Dünyanın ən böyük AES-nin fəaliyyəti yenidən dayandırılıb
Yaponiyada olan dünyanın ən böyük nüvə elektrik stansiyası işə salındıqdan bir neçə saat sonra fəaliyyətini dayandırıb. Bu barədə AES-in operatoru açıqlama verib.
Tokiodakı “Kaşivazaki-Kariva” nüvə elektrik stansiyasında reaktorun işə salınması proseduru zamanı həyəcan siqnalı çalınıb, lakin reaktor sabit qalıb. Bunu Tokio Elektrik Enerji Şirkətinin (Tepco) sözçüsü Takaşi Kobayaşi bildirib.
6 nömrəli reaktor çərşənbə günü, siqnalizasiya nasazlığı səbəbindən planlaşdırılandan bir gün gec yenidən işə salınıb. Bu, 2011-ci ildəki Fukuşima fəlakətindən bəri stansiyada yenidən işə salınan ilk reaktor idi.
On beş il əvvəl 9 bal gücündə zəlzələ zamanı Fukuşima nüvə elektrik stansiyasında sızma baş verib və bu, tarixin ən dəhşətli nüvə fəlakətlərindən birinə səbəb olub. Stansiyadan radiasiya sızması 150 mindən çox insanı evlərini tərk etməyə məcbur edib. Artıq təhlükəsiz olduqlarına dair zəmanətlərə baxmayaraq, onların çoxu geri qayıtmayıb.
Qəzadan sonra Yaponiya ölkədəki bütün 54 nüvə reaktorunu bağlayıb.
Cümə axşamı altıncı reaktorun bağlanmasından sonra Kobayaşi onun sabit olduğunu və ətraf mühitə heç bir radioaktiv təsir göstərmədiyini elan edib.
Reaktorun əvvəlcə çərşənbə axşamı yenidən işə salınması planlaşdırılırdı, lakin texniki problemlər işə salınmanı təxirə saldı.
Kobayaşi bildirib ki, Tepco hazırda hadisənin səbəbini araşdırır və reaktorun nə vaxt yenidən işə salınacağı məlum deyil.
Rizvan CƏFƏROV,
“Azərbaycan”