Ermənistan iqtidarı kilsə və revanşistlərə qarşı daha qətiyyətli addımlar atır
Ermənistanda iqtidar-kilsə qarşıdurması getdikcə daha da şiddətlənir. Yerli kilsə uzun illərdir ki, daha çox siyasi-ideoloji fəaliyyəti ilə diqqəti çəkir. Haqq, ədalət, barışıq yerinə, kin-küdurət, düşmənçilik toxumları səpməyə, nifaq salmağa cəhd edir.
Baş nazir Nikol Paşinyanla kilsə arasında mövcud olan və xeyli müddətdir davam edən qarşıdurma artıq açıq müstəviyə keçib. Hələ bu ilin may ayının sonlarından başlayaraq Erməni Apostol Kilsəsinin qanunsuz əməlləri ilə bağlı Ermənistanın Baş nazirinin sosial şəbəkələr üzərindən paylaşımları da bunu təsdiq edirdi.
Ermənistanda hakimiyyətə kimin gəlməsinə, ölkənin necə idarə olunmasına qədər bütün məsələlərə cid-cəhdlə müdaxilə edən kilsənin planları ilə Nikol Paşinyanın baş nazir vəzifəsinə gəlməsi üst-üstə düşməyib. Nəticədə Paşinyanın hələ hakimiyyətə gəlməsindən qabaq başlayan gərginlik səngiməyib.
Son illər Ermənistanın Baş nazirinin müharibədən bezən, sülh istəyən erməni qüvvələri ilə həmrəy olması da kilsə və revanşistləri narazı salan səbəblərdəndir. Çünki zaman keçdikcə onlar daha aydın görürlər ki, hakimiyyətdən narazı qüvvələri və Qarabağı tərk edən separatçıları səfərbər etmək, qarışıqlıq yaratmaq və vəziyyətdən yararlanmaq niyyətini gerçəkləşdirə bilməyəcəklər. Başa düşürlər ki, müharibədə məğlub olmuş Nikol Paşinyan hökumətini devirmək arzusunu reallaşdırmaq, bu məqsədlə qızışdıraraq küçələrə çıxardıqları kütləni idarə edən arxiyepiskop Mikael Ajapaxyan və arxiyepiskop Baqrat Qalstanyan kimi onlara da nəsib olmayacaq. Əksinə, hadisələrin gedişi göstərir ki, Ermənistan iqtidarı bu gün kilsə və revanşistlərə qarşı daha qətiyyətli addımlar atır.
Ermənistanda bu ilin iyununda ilk həbslər həyata keçirilib. Belə ki, iyunun 25-də “konstitusional quruluşu zorla dəyişdirməyə çağırış”a görə saxlanılan arxiyepiskop Baqrat Qalstanyana qarşı Ermənistan İstintaq Komitəsi tərəfindən “hakimiyyəti ələ keçirmə planı”nda iştirak etmək ittihamı irəli sürülüb.
Kilsə rəhbərliyinin ittihamlara “siyasi sifariş”, “dini azadlıqlara zərbə” donu geyindirmək planı baş tutmayıb. Çünki kilsənin siyasətlə dindən müqayisəedilməz dərəcədə çox məşğul olduğu, ölkədə qarışıqlıq yaratdığı, hakimiyyətə çevriliş cəhdləri göz önündədir. Odur ki, rəsmi İrəvan bu istiqamətdə növbəti tədbirlər həyata keçirməli olub. Oktyabrın 15-də təhlükəsilik qüvvələri Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyan da daxil olmaqla 13 din xadimini saxlayıb. Yepiskop da daxil olmaqla üç saxlanılan şəxs barəsində cinayət işi başlanıb. Onlara vətəndaşları ictimai toplantılarda iştirak etməyə məcbur etmə ittihamı ilə yanaşı, “Etibardan sui-istifadə etməklə özgənin əmlakını mənimsəmə, külli miqdarda və vəzifə səlahiyyətlərindən istifadə etməklə törədildikdə” və “Vəzifə mövqeyindən istifadə etməklə seçki hüquqlarının həyata keçirilməsinə mane olma” maddələri ilə ittiham irəli sürülüb. Erməni mediası hakimiyyətin ruhanilərə hücumunun bütün yeparxiyanı iflic vəziyyətinə saldığını yazıb. Erməni Apostol Kilsəsinin üç yeparxiyasının rəhbəri – Araqatsotndan Proşyan, Şirakdan Mikael Ajapaxyan və Tavuşdan Baqrat Qalstanyan hazırda həbsdədir. Ajapaxyan dövlət çevrilişinə çağırışa görə 2 il, Qalstanyan isə üsyan hazırlamağa görə 15 ilə qədər, kilsənin müdafiəsi üçün ilk çıxış edənlərdən biri olmuş, parlament müxalifətinin Paşinyanı sakitləşdirə bilməsə, başqa üsullara əl atacağını bəyan etmiş, hazırda Ermənistan hakimiyyəti tərəfindən dövlət çevrilişinə çağırışda suçlanan oliqarx Samvel Karapetyanı isə 5 ilədək həbs gözləyir.
Ermənistan hökumətinin qərarı ilə qondarma “erməni soyqırımı memorialı”nda aparılan təmir-bərpa işləri də qriqorian kilsəsinin və revanşist qüvvələrin əlində qarışıqlıq yaratmağa cəhd etmək üçün bəhanə olub. Ermənistandakı bəzi qüvvələr hökumətin qondarma “erməni soyqırımı kompleksini” bərpa adı ilə əslində, tamamilə məhv etmək istədiyini iddia ediblər. Ermənistan Memarlar Palatası bəyanat yayaraq, “erməni soyqırımı memorialında” davam edən bərpa işlərinin dərhal dayandırılmasını və yeni peşəkar qrupun yaradılmasını tələb edib.
Bu günlərdə Ermənistan parlamenti kilsənin təsis etdiyi “Şoqakat” telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Məlumata görə, bu addım ölkədə ictimai yayım statusuna malik telekanalların sayının azaldılmasını nəzərdə tutan qanun dəyişikliyi ilə əlaqədardır. Yeni qərara əsasən, kilsəyə və bir sıra ictimai təşkilatlara məxsus media qurumları ictimai yayım statusundan məhrum ediləcək. Bunun nəticəsində dini və mədəni proqramlar yayımlayan “Şoqakat” telekanalı fəaliyyətini dayandırmalı olacaq.
Qeyd etdiyimiz kimi, baş verən hadisələr fonunda iqtidarın qətiyyətli mövqeyi aydın görünür. Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, 2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir. O, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb: “Xeyr, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz”.
Ermənistan parlamentinin spikeri bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb: “O başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər”.
Bildiyimiz kimi, Nikol Paşinyana qarşı istifadə etmək üçün hər yola əl atan qüvvələrin indi ən böyük arzuları onun 2026-cı ildə keçiriləcək seçkilərdə məğlub olmasıdır. Hazırda kilsə bu istiqamətdə hərəkət edir, Paşinyanı nüfuzdan salmaq məqsədilə cəmiyyətdə geniş kampaniya aparır. Lakin Ermənistanda mövcud olan ab-hava və iqtidarın verdiyi məqsədyönlü qərarlar, həyata keçirdiyi tədbirlər deməyə əsas verir ki, kilsə və revanşist qüvvələr öz məqsədlərinə çatmayacaqlar.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”