Donald Tramp şatdaunun bitməsi üçün demokratlarla sövdələşməyə getməyəcək
ABŞ Prezidenti “demokratların şantajına” təslim olmayacaq
ABŞ Prezidenti Donald Tramp ona müxalifət olan Demokrat Partiyasının şantajına təslim olmağı və federal hökumətin maliyyələşdirilməsinin bağlanmasına son qoymaq üçün razılığa gəlməyi planlaşdırmadığını bildirib. O, bu açıqlamanı CBS News telekanalına müsahibəsində verib.
Jurnalist qeyd edib ki, Tramp əvvəllər güzəştlər tapmaqda və bağlanmalardan yayınmaqda usta olub. “Mən bu işdə çox yaxşıyam.Amma bunu yolunu azmış demokratlar tərəfindən şantaj olunmaqla etməyəcəyəm. Bu insanlarda problem var”, – deyə Ağ Evin sahibi bildirib.
Eyni zamanda, Tramp bağlanmanın tezliklə başa çatacağına və ABŞ hökuməti üçün maliyyələşdirmənin bərpa olunacağına əminliyini ifadə edib. “Biz bunu həll edəcəyik. Nəticədə, onlar səs verməli olacaqlar”, – deyə Ağ Evin sahibi vurğulayıb.
ABŞ federal hökumətinin qismən bağlanması oktyabrın 1-də gecə yarısında maliyyə çatışmazlığı səbəbindən başlayıb. Bu, Konqresdəki hakim Respublikaçı və müxalifət Demokrat partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Demokratlar və Respublikaçılar bir-birini bağlanmanı təhrik etməkdə və siyasi məqsədlər üçün uzatmaqda ittiham edirlər.
ABŞ Konqresi yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyinə görə federal hökumət oktyabrın 1-dən etibarən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb (şatdaunBu, Konqresdəki hakim Respublikaçı və müxalifət Demokrat partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib.
Analitiklərin hesablamalarına görə, şatdaunun hər həftəsi ölkə iqtisadiyyatına 7 milyard dollara başa gələcək.
“Politico” isə bildirib ki, uzunmüddətli bağlanma nəticəsində ABŞ hər həftə ÜDM artımında 15 milyard dollardan məhrum ola bilər.
Qeyd edək ki, şatdaun zamanı dövlət qurumlarına pul xərcləmək qadağan edilir, əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilir, tibb işçiləri, sərhədçilər, hərbi qulluqçular, nəqliyyat işçiləri və s. ödənişsiz işləyirlər.
1977-ci ildən bəri administrasiya ilə Konqres arasındakı fikir ayrılıqları səbəbindən federal hökumətin maliyyələşdirilməsi 20 dəfədən çox dayandırılıb. Ən uzun müddət Donald Trampın birinci prezidentliyi zamanı, 22 dekabr 2018-ci ildən 25 yanvar 2019-cu ilə qədər, 35 gün olub.
Rizvan CƏFƏROV,
“Azərbaycan”