
Dünya səyyahları Ağdamda tarixi məkanları ziyarət ediblər – YENİLƏNİB
Dünya səyyahlarının Qarabağa səfəri davam edir.
AZƏRTAC xəbər verir ki, səyyahlar Cümə məscidini ziyarət etdikdən sonra, Ağdam Çörək Muzeyinin dağıntıları ilə tanış olublar. Məlumat verilib ki, muzey binası erməni vandalları tərəfindən dağıdılıb, eksponatları isə ya məhv edilib, ya da talan olunub. Dünyada ikinci belə muzey hesab edilən müəssisədə nadir arxeoloji tapıntılar — daşa dönmüş dənlər, əl dəyirmanları, qab-qacaq, qədim kitablar, əlyazmalar və əkinçilik alətləri (oraq, xış, taxıldöyən vərdənə və s.) toplanmışdı.
11:12
Oktyabrın 22-də ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılıq etdiyi dünya miqyaslı səyyahlar qrupu Qarabağa səfər çərçivəsində Ağdam şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, 8 ölkədən gələn xarici qonaqlar əvvəlcə şəhər gəzintisinə çıxıblar.
Sonra səyyahlar Cümə məscidi ilə tanış olublar. Məlumat verilib ki, 1868–1870-ci illərdə inşa edilmiş məscid digər tarixi-dini abidələr kimi erməni vandalizminə məruz qalıb: minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları isə tanınmaz vəziyyətə gətirilib. Erməni vandalları məsciddə mal-qara saxlayıblar. Ağdam işğaldan azad edildikdən sonra isə məscid Azərbaycan dövləti tərəfindən bərpa olunub.