
Etibarlı tərəfdaş və dost
Ruanda Prezidenti Pol Kaqamenin ölkəmizə səfəri ikitərəfli münasibətlərə təkan verəcək
Son illər ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biri də Afrika dövlətləri ilə əməkdaşlığın genişləndirilməsidir. Bu da həqiqətdir ki, Azərbaycanın Afrika qitəsinə yönəlik diplomatik fəallığı, qarşılıqlı siyasi dəstək, iqtisadi tərəfdaşlıq və humanitar layihələr çərçivəsində ciddi inkişaf mərhələsinə qədəm qoyub. Bu dinamika Azərbaycanın qlobal miqyasda artan rolunun və çoxtərəfli əlaqələr strategiyasının bir göstəricisidir.
1992-2012-ci illərdə Afrika dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətlərin qurulması ilə başlayan bu proses Bakının fəal xarici siyasəti sayəsində inkişaf edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə münasibətlərin daha da dərinləşməsinə imkan yaradıb. Ümumiyyətlə, Azərbaycanın Afrika siyasəti daha çox 2019-cu illərdən etibarən nəzərəçarpacaq dərəcədə canlanmağa başlayıb. Bu prosesdə BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda aparılan çoxşaxəli fəaliyyət əsas yer tutur. Xüsusən də Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik etməsi Afrika ölkələri ilə münasibətlərin yeni mərhələyə keçməsinə mühüm təkan verib. Sədrliyi dövründə Azərbaycan Afrika dövlətlərinin səsini beynəlxalq tribunalarda ucaldaraq onların inkişaf, ədalət və suverenlik çağırışlarına dəstək göstərib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan inkişaf etməkdə olan ölkələrlə həmrəyliyə xüsusi önəm verir və bu siyasət Afrika ilə münasibətlərdə öz real ifadəsini tapır.
Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşlərdə səslənən fikirlər, imzalanan 6 mühüm sənəd və dövlət başçılarının mətbuata bəyanatları səsləndirdiyimiz fikirlərin real təsdiqidir.
Öncə onu vurğulayaq ki, müxtəlif qitələrdə yerləşmələrinə baxmayaraq, fərqli tarixi və mədəniyyəti olan Azərbaycan ilə Ruanda arasında son illər ikitərəfli münasibətlər intensivləşir. Bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşılıqlı marağın olduğunu təsdiqləyir. Qarşılıqlı əlaqələr yalnız Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda deyil, həmçinin ikitərəfli görüşlər və layihələr çərçivəsində genişlənir.
Azərbaycan və Ruanda arasında diplomatik əlaqələr 2004-cü il mayın 28-də qurulub. Bu addım iki ölkə arasında münasibətlərin əsasını qoyub. Qeyd etmək lazımdır ki, uzun müddət ikitərəfli deyil, əsasən, çoxtərəfli platformalarda inkişaf edən əlaqələr son dönəmdə aktiv fazaya qədəm qoyub. Bakı ilə Kiqali arasında Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı dialoq üçün əsas platformalardır. Məhz bu təşkilatlar çərçivəsində Ruanda daim Azərbaycana dəstəyini ifadə edib. Bunun əyani sübutu Ruandanın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasının lehinə səs verməsi olub. Bundan əlavə, Ruanda COVID-19 pandemiyası dövründə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyib. Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin görüşü iki ölkə arasında münasibətlərin artan əhəmiyyətini bir daha vurğulayıb. Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və investisiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. “Commonwealth” təşkilatı çərçivəsində əməkdaşlıq, birgə İşçi Qrupunun yaradılması tərəflərin əlaqələrinin inkişafı istiqamətində məqsədyönlü addımlarını təsdiqləyir.
Azərbaycan ilə Ruanda arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində də inkişaf edir. 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində iki ölkə arasında imzalanan sənədlər əlaqələrin daha da şaxələnməsinə müsbət impuls verib. Son illər ərzində isə Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən kənara çıxaraq irəliləyib.
1992-2012-ci illərdə Afrika dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətlərin qurulması ilə başlayan bu proses Bakının fəal xarici siyasəti sayəsində inkişaf edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə münasibətlərin daha da dərinləşməsinə imkan yaradıb. 2019-cu ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı Misir, Əlcəzair, Konqo və Somali kimi Afrika dövlətlərinin rəhbərləri ilə yüksəksəviyyəli görüşlər üçün mühüm platforma rolunu oynayıb. Konqo Prezidentinin 2024-cü ildə ikitərəfli razılaşmaların imzalandığı səfər, həmçinin Somali və Qvineya-Bisau prezidentlərinin oxşar səfərləri də müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verib.
Ruanda Prezidetinin Azərbaycana səfərini dəyərləndirərkən İlham Əliyev bildirdi ki, bu səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək. Çünki Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. İki dost ölkə müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edir və hər zaman bir-birini dəstəkləyir. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman Azərbaycana dəstək verib. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Hər iki dövlət birmənalı olaraq BMT daxilində fəal əməkdaşlıq edir və bir-birinə qarşılıqlı dəstəyi artırır”.
Qeyd edək ki, Ruanda da Azərbaycan kimi soyqırıma məruz qalmış ölkədir. Fransanın Afrikada törətdiyi ən dəhşətli qətliamlardan biri də Ruanda soyqırımıdır. 1994-cü ildə baş verən bu terror nəticəsində milyonlarla insanın qətlə yetirildiyi bildirilir. Bu gün isə Ruanda-Konqo arasında münaqişə davam edir və Ruanda məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.
Ruanda Prezidenti Pol Kaqame məhz bu məsələyə toxunaraq bildirdi ki, hazırda Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları təqdirəlayiqdir: “Sizi ölkənizdə cərəyan edən bu inkişaf prosesləri münasibətilə təbrik etmək istəyirəm. Siz sülh prosesini sürətləndirəcək bir məsələ ilə məşğulsunuz. Mən Sizin ABŞ-də gəldiyiniz razılaşmanı – sülh razılaşmasını gördüm. Nəyə görə mən bu məsələni qabardıram, çünki biz də Ruanda və Konqo Demokratik Respublikası arasında özümüz üçün bir sülh sazişinə nail olmaq istəyirik. Lakin siz müəyyən hədəflərə çatmaq baxımından bizdən irəlidəsiniz. Odur ki, mən Sizi bu münasibətlə təbrik etmək istəyirəm”. Dövlət başçısı onu da qeyd etdi ki, ölkəsi bu gün Azərbaycanın sahib olduğu müasir texnologiyaların Ruandada tətbiq olunmasında maraqlıdır.
Beləliklə, prezidentlərin səsləndirdiyi fikirlərə, imzalanan sənədlərə əsasən deyə bilərik ki, Azərbaycanla Ruanda arasındakı münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ümumiyyətlə, hazırda Prezident İlham Əliyevin siyasi iradəsi və uzunmüddətli strateji məqsədlərə istiqamətlənmiş müdrik siyasəti nəticəsində Afrika qitəsi ölkələri ilə münasibətlərin daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi prosesi davam edir, bu əlaqələrdə ölkəmizin milli mənafeyinə uyğun yeni hədəflər müəyyənləşdirilib. Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və “ASAN xidmət” modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Xatırlatmaq yerinə düşər ki, hazırda Azərbaycanın qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Artıq Ruanda da Azərbaycanın Afrikadakı dostları sırasında yer alır.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”