaradaraq on dörd dövləti “müttəfiq respublika”, “bərabər hüquq” adı ilə özünə birləşdirib hamısının taleyini özü həll edirdi!
Superdövlət sayılan SSRİ necə oldu?!
Dünya dəyişsə də, çoxsaylı yeniliklər baş versə də, bəzən iddialılar köhnə niyyətlərindən və köhnəlmiş üsullarından əl çəkmək istəmirlər!
Nəticədə xalqlar və dövlətlər belə iddialılardan əziyyət çəkirlər, böyük itkilərə və dağıntılara məruz qalırlar, insanlar dünyadan vaxtsız gedirlər.
O şeylərə ki sülhlə, əməkdaşlıqla, qarşılıqlı əlaqələrlə və ticarətlə nail olmaq mümkündür, onu qan tökməklə əldə etmək istəyirlər.
Bu isə heç həmin dövlətlərin özlərinə və xalqlarına da xoşbəxtlik və səadət gətirmir!
Sadəcə zamana ehtiyac var!
Dünya fatehlərinin və dünyaya ağalıq etmək istəyənlərin sonunu bir daha yada salaq!
***
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əlverişli geosiyasi mövqeyə, zəngin yeraltı və yerüstü sərvətlərə malikdir.
Çar Rusiyasının İranı məğlub edərək Azərbaycana sahib çıxmasından sonra buranın qara günləri başladı.
Türkiyəyə xəyanət edərək oradan qovulan, yurd-yuvası, vətəni olmayan, dünyanın müxtəlif ölkələrinə səpələnərək qaraçı həyatı yaşayan ermənilərin Azərbaycan ərazilərində yerləşdirilməsi və bizim torpaqlar hesabına onlara dövlət yaradılması buraların növrağını pozdu.
Əlbəttə, Rusiya erməniləri çox istədiyi üçün onlara dövlət yaratmırdı!
Həmin gündən onu öz əlaltısına, alətinə çevirirdi!
Cənubi Qafqazda yaradılan yeni dövlətin isə bir neçə təyinatı vardı.
Əvvəla, bu, Türkiyə əleyhinə idi və yeni dövlətin ərazisində qurulan rus hərbi bazası təhdid xarakteri daşıyırdı.
İkincisi, vassal dövlət türk dünyasına qarşı idi və türk dövlətlərinin quru yolla əlaqələrini kəsməklə onları bir-birindən ayırmaq, birliklərini parçalamaq niyyətini güdürdülər.
Üçüncüsü, bu, Azərbaycana qarşı idi, daim ölkəmizi təhdid altında saxlamaq, müstəqillik fikrinə düşən kimi cəzalandırmaq və ərazi qoparmaq, belə yağlı tikəni əldən buraxmamaq planından irəli gəlirdi.
Dördüncüsü, Ermənistan vasitəsilə bu bölgədə qalmaq, öz maraqlarını təmin etmək məkrindən irəli gəlirdi.
Beşincisi, belə vəziyyətdə istənilən vaxt Cənubi Qafqazda sabitliyi pozmaq, məkrli planları işə salmaq mümkün olurdu.
Ən nəhayət, burada daimi münaqişə ocağı yaratmaq, bu münaqişə vasitəsilə həm Ermənistanı, həm də Azərbaycanı təsir altında saxlamaq kimi hiyləyə hesablanmışdı.
SSRİ dağıldıqdan sonra iki əsr əvvəl bölgədə basdırılan gecpartlayan bombanın işə salınmasına ehtiyac yarandı.
***
Ermənistan bütün parametrlər üzrə Azərbaycandan qat-qat geridə qalan marionet dövlətdir.
Ərazicə bizdən qat-qat kiçik, əhalicə qat-qat az, təbii sərvətlər baxımından xeyli kasıb, coğrafi sarıdan isə istənilən zaman dalana salınacaq bir dövlət!
* Ermənistan heç vaxt bizə öz ağzı ilə hürməyib!
* Ermənistan heç zaman bizimlə təkbaşına müharibə aparmayıb!
* Ermənistan təkbaşına bizdən ərazi qoparmayıb!
* Ermənistan bizim torpaqları öz gücünə otuz il işğalda saxlamayıb!
Bunuları Ermənistan üçün dostları və havadarları ediblər!
Ermənilər pərpətöyün toxumu kimi bütün dünyaya səpələniblər.
Düşdükləri yerdə saylarını sürətlə artırır, əlbir hərəkət edir, hər ay pul ödəməklə müəyyən fond yaradır, bu fonddakı məbləğdən rüşvət verərək vəzifələrə keçir, dövlət məmurlarını, parlament üzvlərini satın alır, konqres və senatlarda, Avropa İttifaqı və AŞ PA-da öz xeyirlərinə qərarlar qəbul etdirir, prezident seçkilərində səslərini öz planlarını gerçəkləşdirə biləcək namizədlərə verir, bu yollarla olduqları dövlətlərin, yaşadıqları ölkələrin siyasətinə ciddi təsir göstərə bilirlər.
Müxtəlif ölkələrdəki erməni diasporları daim bir-birləri ilə əlaqə saxlayır, lazım gələndə əlbir hərəkət edirlər.
Buna dünya erməniliyi deyilir!
44 günlük Zəfər müharibəsində Azərbaycanın məğlubiyyətə uğratdığı ən böyük düşməni dünya erməniliyi idi.
***
* Azərbaycan niyə hərb variantına keçdi?
ÇÜNKİ:
* BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi dörd qətnaməni icra etmirdi!
* ATƏT-in Minsk qrupu sülh yaratmaq əvəzinə sülh danışıqlarını uzatmaqla Azərbaycanı işğalla barışdırmaq niyyəti güdürdü!
* Beynəlxalq hüquq ayaqlar altında tapdalanırdı!
* Beynəlxalq təşkilatlar yaxalarını kənara çəkərək münaqişə tərəflərinə “siz hansı qərara gəlsəniz, biz onu müdafiə edəcəyik” deyirdi!
* ATƏT-in həmsədr dövlətləri münaqişə tərəflərini sülhə gətirmək əvəzinə Ermənistanı açıq və gizli şəkildə dəstəklədilər, ona müntəzəm şəkildə maliyyə, silah-sursat yardımı göstərdilər, beynəlxalq təşkilatlarda maraqlarını müdafiə etdilər!
* İşğalçı dövlətə heç bir təsir və təzyiq göstərilmədi, ona qarşı sanksiya tətbiq olunmadı!
* Ermənistanın Baş naziri N.Paşinyan isə “Qarabağ Ermənistandır və nöqtə” deməklə sülh danışıqlarının mənasızlığını və həqiqi niyyətlərini ortaya qoydu!
* Üstəlik, Ermənistan Azərbaycana hədə-qorxu gəlməyə, “yeni müharibə yeni ərazilər olacaq” söyləyərək təhdid etməyə, Tovuz bölgəsində təxribatlar törətməyə başladı!
Bütün bunların nəticəsində Azərbaycanın öz ərazilərini hərbi yolla azad etməkdən başqa yolu qalmadı!
Bütün baş verənləri, habelə nəyi nə vaxt və necə etməyi hamıdan gözəl bilən Azərbaycan Prezidenti cənab İlham Əliyev hamının çoxdan gözlədiyi “İrəli!” əmrini verməli oldu!
Beləliklə, erməni azğınlığı və qudurğanlığı, torpaqları dinc yolla qaytarmaq istəməməsi səbəbindən İkinci Qarabağ müharibəsi başlandı!
***
Azərbaycanın yeni tarixinin başlanğıcı sayılan 44 günlük Zəfər müharibəsi heç zaman heç bir azərbaycanlının yadından çıxmayacaqdır!
Müzəffər Ali Baş Komandan İlham Əliyev bu müharibənin anonsunu hələ dördgünlük Aprel müharibəsində vermişdi.
Çox qısa müddətdə davam etsə də, düşmənə böyük itkilər yaşadan, bir sıra vacib strateji mövqelərin geri qaytarılması ilə nəticələnən hərbi əməliyyatların gedişi və nəticələri göstərdi ki, artıq Azərbaycan yeni ordu yaradıb, yeni silahlara sahibdir və yeni müharibə aparacaqdır!
Lakin ermənilər hələ də Birinci Qarabağ müharibəsinin eyforiyasını yaşayırdılar!
Hələ də özlərini “məğlubedilməz xalq”, ordularını isə “məğlubedilməz ordu” hesab edirdilər.
Həm də təkcə özlərinə güvənmirdilər!
Çünki Rusiya daim onlara kifayət qədər pulsuz silah-sursat verir, erməni diasporları maliyyə yardımı göstərir, dünya erməniliyi beynəlxalq qurumlarda maraqlarını qoruyurdu.
Ən əsası, belə hesab edirdilər ki, yeni müharibə başlayan kimi yenə 102-ci hərbi bazanın zabitləri köməyə gələcək, oradakı silahlar onların sərəncamına veriləcək, ən əsası, təkcə Rusiya deyil, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onların əvəzinə Azərbaycanla döyüşərək torpaqları işğalda saxlamalarında yardım edəcəklər.
Unutmuşdular ki, müharibə Azərbaycanın ərazisində gedir və Azərbaycan bu döyüşlərdə həm də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin də icraçısıdır.
Üstəlik, Azərbaycan yeni ordusu, yeni silahları ilə döyüşəcək, bu müharibə Birinci Qarabağ müharibəsinə bənzəməyəcək, yeni taktika və strategiya tətbiq olunmaqla XXI əsrin yeni müharibəsi aparılacaq, dünya müharibələri tarixində yeni səhifəyə çevriləcəkdir!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hərbi əməliyyatlar başlayan günü xalqa 27 sentyabr 2020-ci il tarixli müraciətində müharibənin siyasi-nəzəri aspektini aydın şəkildə göstərdi:
“Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır”.
Həm də son hədəfi də dəqiqləşdirirdi:
“Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?!”
Hərbi əməliyyatların ilk günlərindən Azərbaycan Ordusu həm Ermənistanı, həm də onların havadarlarını və müdafiəçilərini çaşbaş vəziyyətə saldı.
Ötən əsrin doxsanıncı illərində Ermənistan Rusiyanın ona bağışladığı və 102-ci bazadan əldə etdiyi zirehli texnika, top və “Qrad” qurğuları ilə silahsız Azərbaycanın yaşayış məntəqələrinə hücumlar edir, dinc əhalini daim atəş altında saxlamaqla vahimə yaradır, sonra isə soyqırımları törədərək kəndləri və şəhərləri boşaldırdılar.
Silahsız insanlara qarşı belə vəhşiliklər və qəddarlıqlar müdafiəsiz insanların canlarını götürərək qaçması, Qarabağın sürətlə boşalması ilə nəticələnirdi.
Ermənilər isə bunu şəxsi qəhrəmanlıqları, “məğlubedilməzlikləri” kimi başa düşürdülər.
İkinci Qarabağ müharibəsində isə daş qayaya rast gəlmişdi!
Ermənistan ordusu hücumu Ağdam-Laçın-Kəlbəcər istiqamətindən gözləyirdi…
Yerli relyefdən istifadə etməklə burada altıqat – “Ohanyan xətti”, dərin xəndəklər, səngərlər, mina sahələri, tikanlı məftillər, atəş nöqtələrindən ibarət müdafiə sistemi yaradılmışdı.
Düşmən elə ilk hücumdaca Azərbaycan Ordusuna ciddi tələfat yaşadacağını, sonra özü əks-hücuma keçərək darmadağın edəcəyini, Azərbaycan tərəfinin ondan aman diləyəcəyini və bütün şərtlərini qəbul edəcəyini gözləyirdi.
Sən öz saydığını say…
Azərbaycan Ordusu isə doxsanıncı illərin müharibəsini aparmırdı, Aprel müharibəsində başladıqlarını davam etdirirdi!
Ağdam istiqamətindən hücum görüntüsü yaratmaqdan ötrü böyük miqdarda canlı qüvvə saxlasa da, sərhəd boyu sürətlə irəliləyir, bir-birinin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını azad edirdi.
Təkcə yerdə döyüşmürdü!
Göydən erməni hərbçilərinin başına od yağdırır, PUA-lar və dəqiq artilleriya zərbələri ilə düşmənin atəş nöqtələrini, canlı qüvvəsini, zirehli texnikasını, silah-sursat anbarlarını göyə sovururdu!
Bu, əslində, İlham Əliyevin tətbiq etdiyi yeni strategiya və taktika, bütövlükdə isə XXI əsrin ən yeni müharibəsi idi!
Həm də bu müharibə təkcə hərb meydanında getmirdi.
Dünya erməniliyi bizə qarşı informasiya savaşı da açmışdı.
Dünya KİV-i, informasiya agentlikləri, telekanallar və qəzetlər Azərbaycana öz nümayəndələrini göndərir, əksəriyyəti ermənipərəst mövqedən çıxış edən müxbirlər isə qərəzli suallarla Azərbaycan haqqında mənfi rəy yaratmaq, həqiqəti təhrif edərək bizə qara yaxmaqdan ötrü əldən-ayaqdan gedirdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi əməliyyatlar dövründə otuzdan çox KİV və telekanal müxbiri ilə görüşərək onların suallarını cavablandırdı, feyk xəbərləri ifşa edərək əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı, bizə qarşı qərəzli və ədalətsiz olanları yerlərində oturdaraq onların öz tribunalarından istifadə etməklə real vəziyyəti konkret faktlarla açıqladı.
Otuz il ərzində Azərbaycan xalqının pozulan hüquqlarını görməyən, torpaqlarımızın işğalda qalmasının fərqində olmayan bir sıra dövlət başçıları isə dalbadal Azərbaycan Prezidentinə zənglər edərək hərbi əməliyyatların dayandırılmasını xahiş edir, təkid edir, hətta bəzən təhdidə belə keçirdilər…
Lakin bütün bunlar İlham Əliyevin polad iradəsini və qətiyyətini sarsıda bilməzdi.
Azərbaycan Prezidenti təkcə hərb meydanının deyil, informasiya və diplomatiya cəbhəsinin də əsl qəhrəmanına çevrildi!
***
Müharibə bir çoxunun da əsl simasını açaraq olduğu kimi göstərdi.
Hərbi əməliyyatlar başlayandan bitənədək Rusiyadan Ermənistana dayanmadan silah-sursat daşındı.
Guya bunun Rusiya dövlətinə dəxli yoxuymuş və hansısa erməniəsilli milyarder haradansa silah-sursat taparaq icarəyə götürdüyü təyyarələrlə Ermənistana çatdırırmış.
Lap xalq nağıllarında olduğu kimi…
Silah-sursat küçəyə tökülüb qalıbmış ki, hansısa bir erməni onları yığıb-yığışdıraraq ölkədən çıxarır və kimsənin bundan xəbəri olmur?..
İranlı “bəradərlərimizin” də səsi ucaldı.
Onlar təkcə öz səmalarını Ermənistana silah daşıyan təyyarələrin üzünə açmadılar, həm də “Ermənistanın sərhədlərinin pozulması” ilə bağlı bizə “qırmızı xətt” də elan etdilər!
Ən əsası, müharibə dövründə Qarabağda bizə qarşı vuruşan düşmən texnikasını yanacaqsız qoymadılar!
Fransa isə dəfələrlə BMT-də əleyhimizə qərarlar qəbul etdirməkdən ötrü çabalar göstərsə də, cənab İlham Əliyevin Qoşulmama Hərəkatına rəhbərliyi dövründə ölkəmizə qazandırdığı dostlar bu mənfur niyyətin qarşısını aldılar.
Azərbaycan Ordusu isə qəhrəmanlıqla vuruşaraq sürətlə irəliləyir, xalqımızın qisasını döyüş meydanında alaraq kənd və şəhərlərimizi geri qaytarırdı.
***
* Şuşanın Azərbaycan tarixində xüsusi yeri var.
* Şuşa bizim qədim, tarixi şəhərimizdir.
* Şuşa nəinki Azərbaycanın, bütün Qarabağın incisidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilmə xəbərini xalqımıza böyük sevinc, böyük qürur və fəxarət hissi ilə çatdırdı:
“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm”.
“28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq”.
Şuşanın azad olunmasının daha bir rəmzi mənası da vardı.
Ulu Öndər Heydər Əliyevin müqəddəs vəsiyyətlərindən biri də Şuşa ilə bağlı olub!
Xalqına müraciətində Müzəffər Ali Baş Komandan İlham Əliyev bu məqamı da xatırlatdı:
“Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Şuşanı azad etməklə Azərbaycan Ordusu qarşısına qoyduğu ən böyük hədəflərdən birinə çatmış oldu!
Əslində, bu həm də Ermənistan ordusunun mühasirəyə salınması demək idi!
Bundan sonra düşmənin təslim olmaqdan, ağ bayraq qaldıraraq yalvarmaqdan başqa çarəsi qalmırdı!
Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa ilə bağlı tarixi müraciətini artıq məşhurlaşan kəlamı ilə başa çatdırdı:
“Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
***
Artıq yeni yaradılan Azərbaycan Ordusunun qüdrətini, yeni texnologiyalara əsaslanan silahlarımızın dəqiqliyini və dağıdıcılıq imkanlarını müharibə meydanında görən, böyük itkilər yaşayan və on iki min əsgəri fərariyə çevrilən Ermənistan müharibənin dayandırılması, mühasirədə qalan iyirmiminlik ordusunun xilas edilməsi üçün havadarlarına yalvarır, kapitulyasiyaya hazır olduğunu bildirirdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin ilk tələbi bu oldu:
Ermənistan öz qoşunlarının Azərbaycan ərazisindən çıxarılması qrafikini təqdim etməlidir!
Azərbaycan Prezidentinin bütün şərtləri yerinə yetirildi və onun tələbləri əsasında Rusiya Prezidenti V.Putinin vasitəçiliyi ilə 10 noyabr 2020-ci ildə kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanat imzalandı.
***
Üçtərəfli Bəyanatın 2-ci və 6-cı bəndləri Ağdam, Laçın və Kəlbəcər rayonlarının geri qaytarılması ilə bağlı idi.
Ermənistan Laçın və Kəlbəcəri geri qaytarmaq fikrində deyildi.
Kəlbəcərə də ayrıca yol çəkərək özünə birləşdirmişdi!
Hər iki rayonu keçmiş DQMV-yə qataraq “Artsax” respublikası yaratmaq niyyətində idi.
Ağdamda isə ən çox müdafiə istehkamları quraraq, ən böyük mina sahələri yaratmışdı.
Lakin bu üç böyük rayonu bir güllə atılmadan geri qaytarmalı oldu!
2020-ci il noyabrın 23-də Ağdam şəhərinə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev əvvəlcə Ağdam məscidinə gəldi, oraya Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışladı, sonra məscidin qarşısında dayanaraq xalqa müraciət etdi.
Öz müraciətində münaqişənin tarixinə, ordu quruculuğuna, müharibədə qazanılan Zəfərə toxunan İlham Əliyev Ermənistanın işğalda və xalqımıza qarşı törədilən cinayətlərdə iştirak edən keçmiş başçılarına da həqarət dolu sözlərini dedi: “Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm”.
Erməni yenə erməniliyini göstərdi!
Laçın və Kəlbəcərin boşaldılması üçün bizdən vaxt alandan sonra yenə murdar xislətindən əl çəkmədi, yaşadığı evləri yandıraraq, meşələrə od vuraraq unitazını da qucağına alıb rədd oldu!
***
44 günlük Zəfər müharibəsinin son akkordları isə 2020-ci ilin 10 dekabrında Bakının baş meydanında keçirilən Qələbə paradında vuruldu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi Zəfər paradı.
İki qardaş dövlətin iki qardaş Prezidenti təbriklərini, ürək sözlərini Azərbaycan xalqına çatdırdı.
İlham ƏLİYEV:
“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir”.
“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.
Rəcəb Tayyib ƏRDOÜAN:
“Rəbbimə bizlərə bu günləri yaşatdığı üçün sonsuz şükür edirəm. Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuzillik həsrət sona çatmışdır. Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə, Allahın izni ilə, çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!”
Ermənistan uzun illər boyu bizi yeni reallıqlarla hesablaşmağa və barışmağa çağırırdı.
Azərbaycan isə bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəyini və öz ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına yol verməyəcəyini bildirirdi.
Zaman dəyişdi, “dəmir yumruq” yeni reallıqlar yaratdı.
Azərbaycanın şərtləri əsasında tərtib olunan sülh müqaviləsinin layihəsi 8 avqust 2025-ci ildə Vaşinqtonda Donald Trampın iştirakı ilə paraflandı.
Cənubi Qafqazın ən güclü dövləti və söz sahibi olan Azərbaycan bölgədə sülh və əməkdaşlıq olmasını istəyir.
Güclülər və haqlılar həmişə öz istəklərinə çata bilirlər!
Bəxtiyar SADIQOV