
Fransa və Əlcəzair: Müstəqillikdən bəri ən böyük böhran
İki ölkə
arasında diplomatik çəkişmə uzanır, münasibətlər pisləşir
Fransa
hökumətindəki mənbələr Euronews telekanalına bildiriblər ki, Paris və Əlcəzair
arasında münaqişə keçmiş Fransa koloniyası 1962-ci ildə müstəqillik qazandıqdan
sonra “ən böyük diplomatik böhrana” çevrilib.
Keçən il
alovlanan Qərbi Sahara ərazisinin suverenliyi ilə bağlı mübahisələrdən
qaynaqlanan münaqişə Əlcəzair məhkəməsinin yazıçı Bualem Sansal və fransız
jurnalist Kristof Gleyzi həbs cəzasına məhkum etməsindən sonra daha da
pisləşib.
O vaxtdan
bəri vəziyyət daha da gərginləşib, hər iki ölkə diplomatların qovulduğunu elan
edib.
Avqust
ayında Fransa Prezidenti Emmanuel Makron Əlcəzair diplomatları və hökumət
rəsmiləri üçün daha sərt viza tələblərini tələb edərək, 2013-cü ildə imzalanmış
ikitərəfli razılaşmanı “artan miqrasiya çətinlikləri” səbəbilə
dayandırıb.
Bundan sonta
mübahisə Fransa sərhədlərindən kənara çıxıb: Daxili işlər naziri Bruno Retayyo
Şengen tərəfdaşlarına yeni məhdudiyyətlər barədə məlumat verərək, əlcəzairli
diplomatın İspaniyaya tətilə buraxılmamasına səbəb olub.
Oksford
Universitetinin Şimali Afrika tarixi professoru Ceyms Makduqal Euronews-a deyib
ki, bütün əlcəzairlilərə Fransaya vizasız giriş imkanı verən müstəqillik
müqaviləsi nəzərə alınmaqla, Əlcəzair diplomatlarının viza almalı olması
“utancverici və alçaldıcıdır”.
Paris və
Əlcəzair arasındakı gərgin münasibətlər Fransanın Şimali Afrikadakı
müstəmləkəçiliyinin birbaşa nəticəsidir.
Məsələ ilə
yaxından tanış olan keçmiş yüksək rütbəli fransız diplomat bildirib ki,
münasibətlər mürəkkəbdir, çünki keçmişi, tarixi, həm də gələcəyi nəzərə almaq
lazımdır.
Əlcəzairin
60 il əvvəl yüz minlərlə insanın ölümünə səbəb olan səkkizillik müstəqillik
müharibəsi və fransızların 130 ildən çox nəzarət etdikləri ölkədən qaçması hələ
də diplomatik döyüşlərdə əks-sədasını verir.
Müstəqillik
əldə etdikdən sonra Əlcəzair anti-müstəmləkəçilik və müstəqillik hərəkatlarının
mərkəzinə çevrilib. Bu gün Əlcəzair küçələrində Fələstin Azadlıq Təşkilatının
(FAT) və Qərbi Sahara müqavimət hərəkatı olan Polisario Cəbhəsinin ofislərini
görmək olar.
Qlobal
Məsələlər üzrə Yaxın Şərq Şurasının politoloqu və proqram direktoru Dalia
Ganemin izah etdiyi kimi, bu hərəkatları dəstəkləmək “milli psixikada dərin kök
salan və Əlcəzairin regional mövqeyini və ittifaqlarını formalaşdıran
fundamental məsələ” olaraq qalır.
2017-ci ildə
seçki kampaniyası zamanı yeni “siyasi autsayder” Emmanuel Makron Fransanın
Əlcəzairdə törətdiyi insanlığa qarşı cinayətlər haqqında danışaraq, məsuliyyət
və daha isti münasibətlərin yeni dövrünü vəd edib.
İki il sonra
milyonlarla əlcəzairli siyasi dəyişiklik tələbi ilə Afrikanın ən böyük
ölkəsində küçələrə çıxıb va yeni prezident seçilib.
Əbdülməcid
Tebbun ittihamlara cavab verərək, tarixi saxtalaşdırmağın yolverilməz olduğunu
deyib və əlavə edib ki, Fransa lideri “tamamilə mənasız bir şəkildə köhnə
münaqişəni canlandırıb”.
Əlcəzair
səfirini geri çağırıb və Saheldə “terrorla mübarizə əməliyyatları”
daxil olmaqla, öz hava məkanını müvəqqəti olaraq Fransız təyyarələri üçün
bağlayıb.
İndi, son
mübahisədən sonra hər iki tərəfdə ən yüksək səslər barışıqdan daha çox
eskalasiyaya çağırır.
Məsələn
fransalı sabiq diplomat deyir: “Əlcəzair ancaq gücü başa düşür. Odur ki,
onların kürəyini sığallamaq və dost olduğumuzu söyləmək əbəsdir”.
Əlcəzair
tərəfində də nə hökumət, nə də əhali güzəştə getmək niyyətində deyil.
Məşhur
Əlcəzair yazıçısı Kamal Davudun bu yaxınlarda qeyd etdiyi kimi: “Mən hər dəfə
gənc əlcəzairliləri görəndə bir daha əmin oluram ki, onlar Fransaya
müstəmləkəçilikdən əziyyət çəkən valideynlərimdən daha çox nifrət edirlər”.
Rizvan CƏFƏROV,
“Azərbaycan”