
Göz sağlamlığında yeni dövr
Süni intellekt keratokonusun proqressini proqnozlaşdırmağı öyrənib. Keratokonus, adətən yeniyetmələrdə və gənclərdə inkişaf edən və tədricən proqressivləşən buynuz qişa xəstəliyidir. Təxminən hər 350 nəfərdən birində bu xəstəliyə rast gəlinir. Yüngül hallarda keratokonus kontakt linzalar vasitəsilə nəzarətdə saxlanıla bilər, lakin vəziyyət sürətlə pisləşərsə, buynuz qişanı möhkəmləndirmək üçün ultrabənövşəyi işıq və B2 vitamini ilə aparılan krosslinkinq proseduru tələb olunur. Müalicə olmadıqda isə buynuz qişa transplantasiyası lazım gələ bilər.
Yeni sistem cəmi 1-2 müayinənin məlumatları əsasında 90 faizə qədər dəqiqliklə kimin erkən müdaxiləyə ehtiyacı olduğunu, kimin isə sadəcə müşahidə ilə kifayətlənə biləcəyini müəyyən edib. Sınaq zamanı süni intellekt alqoritmi 6684 xəstədən alınan 36673 görüntünü təhlil edib. İlk müayinənin məlumatları əsasında o, xəstələri 2 qrupa ayırıb. Birinci qrupun 2/3-si aşağı risk daşıyıb və müalicəyə ehtiyac olmayıb. İkinci qrupun 1/3-i isə yüksək riskli olub və krosslinkinqə ehtiyac duyub.
Alqoritmdən istifadə yüksək risk daşıyan xəstələrin görmə itkisini önləyərək onların profilaktik müalicəni daha tez almasına, aşağı riskli xəstələrin isə artıq müayinələrə getməməsinə imkan verəcək. Bu, təkcə müalicənin nəticəsini yaxşılaşdırmayacaq, həm də səhiyyə resurslarını ehtiyacı olan insanlar üçün azad edəcək.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”