“Konstitusiya və Suverenlik İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətində bu il ali məktəblərə qəbul olan və birinci sinfə gedən şəhid övladları ilə görüş keçirilib.
Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tələbə adını qazanan məzunları, məktəb həyatının başlanğıcında olan birinciləri, onların valideynlərini və müəllimlərini təbrik edib. Gənclərə biliklərə dərindən yiyələnməyi, təhsil illərini yüksək göstəricilərlə başa vurmağı, Vətənə sadiq övlad olmağı arzulayıb.
Sonra dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Bildirib ki, Vətən uğrunda canlarından keçən şəhidlərin övladları xalqımıza əmanətdir və onların qayğısız böyümələri, təhsil almaları üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülür.
Ölkəmizdə təhsil sahəsində qazanılan uğurlardan danışan Müstəqim Məmmədov qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva təhsil sahəsini hər zaman diqqətdə saxlayır, bu sahənin inkişafı üçün öz töhfəsini verir. Təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır.
Görüşdə iştirak edən Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və Rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev tələbə adını qazanmış və ilk dəfə məktəbə qədəm basan şəhid övladlarını ürəkdən təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Bu il Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin qızı Nigar Əliyeva Bakı Dövlət Universitetinin Tarix fakültəsinə, 44 günlük Vətən müharibəsinin mülki şəhidləri Anar Quluyevin oğlu Elnar Quluyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin Neft-qaz mühəndisliyi fakültəsinə və Sabit Əsədovun qızı Fidan Əsədova Bakı Dövlət Universitetinin Qazax filialının Filologiya fakültəsinə daxil olublar. Vətən müharibəsi şəhidləri Allahverdi Səfiyevin qızı Məryəm Səfiyeva, Elnur Hüseynovun qızı Şəhanə Hüseynova və Elnur Abbaslının qızı Xanım Abbaslı isə birinci sinfə gedəcəklər.
Sonda ali məktəbə qəbul olmuş şəhid övladlarına Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən fəxri fərman və hədiyyələr, birinci sinfə gedən şəhid övladlarına isə məktəbli ləvəzimatları təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Lazım QULİYEV,
“Azərbaycan”