
Dini məsləhətlər verən çat-botlar
Dünyanın hər yerində insanlar dini mətnlər əsasında öyrədilmiş çat-botlardan istifadə edərək məsləhətlər alır, şəxsi suallara cavablar axtarırlar. “Bible Chat” kimi tətbiqlər artıq 30 milyon yüklənməni keçib, katolik tətbiqi “Hallow” isə qısa müddətdə “App Store”un zirvəsinə qalxaraq “Netflix”, “Instagram” və “TikTok”dan da məşhur olub. Dini süni intellekt platformalarına abunəliyin illik qiyməti 70 dollara çatır.
Süni intellektin dini sahələrdə tətbiqi artıq bir neçə ildir inkişaf edir. 2023-cü ildə Almaniyadakı Müqəddəs Pavel kilsəsində “ChatGPT”dən istifadə olunan təcrübi ibadət mərasimi keçirilib. Üç yüzdən çox insan kompüter avatarlardan 40 dəqiqəlik xütbəni dinləyib. Tədbiri təşkil edən teoloq Jonas Zimmerlein bunu insanların həyatında süni intellektin artan iştirakına uyğunlaşmaq üçün bir təcrübə adlandırıb.
Bir çox dini çat-botlar “ChatGPT” və “Gemini” ilə eyni dil modelləri üzərində işləyirlər. Şirkətlər onları dini mətnlər əsasında öyrədir və cavabların tənzimlənməsi üçün teoloqlarla məsləhətləşirlər. Qeyd etmək lazımdır ki, bu modellər istifadəçilərin hiss və ideyalarını təsdiqləməyə meyillidirlər. Çat-botlar insanların eşitmək istədiklərini təqdim edirlər, bu isə həssas insanlar üçün təhlükəli vəziyyətlər yarada bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”