Diplomat: Trans-Xəzər Qaz Boru Kəmərinin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq
Biz Trans-Xəzər Qaz Boru Kəmərinin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq. Bu kəmər vasitəsilə Türkmənistan Avropa bazarlarına və Türkiyəyə təbii qaz ixrac etmək imkanına malikdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok Aşqabadda türk iş adamlarının və mətbuatın iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, dünyada təmiz enerjiyə transformasiya, ölkələrin ekoloji cəhətdən təmiz enerjidən istifadə etmək istəyi və emissiyanın azaldılması istiqamətində atılan addımlar Trans-Xəzər Qaz Boru Kəmərinin çəkilməsini şərtləndirib.
“Qaz ixracı üçün yaradılacaq bu infrastruktur bütün iştirakçı tərəflər üçün səmərəlidir. Bu boru kəməri regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq və iqtisadi inkişafı təmin edəcək”, – deyə səfir vurğulayıb.
Diplomat Türkmənistanın böyük alternativ enerji istehsalı potensialına toxunaraq bildirib ki, Azərbaycan və Türkiyə tələbatdan artıq istehsal olunan elektrik enerjisini də Qərbə ixrac etmək funksiyasını öz üzərinə götürə bilər.